Qusar məktəbliləri Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə maarifləndirici tur aksiyaya başlayıblar

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyalar keçirilir.

AzərTAc xəbər verir ki, avqustun 10-da Qusar rayonunun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün yola düşüb. Tur-aksiyada 40 şagirdlə bərabər, 5 müşayiətçi də yer alıb.

Şagirdlərin yola salınması mərasimi Qusardakı Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, təhsil  turizm şöbələrinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, dövlət başçısının tapşırığına əsasən, həyata keçirilən bu mühüm kampaniya ümumilikdə ölkəmizin 67 şəhər və rayonundan 14 minə yaxın şagirdi əhatə edir. Qusarlı şagirdlər Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə ekskursiya edərək bu bölgənin qədim tarixi, mədəniyyət abidələri, müasir park və xiyabanları, turizm obyektləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 7.