Ən məhsuldar neft-qaz quyuları Azərbaycandadır

 

BP şirkəti dünyanın neft-qaz rayonlarında əməliyyatçılıq etdiyi layihələrdəki ən məhsuldar quyularını bəyan edib. Onların ən yüksək hasilatla işləyən 29-u haqqında keçən ilin hesabatının dərc olunduğu topluda məlumat verilib. Fərəhli haldır ki, həmin "rekord"çu quyuların 11-i Azərbaycanda, Xəzərin qoynundadır.

BP dünyanın 100-dən çox ölkəsində çalışır. Onun ən məhsuldar quyuları isə cəmi bir neçə rayonun payına düşüb. Bunlar Anqola, Meksika körfəzi, Asiya-Sakit Okean, İndoneziya, Trinidad və Azərbaycandır.

"Rekordçu"larının sayına görə bu sırada Azərbaycan liderdir. Ölkəmizdən sonra sırada ikinci yeri 6 yüksək hasilatlı quyusu ilə İndoneziya tutur. Asiya-Sakit okean ərazisində 4, Meksika körfəzinin və  Trinidadın hərəsində 3, Anqolada isə 2 belə quyu var.

Maraqlıdır ki, sözügedən quyular arasında da birincilik Azərbaycandakı - "Şahdəniz" qaz-kondensat yatağındakı quyuya məxsusdur. Bu, gündəlik hasilatı 46 min 985 barel neft ekvivalentinə bərabər olan quyudur. "Şahdəniz" ön sıraları əldən verməyərək ikinci üçüncü yerdə özü dayanır. Bu yerlərdə qərar tutan quyuların gündəlik hasilatı müvafiq olaraq 46 min 269 44 min 940 barel neft ekvivalenti təşkil edir. "Şahdəniz"in növbəti "rekordçu"su hər gün 42 min 950 barel neft ekvivalenti həcmində hasilatla işləyir. Yatağın ən məhsuldar quyularının siyahısını tamamlayan beşinci quyu da əvvəlkindən o qədər geridə qalmır. Onun gündəlik hasilatı 36 min 407 barel neft ekvivalenti qədərdir.

Xatırladaq ki, "Şahdəniz" zəngin qaz kondensat ehtiyatlarına malik bir yataqdır. Hazırda bu yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində karbohidrogenlər hasil edilir. Keçən ilin sonunda yekun investisiya qərarı verilmiş ikinci mərhələdən isə 2018-ci ildə hasilata başlanacağı gözlənilir.

BP-nin hazırda dünyada əməliyyatlar apardığı ən böyük yataqlardan biri "Azəri"dir. Mərkəzi, qərb şərq hissələrindən ibarət olan "Azəri" əslində öz qoynunda üç yatağı birləşdirir. BP-nin dünyadakı 29, o cümlədən Azərbaycandakı 11 sözügedən quyusunun 5-i məhz "Azəri" yatağındadır. Bunların da gündə ən çox neft verən ikisi "Qərbi Azəri"yə məxsusdur. Biri gündə 28 min 721, digəri 27 min 483 barel neft ekvivalenti həcmində hasilatla fəaliyyət göstərir. "Qərbi Azəri"nin daha bir quyusu siyahıda "Mərkəzi Azəri"dən olan iki "rekordçu"nun arasında dayanıb. Onun gündəlik hasilatı 26 min 474 barel neft ekvivalentinə çatıb.

"Mərkəzi Azəri"nin siyahıdakı bir cüt quyusuna gəldikdə isə deyək ki, onların biri gündə 26 min 677 barel neft ekvivalentinə bərabər hasilatla işləyir. Digərində isə bu göstərici 25 min 927 barel neft ekvivalentidir.

Sevindiricidir ki, budəfəki rekordçular sırasında "Dərinsulu Günəşli"nin quyusu da özünə yer alıb. Onun gündəlik hasilatı (26 min 445 barel neft ekvivalenti) "Mərkəzi Azəri"nin ikinci quyusunda olduğundan yüksəkdir.

Bu quyular qədim "qara qızıl" diyarı Azərbaycanın təkcə torpağının təkində deyil,  Xəzər dənizinə məxsus sektorunda da zəngin neft-qaz ehtiyatlarının olduğunu bütün dünyanın gözü qarşısında bir daha təsdiqləyir. Onlardan əldə edilən yüksək hasilat Azərbaycanın bu sərvətlərinin hələ uzun illər bol olacağından xəbər verir.

 

Flora SADIQLI

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 6.