Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində nəzərdə tutulan bütün işlər uğurla reallaşdırılır

 

Avqustun 13-də Bakıda Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının 20-ci iclası keçirilib.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin rəhbərliyi ilə keçirilən iclasda beynəlxalq əhəmiyyətli bu layihənin tikintisi ilə bağlı mövcud vəziyyət və digər məsələlər ətraflı müzakirə edilib.

Azərbaycanın nəqliyyat nazir Ziya Məmmədov jurnalistlərə müsahibəsində iclasın məhsuldar keçdiyini bildirib. Qeyd edib ki, BTQ dəmir yolu layihəsi çərçivəsində nəzərdə tutulan bütün işlər uğurla reallaşdırılır. Dəmir yolunun Gürcüstan hissəsində Türkiyə sərhədinədək çəkilməli olan 20 kilometrdən bir qədər çox məsafə qalıb. Bu hissənin tamamlanması üçün elə də ciddi problem yoxdur. "Hazırda reyslərin düzülməsi üçün işlər aparılır. Oktyabr ayında həmin hissənin tikintisi tamamlanacaq. Eyni zamanda, ilin sonunadək Axalkalaki stansiyasında aparılan işlər də başa çatdırılacaq. Beləliklə, biz Gürcüstan ərazisində üzərimizə düşən işin əsas hissəsini yekunlaşdırmış olacağıq" - deyə Z.Məmmədov vurğulayıb.

Azərbaycanın nəqliyyat naziri bildirib ki, ümumiyyətlə, gələn il Türkiyə ərazisində də tamamlama işləri həyata keçiriləcək və beləliklə, BTQ dəmir yolu istismara tam hazır olacaq. BTQ dəmir yolunun inşasının tamamlanması üçün ciddi problem qalmadığını deyən G.Kvirikaşvili diqqətə çatdırıb ki, Gürcüstan bu layihəyə xüsusi önəm verir. "Qarşımızda duran məsələlərin operativ həlli üçün bu cür görüşlərin keçirilməsi müsbət haldır. Ümid edirəm ki, uğurlu əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək. BTQ Gürcüstanın, Azərbaycanın və Türkiyənin iqtisadi inkişafına xüsusi töhfə verəcək, ölkələrimizi bir-birinə daha sıx birləşdirəcəkdir" - deyə G.Kvirikaşvili əlavə edib.

Sonda tərəflər arasında BTQ dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının 20-ci iclasının protokolu imzalandı.

Qeyd edək ki, bu ilin sonunadək BTQ dəmir yolunda ilk sınaq qatarın xəttə buraxılması, 2015-ci ildən isə yolun tam istismara verilməsi planlaşdırılır. Bu dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası TransavropaTransasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə AvropaAsiyaya birbaşa çıxışına imkan verəcək.

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 6.