Azərbaycan-İran əlaqələri bölgədə sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir

 

Bu gün Azərbaycanın beynəlxalq arenada artan nüfuzu həyata keçirilən düşünülmüş xarici siyasətin nəticəsidir. Dünya ölkələrinin, beynəlxalq təşkilatların Azərbaycana olan marağının əsasında da dövlətimizə, xalqımıza olan hörmət və rəğbət hissləri dayanır. Bu, özünü qonşu İran İslam Respublikasının timsalında da qabarıq göstərir.

İki ölkə üçün tarixən mövcud olan dini, mənəvi və əxlaqi dəyərlər hər zaman birləşdirici faktor kimi çıxış edib. Qarşılıqlı hörmət, mehriban qonşuluq və səmimi dostluq münasibətlərini qoruyub saxlamaq hər iki dövlət üçün əsas şərtlərdən olub. Bunun nəticəsidir ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu günə qədər iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış və bir-birinin daxili işinə qarışmadan mehriban qonşuluq siyasəti yeridilmiş, həmçinin ərazi bütövlüyünə hörmətlə yanaşılmışdır. Azərbaycan - İran münasibətlərindəki səmimiyyət özünü təkcə mənəvi deyil, müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəni, ticarət və digər aspektlərdə də büruzə verir. Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü zamanı İranın doğma yurdlarından didərgin salınmış soydaşlarımıza dərhal humanitar yardım göstərməsi də iki xalqın qarşılıqlı hörmətindən irəli gələn amillərdir.

İran beynəlxalq tədbirlərdə də ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini hər zaman nümayiş etdirir. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarda  İran respublikamıza dəstək vermiş, ölkəmizin ərazi bütövlüyünün müdafiəsində və Dağlıq Qarabağın Azərbaycana aid olması istiqamətində  sənədlərin təsdiqlənməsində obyektivkonkret mövqeyini bildirmişdir. 2009-cu ildə isə İran  dövləti Azərbaycan vətəndaşları üçün  birtərəfli qaydada viza rejimini ləğv etmişdir.

Təbiidir ki, zaman-zaman iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, baş tutan səmərəli görüşləri ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin bu ilin aprelində İrana rəsmi səfər etməsi ilə ölkələrimiz arasındakı əlaqələrin inkişafında yeni mərhələ başladı. Prezident İlham Əliyev həmin səfəri zamanı İranda olmasından məmnun qaldığını diqqətə çatdıraraq demişdir: "Əminəm ki, mənim səfərim İran - Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək, cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Onu da qeyd etməliyəm ki, bu səfər mənim İrana üçüncü rəsmi səfərimdir. Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsinbuna nail olmaq üçün indi çox gözəl imkanlar vardır. Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur".

Azərbaycan Prezidenti iki ölkə arasında bütün sahələr üzrə  bundan sonra da əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyini bildirərək demişdir ki,  biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq və birgə səylərlə İran - Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq.

Təkcə dövlət başçılarının deyil, aryı-ayrı rəsmi şəxslərin qarşılıqlı səfərləri zamanı da ölkələrarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər görülür. Elə bu günlərdə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizin rəsmi şəxsləri ilə görüşməsi buna misaldır. Bu səfər çərçivəsində bir sıra tədbirlər - dövlət komissiyasının 9-cu iclası, Azərbaycan - İran biznes forumubir neçə rəsmi görüş keçirildi. Mahmud Vaezinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Azərbaycan ilə İran arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, neft daşımaları, gəmiqayırma, ticarət, bank sektoru, elm, idman və digər sahələrdə inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xatırladaq ki, Azərbaycan - İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümumilikdə dövlət başçılarının son 20 il ərzində 16 rəsmi və işgüzar səfəri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər ölkələrarası münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb.

Bu gün Azərbaycanda tikinti, ticarət, kənd təsərrüfatı, bank sektorları üzrə İran investisiyalı 441 şirkət fəaliyyət göstərir və xarici şirkətlərin sayına görə İran 4-cü yeri tutur. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 milyon ABŞ dolları məbləğində, qeyri-neft sektoruna isə 105 milyon dollar həcmində birbaşa investisiya yatırılıb. Təkcə 2013-cü il ərzində İranın Azərbaycanda əsas kapitala sərmayəsinin həcmi 158 milyon dollar təşkil edib.

Bütün bunlar onu göstərir ki, Azərbaycanla İran dostluq və qardaşlıq münasibətlərini, ikitərəfli əlaqələrin inkişafını bundan sonra da davam etdirəcək. Azərbaycanın 23 illik müstəqillik tarixində İran İslam Respublikası ilə münasibətlərində bir sıra məqamlarda  soyuqluq yaradılmasına cəhd edən bəzi  qüvvələr də olub. Öz mənfur hərəkətlərindən əl çəkmək istəməyən, əsas məqsədi millətlər və xalqlar arsında düşmənçilik toxumu səpməkdən ibarət olan bu qüvvələr müxtəlif vaxtlarda Azərbaycan - İran münasibətlərinə xələl gətirmək istəmişlər. Ancaq  iki ölkə rəhbərliyinin qarşılıqlı münasibətlərin və əməkdaşlığın genişləndirilməsi istiqamətində atdıqları qətiyyətli addımlar onların bəd niyyətlərini puça çıxarmışdır. Bu gün isə Azərbaycan - İran münasibətləri regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edir.

 

Elgün MƏNSİMOV

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 4.