Azərbaycan Soçi görüşünə böyük üstünlüklə getmişdi

 

Bu gün Ermənistan Azərbaycanın istənilən məsələdə irəliləyişindən böyük əziyyət çəkir

 

Avqustun 9-10-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi.  Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi əsas müzakirə mövzusu oldu. Görüşdə prezidentlər yenidən həmsədr ölkələrin yüksək səviyyədə təqdim etdikləri prinsiplərə sadiq olduqlarını təsdiqlədilər. Bu prinsiplər münaqişənin ərazi bütövlüyü, beynəlxalq hüququn normaları əsasında həllinin axtarılmasından ibarətdir.

Prezidentlərin görüşünün  nəticələri haqqında siyasətçilər, politoloqlar müxtəlif fikirlər söyləyirlər. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, son günlər cəbhə bölgəsində baş verən gərginlikdən sonra həmsədrlərdən biri ilk dəfə prezidentlərin görüşünü öz ərazisində keçirməyə qərar verdi. Rusiyanın bu təşəbbüslə çıxış etməsi təqdirəlayiq idi və həmin ölkənin bu addımı problemin həllinə təsir etmək imkanına malik olduğunu bir daha göstərir. A.Mirzəzadənin sözlərinə görə, Soçi görüşünün nəticələri tək Azərbaycan ictimaiyyətinin deyil, eləcə də bütün dünya ölkələrinin xalqları üçün maraqlı idi: "Dünyanın ağrılı və uzunmüddətli problemlərindən biri də Dağlıq Qarabağ münaqişəsidir. Təəssüf ki, bu problemin həlli dünyanın maraq dairəsində deyil. Avqustun əvvəllərində cəbhə bölgəsində baş verən vəziyyət nəzarətin itirilməsinə gətirib çıxarırdı. Rusiyada ilk dəfə idi ki, dövlət başçıları arasında görüşlər iki gün ərzində müxtəlif formatlarda baş tutdu. Məlum oldu ki, prezidentlər arasında qeyri-formal xarakterli görüşlər də olub. Təbii ki, Azərbaycan Soçi görüşünə mənəvi qalib kimi getmişdi. Yəni bu gün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü qəbul edir".

Deputatın fikrincə, bu gün Ermənistan nəinki müharibədən, ümumilikdə Azərbaycanın istənilən məsələdə üstünlüyündən böyük əziyyət çəkir: "Odur ki, prezidentlərin Soçi görüşünün nəticələrini pozitiv qəbul etmək olar. Rusiya Prezidenti Vladimir Putinin istər Azərbaycanın, istərsə də Ermənistanın dövlət başçıları ilə ayrı-ayrılıqda görüşməsi mövcud vəziyyətlə bağlı tərəflərin mövqeyini ortaya qoymağa kömək etdi. Lakin Qarabağ dalğası üzərindən hakimiyyətə gəlmiş erməni qrupu bu gün vəziyyətdən çıxış yolunu tapa bilmir. Bu baxımdan görüşün keçirilməsi, tərəflərin mövqeyini bildirməsi müsbət hal kimi qiymətləndirilməlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlamaya görə, görüşdə danışıqlar prosesinin davam etdirilməsi qərara alınıb. Bu da o deməkdir ki, yaxın gələcəkdə prezidentlər yenidən görüşəcək. Eyni zamanda yaxın tezliklə XİN rəhbərlərinin də görüşü qaçılmazdır".

Görüşün bundan sonra cəbhə bölgəsində gərgin vəziyyətə nə kimi təsir edəcəyi məsələsinə gəlincə, deputat əlavə etdi ki, erməni tərəfi hərbi gücünə görə Azərbaycandan zəif olsa da, provokasiyadan əl çəkmir: "Çünki Sarkisyanın siyasi hakimiyyəti ölkə daxilindəki heç bir problemi həll edə bilmir. Ona görə də bütün diqqəti sırf Dağlıq Qarabağ məsələsinə yönəldirlər. Ancaq həm Ermənistan, həm də Rusiya bilməlidir ki, Azərbaycan öz torpaq itkisinə əbədi dözmək, yaxud da münaqişənin həllinin sırf danışıqlara yönəldilməsinin tərəfdarı deyil".

Milli Məclisin deputatı Elman Məmmədov isə deyir ki, Soçi görüşündə Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən cinayətkar Serj Sarkisyanın danışığı onların BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini saymadıqlarını bir daha ortaya qoyur: "Nə qədər ki, Ermənistanda bu cinayətkar qurum hakimiyyətdədir, danışıqlardan müsbət nə isə gözləmək əbəsdir. Azərbaycan Prezidenti həmişə olduğu kimi, ədalətli, qətiyyətli və sərt mövqeyini ortaya qoydu. Bu, Azərbaycan xalqının iradəsidir, Prezidentin danışıqlarda apardığı siyasətdir, haqq yoludur. Prezident İlham Əliyevin rəhbərliyi altında mütləq torpaqlarımızı işğaldan azad edəcəyik".

Deputat eyni zamanda diqqətə çatdırdı ki, Ermənistan prezidenti heç zaman öz şəxsi fikrini söyləmir. S.Sarkisyana əvvəldən nə göstəriş verilirsə, elə də danışır. Bu isə onu bir daha təsdiqləyir ki, Ermənistan müstəqil dövlət deyil.

Azərbaycanın xarici siyasət kursunun əsas xətti isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası, uğurlu xarici siyasət kursu münaqişənin beynəlxalq hüquq normalarına, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair optimist qənaət yaradır. Məhz son hadisə və proseslər göstərdi ki, Azərbaycan istənilən təxribatların qarşısını almağaişğal edilmiş torpaqları azad etməyə qadirdir. Əlbəttə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Amma Ermənistan danışıqlara məhəl qoymayacağı, qeyri-konstruktiv mövqeyini davam etdirəcəyi təqdirdə ölkəmiz digər vasitələrlə öz ərazilərini işğaldan azad edəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 5.