Azərbaycan sənayesi möhkəm bünövrəyə əsaslanaraq daha da inkişaf edir

 

Azərbaycanda böyük sənaye potensialının yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gələnə qədər Azərbaycan keçmiş sovetlər birliyinin xammal bazası funksiyasını yerinə yetirirdi. Ötən əsrin 70-ci illərində isə ulu öndərin gərgin əməyi sayəsində respublikamızda nəhəng sənaye müəssisələri fəaliyyətə başladı. Beləliklə, Azərbaycan yerli xammaldan son məhsul istehsal edən sənaye respublikasına çevrildi. Bu uzaqgörən siyasət Azərbaycanın sonrakı inkişafının bütün mərhələlərinə müsbət təsir göstərdi.

Həmin dövrdə yeni sənaye müəssisələrinin yaranması təkcə məhsul istehsal etmirdi. Bu, yalnız yeni yerlərinin açılması da deyildi, həm də müasir texnologiyalardan istifadə edən azərbaycanlıların intellektual cəhətdən inkişafının göstəricisi idi. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəmizə gələn xarici mütəxəssislər yerli kadrların bilik və bacarığına heyran olduqlarını söyləyirdilər. Bütün bunlar ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik sənayeləşmə siyasətinin uğurlu nəticəsi idi.

Bu gün Prezident İlham Əliyev həmin siyasəti müasir dövrün tələblərinə uyğun əzmlə davam etdirir. Son 10 ildə Azərbaycanda yüzlərlə yeni iriorta sənaye müəssisəsi tikilərək fəaliyyətə başlayıb. Yeni müəssisələrin bir çoxunun məhsulları ixrac olunurdünya bazarında analoji məhsullarla uğurla rəqabət apararaq özünə alıcılar tapıb. İndi ölkəmizin qarşısında inkişaf etmiş dövlətlər sırasına çatmaq kimi məqsəd var. Buna nail olmağın yolu isə ölkənin müasir texnologiyalara əsaslanan güclü sənaye potensialıdır. Hazırda ölkədə aparılan iqtisadi siyasətin başlıca hədəfi də budur. Bu baxımdan 2014-cü ilin "Sənaye ili" elan edilməsi təsadüfi deyil.

Məlumdur ki, Azərbaycanda iqtisadiyyatın ən üstüninkişaf etmiş sahəsi neft sənayesidir. Ölkənin keçmişindiki inkişafında bu sektor önəmli rol oynayıb. Hələ xeyli müddət bu sahə ölkə iqtisadiyyatında özünün aparıcı mövqeyini qoruyacaq. Bu, zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrə xas olan bir xüsusiyyətdir. Amma Azərbaycanda dövlət tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət bu imkandan yararlanıb qeyri-neft sənayesinin inkişafına xidmət edir. Qeyri-neft sənayesində ildən-ilə artan məhsul istehsalı da sübut edir ki, bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticə verir.

Danılmaz faktdır ki, sənayeləşmə çoxlu sərmayə yatırılmasını tələb edir. Kapital qoyuluşu həyata keçirilmədən yeni müəssisə yaratmaq, onun üçün avadanlıqlar almaq mümkün deyil. Bu gün Azərbaycanda sözügedən sahədəki problemləri qarşılamaq üçün dövlət kapital qoyuluşunda birbaşa investor kimi çıxış edir. Təkcə ötən il ölkə iqtisadiyyatına 26 milyard dollar sərmayə qoyulub  və Azərbaycan kimi kiçik bir ölkə üçün bu, rekord məbləğdir. Yatırılan sərmayənin 17,5 milyard dolları daxili investisiyalardır. Cari ilin birinci yarısında iqtisadiyyatın və sosial sahənin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artıb. Əsas kapitala qoyulan vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil edir.

Bu fakt dövlətin iqtisadi inkişafa, yeni sənaye və infrastruktur layihələrinə verdiyi əhəmiyyətin əyani göstəricisidir. Bundan əlavə, yeni sənaye və istehsal sahələrinin yaradılması, biznesin inkişafı üçün dövlət ötən 6 ay ərzində sahibkarlara güzəştli şərtlərlə 129 milyon manat kredit verib. Göstərilən bu qayğının nəticəsidir ki, ildən-ilə özəl sektorda məhsul istehsalı artmaqda davam edir.

Ölkənin sənayeləşməsində ən maraqlı cəhət innovasiyayönümlü yeni texnologiyalara üstünlük verilməsidir. Ötən ilin "İnformasiya-kommunikasiyatexnologiyalar ili"nin (İKT) elan edilməsi bunun əyani sübutudur. Yola saldığımız ildə ölkəmizdə İKT sektorunun artım tempi ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil etmişdir. Azərbaycan internet şəbəkəsinin sıxlığına görə MDB və Mərkəzi Asiyada liderdir. "İKT ili"nin ən böyük nailiyyəti isə "Azərspace-1" telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Bununla da Azərbaycan dünyada az sayda olan ölkələrin üzv olduğu  "kosmik klub"a daxil olub. Belə uğurlara yalnız iqtisadiyyatı güclü ölkələr imza ata bilər.

"Sənaye ili"ndə də ölkəmizin gələcək inkişafını müəyyən edən sənaye sahələrinə daha çox diqqət yetiriləcək. Tikiləcək yeni texnoparklar, sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələri, böyük sənaye kompleksləri ölkəmizin dinamik inkişafına yeni güc qatacaq.

Ölkədə sənaye istehsalının artırılması ilə bağlı texnoparkların yaradılması xüsusi əhəmiyyət daşıyır. Hazırda fəaliyyət göstərən Sumqayıt Texnoparkın qazandığı nailiyyətlər də bunu sübut edir. İndi əsas məsələ texnoparkların regionlarda fəaliyyətinə nail olmaqdır. Çünki bu, həm bölgələrin inkişafına təkan verər, həm də orada yaşayan yerli əhalinin məşğulluğunu təmin edər. Bu məqsədlə Gəncə və Mingəçevirdə, o cümlədən digər bölgələrdə yeni texnoparkların açılması istiqamətində müəyyən işlər görülür.

Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Bu il sənaye ilidir. Əlbəttə ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Həm xaricdən, həm daxildən investisiyaların cəlb edilməsi müsbət haldır. Biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik, yönəldəcəyik və bu məqsədlə yeni struktur islahatları göz qabağındadır. Texnoparklar yaradılır,  dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni, biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq. İnanmıram ki, indi hansısa bir ölkədə dövlət bu məsələlərlə bu qədər məşğul olsun".

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 16,9 milyard manat təşkil edib. Bu dövrdə sənayenin qeyri-neft bölməsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faizlik artım müşahidə edilib.

Sahibkarlığın inkişafı özəl bölmədəki məhsul istehsalında qazanılan nailiyyətlərdə aydın görünür. Belə ki, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,3 faizini təşkil edib. Ümumi istehsalın 93,4 faizi sənaye mallarının (əmtəələrin) istehsalı, 6,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına formalaşıb.

Bu ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 1,3 faiz artaraq 184,3 min nəfər təşkil edib, onların orta aylıq əməkhaqqı isə 11,2 faiz artaraq 707,9 manat olub. Əməkhaqlarının daha yüksək artımı emal bölməsinin, poliqrafiya fəaliyyəti, qida məhsullarının, içki, avtomobil, kağız və karton, rezinplastmas məmulatlarının, elektrik avadanlıqlarının, sair nəqliyyat vasitələrinin, geyim istehsalı, maşın və avadanlıqların təmiri və quraşdırılması və digər sahələrdə müşahidə edilib. Qeyri-dövlət sənaye müəssisələrində isə işçilərin orta aylıq əməkhaqqı 15,5 faiz artaraq 867,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatlarından da göründüyü kimi, ölkədə xüsusən qeyri-neft sənaye sektoru üzrə həm məhsul istehsalı, həm də bu sahədə çalışanların say və əməkhaqlarının artımında ciddi inkişaf tempi var. Heç şübhəsiz, bu temp "Sənaye ili"ndə nəinki qorunacaq, hətta sürətlənəcək və digər sahələri əhatə edəcək.

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 6.