Gəncliyimiz gələcəyimizdir

 

Gənclik hər bir millətin sabahı, taleyidir. Bu mənada fərəhlə qeyd etməliyik ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi-ictimai, sosial-iqtisadi, humanitar tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Ölkəmizdə demokratik cəmiyyətin və bazar iqtisadiyyatının bərqərar olduğu şəraitdə yüksək ixtisaslı, geniş dünyagörüşlü və yeniliklərə meyilli gənclərə böyük ehtiyac var. Bunun üçün onlar dünyaya açılmalı, müasir bilik və bacarıqlara yiyələnməli, yeni texnikatexnologiyalarla işləməyi bacarmalı, onları ölkəmizin inkişafı üçün səfərbər etməlidirlər. Təbii ki, bunları əldə etmək heçasan deyildir. Məhz bu sahədə gənclərə dəstək olmaqonlara zəruri şərait yaratmaq məqsədi ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilib. Bu proqram çərçivəsində gənclərimiz dünyanın ən qabaqcıl universitetlərində dövlət hesabına oxuyurlar. Xarici ölkələrdə təhsillərini bitirdikdən sonra onlar geri qayıdaraq əldə etdikləri yeni bilik və bacarıqları ölkəmizin inkişafı istiqamətində tətbiq etməyə başlayırlar. Qeyd edilən proqram Prezident İlham Əliyevin "Qara qızılın insan kapitalına çevrilməsi" təşəbbüsünün  reallaşmasının bariz nümunəsidir.

Gəncləri özlərini inkişaf etdirməyə həvəsləndirmək, istedadlılara əlverişli şərait yaratmaq üçünbir sıra tədbirlər görülür. 2011-ci ilin dekabrında təsis edilmiş Gənclər Fondu yarandığı gündən müxtəlif müsabiqələr keçirir və gənclərin təşəbbüslərinin artırılması sahəsində xüsusi rol oynayır. Həvəsləndirici tədbirlərdən biri kimi 2013-cü il iyulun 2-də Azərbaycan Respublikası Prezidenti tərəfindən  "Gənclər üçün Prezident Mükafatı" təsis edilib. Bu mükafat elm, incəsənət, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclər üçün nəzərdə tutulur.

Gənclərə dövlət tərəfindən göstərilən diqqətin digər bir bariz nümunəsi 2011-ci ildə Azərbaycan Respublikası Prezideninin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramıdır. Bu proqramın əsas məqsədi gənclər siyasətinin daha da inkişaf etdirilməsi, onların işlə təmini və digər sosial, iqtisadi problemlərinin həll edilməsidir.

Bu ilin iyun ayında Azərbaycan Gənclərinin VII Forumu keçirildi. 1996-cı ildə ilk dəfə Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş forumun əsas məqsədi gənclərin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxtregionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaqdır. Sonuncu forumda müxtəlif mövzular barəsində müzakirələr aparılmış, yeni təkliflər verilmiş, əvvəlki forumdan bu günədək aparılmış işlər barəsində hesabat təqdim edilmişdir. Həmçinin gənclərlə bağlı hüquqi tənzimlənmənin təkmilləşdirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin stimullaşdırılması, gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclərlə bağlı siyasətin həyata keçirilməsi üçün maddi-texniki bazanın təkmilləşdirilməsinə dair söhbətlər aparılmışdır.

Bu gün gənclər arasında ideoloji sərhədlər açılır, təcrübələr əldə edilir, yeni fikir və tövsiyələr nəzərə alınır. Gənclərin təhsil səviyyəsinin yüksəldilməsi və gələcəyin tələblərinə cavab verən gənclərin hazırlanması üçün bərabər imkanlar təmin edilir. Nəinki təhsil sahəsində, hətta bu günlərdə qeyri-formal təhsil sahəsində gənclərin inkişafının təmin edilməsi üçün müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Təhsil sistemində davamlı islahatlar aparılaraq müasir dünyanın tələblərinə cavab verəcək yeni nəsil yetişdirilir. Bunun üçün universitetlər, məktəblər müasir avadanlıqlarla təchiz olunur, müəllimlərin bilik səviyyəsinin artırılması üçün təkmilləşdirmə kursları təşkil edilir, xarici universitetlərlə qarşılıqlı əlaqə qurularaq tələbə, müəllim mübadilələri aparılır.

Təhsilini başa vuran gənclərimizin cəmiyyət həyatında rolunun artırılması, onların dövlət orqanlarında müxtəlif vəzifələrdə qulluq keçmələri üçünobyektiv, şəffaf və rəqabətə əsaslanan şərait yaradılmışdır. Belə ki, bu gün müxtəlif orqanlarda işə qəbul açıq müsabiqələr yolu ilə həyata keçirilir ki, bundan da daha çox yararlanan gənclərimiz olur.

Mən də bir Azərbaycan gənci olaraq dövlətimizin bizə, mənəvi inkişafımıza göstərdiyi diqqət və qayğını həmişə hiss etmişbundan faydalanmışam. 2009-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam. 2013-cü ildə bakalavr mərhələsini fərqlənmə diplomu ilə bitirdikdən sonra dəniz və enerji  hüququ üzrə magistraturaya qəbul olmuşam. Bu ixtisas yəqin ki, çoxlarına yaddır. Çünki Azərbaycanda ilk dəfə 2013-cü ildə dəniz və enerji hüququ üzrə ixtisasa qəbul həyata keçirilmişdir. Dəniz və Enerji Hüququ üzrə Magistr proqramı BDU-nun təşəbbüsü ilə yaradılıb, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilib və Amerika Hüquqşünaslar Assosiasiyasının yardımı ilə formalaşdırılıb.

Sevinirəm ki, ilk dəfə tədrisinə başlanmış Dəniz və Enerji Hüququ üzrə Magistr proqramının tələbələrindən biri oldum. Artıq ilk günlərdən ixtisasa verilən diqqət özünü göstərirdi. Tədris ili başlamamışdan öncə qəbul olunmuş tələbələr üçün hazırlıq kursu təşkil edildi. Bu kursda, bizə öz sahələri üzrə ixtisaslaşmış müxtəlif şəxslər tərəfindən mühazirələr oxundu, ilkin anlayışlar başa salındı. Tədris müddətində isə bizə xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış yerli və əcnəbi müəllimlər tərəfindən interaktivdaha çox praktiki məsələlər yönümlü təhsil verildi. Tədrisin ingilis dilində aparılması biliklərimizin inkişafında xüsusi rol oynayır. Həmçinin Tuleyn Universitetinin elmi bazası ilə təmin edilirik. Birinci təhsil ilinin sonunda bizə ABŞ-ın nüfuzlu universitetlərinin professorları tərəfindən iki həftəlik sürətləndirilmiş kurs keçirildi. Bu kursda da yüksək biliklər əldə etdik.

Bu ixtisasın dövlətimiz üçün hansı dərəcədə vacib olduğunu anlamaq heç də çətin deyil. Xəzər sahilində yerləşən Bakı önəmli liman şəhəri, Xəzər dənizinin özü isə enerji və sənaye mərkəzidir. Xüsusilə, Azərbaycanın dəniz və enerji sahəsində müxtəlif layihələrdə iştirak etdiyi bir vaxtda bu sahədə ixtisaslaşmış mütəxəssislərə böyük ehtiyac duyulur. Dəniz və Enerji Hüququ üzrə Magistr proqramının açılması bu yolda ilkinvacib addımlardan biridir.

Qeyd edilənlər bir Azərbaycan gənci kimi məni öz ixtisasıma daha dərindən yiyələnməyə həvəsləndirir, dövlətimizin inkişafı üçün məsuliyyətimi dərk etməyə vadar edir. Lakin dövlətimizə yararlı bir gənc olmaq üçün ixtisaslı mütəxəssis olmaq hələ kifayət deyildir. Bunun üçün ilk növbədə vətənpərvər, ölkəsini və xalqını sevən vətəndaş olmağı bacarmaq lazımdır. Əminəm ki, biz gənclər ən çətin vəzifənin - əsl vətəndaş olmaq vəzifəsinin öhdəsindən layiqincə gələcəyik!

 

Nəzrin MİRZƏZADƏ,

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistrantı

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 7.