Çırağı gur yanan Çıraxlı

 

Çıraxlı məkrli düşmənimiz olan Ermənistan silahlı qüvvələri ilə təmas xəttinə çox yaxın məsafədə yerləşən kiçik bir kənddir. Kənd özü kiçik olsa da, sakinlərində sözün həqiqi mənasında böyük ürək var. Vətənə sonsuz məhəbbətlə döyünən, ata-baba yurduna qırılmaz tellərlə bağlanan odlu bir ürək! İyirmi ildən artıq bir zamandır ki, burada gecələr körpələr güllə səsləri altında yuxuya gedirlər.

Cəbhədə atəşkəs elan edilsə də, hər gün Çıraxlıda güllə səsləri eşidilməkdədir. Şiddətli döyüşlərin getdiyi zaman erməni faşistlərinin atdığı top mərmiləri bu kənddə onlarla evi dağıdıb yerlə-yeksan edib. Bu qanlı savaşda kənd çox sayda şəhid versə də, ölüm qoxusu yurd sevgisini, vətən məhəbbətini üstələyə bilməyib. Əlbəttə, bu məsələdə cəbhə xəbərlərində adı tez-tez hallanan Çıraxlıya, eləcə də bütün cəbhə bölgəsinə dövlətin davamlı qayğısı, xüsusi diqqəti başlıca rol oynayır. Adamlar bu yetərli qayğıdan güc alır, kürəklərində dövlətin güclü əllərini hiss edib ürəklənir, daha mətin, daha cəsarətli olur, atəşkəsin atışmalarını da faşizmə yoluxan qonşuların içində baş qaldıran vahimənin, xofun ümidsiz çığırtısı kimi qəbul edirlər. Kənd sakinləri işlərindən, güclərindən qalmırlar. Bu gün Çıraxlıda hər hansı bir sosial problemdən söhbət gedə bilməz. Kəndə təbii qazın, elektrik enerjisinin verilməsində fasilələr yoxdur. Su təminatı sakinləri razı salır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 6-da Ağdama gerçəkləşən səfəri erməni təxribatının qanlı nəticələr verdiyi son hadisələrin geniş müzakirə mövzusuna çevrildiyi bir zamanda bütün cəbhə bölgəsində, o cümlədən Çıraxlıda da böyük rezonans doğurmuş, əhalidə dövlət başçısının yeritdiyi müdrik siyasətə, bir daha bəyan etdiyi prinsipial mövqeyə olan yenilməz inamı daha da artırmışdır. Böyük qələbənin tezliklə gerçəkləşəcəyinə Ağdama, Şuşaya, Laçına və bütün işğal altında olan rayonlara dönüşün mütləq reallaşacağına artıq  heç kəsdə şübhə  yeri qalmamışdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə "N" saylı hərbi hissədə olmuş, təmas xəttində yerləşən hərbi hissənin əsgər və zabitləri ilə görüşmüş, sonra Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 632 ailəlik yeni qəsəbənin açılışında iştirak etmişdir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgər və zabitlər qarşısındakı çıxışında demişdir: "Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri yerlə-yeksan ediblər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün  şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daim bizdə olacaqdır".

Dövlət başçısının bəyan etdiyi bu birmənalı və prinsipial mövqe münaqişənin həlli istiqamətində yeni və fərqli bir dövrün başlandığını şərtləndirir, nəinki bölgədə, eləcə də bütün ölkə əhalisində böyük ruh yüksəkliyi yaradır, qisas anını səbirsizliklə gözləyən millətin döyüş ruhunu müqayisə edilməz dərəcədə artırır.

Bu gün kiçik Çıraxlı kəndində də dövlət başçısının cəbhə bölgəsinə gəlişindən və bəyanatlarından doğan yüksək əhval-ruhiyyə  yaşanmaqdadır. Ağdam Rayon İcra Hakimiyyətinin Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Məmmədovla birlikdə kəndi gəzirik, kənd sakinləri ilə danışırıq, güzəranları ilə maraqlanırıq.  Hamının ürəyi qələbə eşqi ilə döyünür, hamının qəlbində dövlətimizin gücünə, qüdrətinə böyük inam var.

Ərazi nümayəndəliyi Əhmədağalı, Mirəşəlli, Kolqışlaq və Çıraxlı kəndlərini əhatə edir. Düşmənlə təmas xəttinə ən yaxın kənd isə qeyd etdiyimiz kimi Çıraxlıdır.  119 təsərrüfatı əhatə edən bu kəndi təmas xəttindən təxminən 200 metr məsafə ayırır. Savaş zamanı 4 şəhid verən bu balaca kənd atəşkəs dövründə də itkilərə məruz qalmışdır. Kənd sakini Qənbər İsgəndər oğlu Aslanov mal-qara otararkən, Bəhmən Cəmil oğlu Bayramov kəndin arasında maşında gedərkən erməni snayperinin atdığı gülləyə tuş gəlmişdir. Kiçik yaşlı Emin Süleymanov uşaqlarla kənd ərazisində oynayarkən minaya düşmüşdür.

Kənd əhalisini düşmən gülləsindən qorumaq üçün dövlətin qayğısı ilə təhlükə gözlənilən yerlərə etibarlı istinad divarları çəkilmişdir. Müharibədə erməni faşistləri tərəfindən dağıdılan evlər dövlət vəsaiti hesabına bərpa olunur. Artıq 30-a qədər ev bərpa olunmuşdur. Evi bərpa olunan kənd sakinlərindən biri Varya  Kərimova ürək sözlərini bizə deyir:

- Dar gündə, çətin anda öz vətəndaşına sahib çıxan bir ölkədə yaşamaq, vallah böyük xoşbəxtlikdir. Ermənilər evimizi, xoş günlər keçirdiyimiz  isti yuvamızı tar-mar etdilər. Həyat yoldaşım canından gileyli idi, baş verən ağrı-acılara dözməyib dünyasını vaxtsız dəyişdi. Üç qız böyüdüb köçürmüşəm. On dörd nəvəm var. Tez-tez məni yoxlayırlar, tək qoymurlar. Uzun illər tibb bacısı işləmişəm. İndi təqaüddəyəm. Öz gücümə evimizi bərpa etməyi ağlıma belə sığışdırmırdım. Mənim buna gücüm çatardımı? Dövlətimiz bunu etdi, mənə yaşamaq həvəsi verdi. Bu dövlətin başçısına necə minnətdar olmayasan? İndi Allaha şükür, firavan yaşayıram. Evimin hər cür rahatlığı var. Bu gün bir ana kimi məni yalnız intiqam düşündürür.  Şəhid olan gənc övladlarımızın qanı yerdə qalmamalıdır. Biz analar Prezident İlham Əliyevə çox inanırıq. İnanırıq ki, o bizi istəyimizə qovuşduracaqdır.

Çıraxlının başqa bir sakini, məşhur "Qarabağ  bülbülləri"ndən biri olan İlhamiz Paşayevlə söhbətimizi də çətin ki, nə vaxtısa yaddan çıxaraq. Dili nəğməli, ürəyi qubarlı ata bu günlərdə oğlu Hacıbabanı hərbi xidmətə yola salıb. İsrarla bizi evə dəvət etsə də, vaxt azlığından, elə ayaq üstdə, güllələrin, qəlpələrin deşik-deşik etdiyi dəmir həyət qapısının yanında söhbət etdik:

- Bu gün Ağdam camaatında yüksək əhval-ruhiyyə var, Prezident İlham Əliyevin rayonumuza səfəri bizi çox ruhlandırır. Yaşından asılı olmayaraq hər kəs döyüşə atılmağa hazırdır. Mən bir əsgər atası kimi qürurluyam. Əlbəttə, oğul böyütmüşük ki, vətəni qorusun. Sağ olsun, nümunəvi xidmət edir. Ürəyimə damıb ki, torpaqlarımız uğrunda  savaşda gücünə, təpərinə çox güvəndiyim oğlum Hacıbaba da iştirak edəcək, əsl hünər göstərəcək, nəsihətlərimi unutmayacaqdır.

Çıraxlıda kiminlə görüşdüksə, həmsöhbət olduqca, hər kəsin qəlbində xoş müjdələrdən xəbər verən məşəlin alovlandığını gördük. Uşağı da, böyüyü də gerçək qəhrəman olan Çıraxlının çırağı bu gün işğal olunan torpaqlarımızı azad etmək ümidiylə daha gur yanır.

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2014.- 14 avqust.- S.5.