Britaniyalı deputat ermənilər tərəfindən Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların taleyindən narahatdır

 

Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, deputat Devid Liddinqtona məktubla müraciət edib. Bu haqda AzərTAc-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Məktubda deyilir ki, iyulun 15-də Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndində ermənilər tərəfindən saxlanılıb. Hər iki şəxs nə Ermənistan, nə də BMT tərəfindən tanınmayan, lakin ermənilər tərəfindən “sərhəd olduğuiddia edilən Dağlıq Qarabağ ərazisinə ailələrinin məzarını ziyarət etmək məqsədilə daxil olub. Hüquqi müdafiə ilə təmin edilməyən bu şəxslər erməni telekanallarında “təxribatçı” kimi qələmə verilib, indi isə bir mülki şəxsin və bir hərbçinin ölümündə ittiham olunurlar. Ailə üzvlərinin məzarını ziyarət etmək üçün Dağlıq Qarabağa daxil olmuş digər azərbaycanlı, Həsən Həsənovun Şaplar kəndindəki əməliyyat zamanı öldürüldüyü Ermənistan qüvvələri tərəfindən bəyan edilib.

Məktubda daha sonra deyilir: “Əminəm, Siz də razılaşarsınız ki, evini ziyarət etmək istəyən heç bir mülki şəxs bu şəkildə rəftar görməməlidir. Yəni saxlanılmamalı, yaxud öldürülməməlidir. Bu şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən zəruri yardım və konsulluq xidməti göstərilməsi vacibdir. Başa düşürəm ki, hazırda regionda həllini gözləyən daha böyük problemlər var. Lakin ümidvaram ki, Siz Böyük Britaniyaya dost ölkə olanbu yaxınlarda münaqişənin yenidən alovlandığı Azərbaycan üçün bu məsələnin həllinin və həmin şəxslərin doğma evlərinə qaytarılmasının nə qədər vacib olduğunu anlayışla qarşılayacaqsınız. Öldürüldü bildirilən Həsənovun məsələsi ilə də bağlı, ümid edirəm ki, Siz Dağlıq Qarabağda əsas söz sahibi olan Ermənistan hakimiyyətini onun ölüm faktını təsdiq etməyə, nəşinin ailəsinə qaytarılması və ölüm səbəbini araşdırmaq üçün bütün zəruri addımların atılmasına çağırarsınız.

Sizin cavabınızı gözləyir və ümid edirəm ki, Böyük Britaniya hökuməti məsələnin tezliklə həllinə səy göstərəcəkdir”.

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 1.