Nə yaxşı ki, belə oğul böyütmüşük...

 

Hələ onda müharibə başlamamışdı, torpaqlarımız işğal olunmamışdı. Hələ onda Aqilin arzularına, istəklərinə köndələn zədə-zərbə dəyməmişdi. Çox şeylərə inanırdı. İnanırdı ki, təhsilini də bitirəcək, valideynlərinə də həyan olacaq, el-obasına da...

O yurd, o torpaq o tərəfdə qaldı. İndiki Ermənistanın Qarakilsə mahalının Urud kəndi - nə qədər ziyalının, görkəmli alimin vətəni, böyüyüb boya-başa çatdığı doğma ocaqdır. O yerin, o yurdun gözü yol çəkir - doğma övladlarının, vətən oğullarının yolunu. Bu yolu keçənlərdən biriAqil Quliyev oldu. Qarabağ savaşı başlayanda Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alırdı. Üçüncü kursu bitirəndən sonra müharibəyə yollandı, özü də könüllülər sırasında. Atası Sahib kişi deyir ki, onu fikrindən daşındırmağa cəhd etsək də, faydası olmadı. Cavabı belə oldu ki, əgər kiçik qardaşım Nəsimi könüllü cəbhəyə yollanıbsa, mən onu tək qoya bilmərəm. Gərək hamımız bir-birimizə dayaq olaq...

Aqil düşmənin hiyləgər və məkrli olduğunu yaxşı bilirdi. Uşaqlıqdan ermənilərin bəd əməllərinin, xəyanətlərinin şahidi olmuşdu. Hələ Qarakilsə mahalında yaşayanda erməni millətçiləri tərəfindən dəfələrlə ciddi mübahisələrə, münaqişələrə cəlb edilmişdi. Amma heç vaxt, heç vədə onları cavabsız qoymamışdı.

1988-ci ildə doğma yurdundan - Qarakilsə mahalından didərgin düşən minlərlə ailə sığınacaq üçün Azərbaycana üz tutdu. Yurdumuzun çox yerinə səpələndilər. Onda Aqil və ailə üzvləri Bakıda bir yataqxana küncünə sığındılar. Nə qədər çətin olsa da, dözüm göstərib yaşadılar. Müharibənin dəhşətli günlərində Aqil könüllülər sırasında birbaşa cəbhəyə yollandı. 45 nəfərlik döyüşçü ilə birgə Ağdam uğrunda döyüşlərə cəlb olundu. Kəşfiyyat taboruna rəhbərlik edən Aqil elə ilk günlərdən çevikliyi, cəldliyi, mərdliyi ilə seçilir, müxtəlif əməliyyatların yerinə yetirilməsində fərqlənirdi. Dəfələrlə ən çətin döyüşlərin sınağından çıxmışdı...

1992-ci ildə Aqil Quliyevi Xocalı ətrafında gedən döyüşlərə cəlb etdilər. Artıq tərəflər arasında güc tənasübü bir-birindən çox fərqlənirdi. Erməni separatçılarına Rusiyanın 366-cı motoatıcı alayı ciddi kömək edirdi. Ona görə də Aqilin rəhbərlik etdiyi döyüş briqadası bu müqavimətə tab gətirə bilmirdi. Əlacsız qalıb paytaxtdan - Bakıdan kömək istəyiblər. Amma nə qədər cəhd etsələr də, onların köməyinə çatan olmur. Dəfələrlə söz versələr də, əməl etməyi unudurdular. Paytaxtda oturanların başı vəzifə bölgüsünə qarışmışdı, Xocalı yada düşmürdü. Fevral ayının 25-də - soyuq qış gecəsində ağır döyüşlərin getdiyi ərazidə Aqil ayağından yaralansa da, düşmənə təslim olmur, onlarla erməni quldurunu susdura bilir. Bütün əzablara tablaşsa da, o gecə davam edən ağır döyüşdə Aqil həlak oldu. Amma son dəqiqəyə qədər inamından və qətiyyətindən dönmədi. Döyüş yoldaşları onun son sözlərini yaxşı xatırlayırlar: "Bizim döyüşçülərin sayı az olsa da, düşmənə nifrətimiz sonsuzdur, vətənə sevgimiz böyükdür. Ona görə də düşməndən çoxuq, güclüyük və axıra qədər vuruşmalıyıq. Biz qalib gəlməliyik".

Ölümlə əlbəyaxa çarpışmada da Aqil cəsarətini, sayıqlığını itirmirdi. Elə bil doğma vətənlə, torpaqla, dostlarla vidalaşmaq üçün kiçik bir möhlət umurdu. Nə yaxşı ki, döyüş dostları onun vida sözlərini bu gün də xatırlayırlar. Sağ qalanlar tez-tez Şəhidlər xiyabanına üz tutur, onun ruhu qarşısında sədaqət andı içirlər.

Atası Sahib kişi deyir ki, müharibə başlayandan mən övladlarımı - Aqili və Nəsimini az-az görürdüm. Bəzən cəbhə xəttinə gedib elə səngərdəcə onlara baş çəkirdim. Hər dəfə eyni sözü, eyni təsəllini eşidirdim: "Arxayın ol, ata. Biz dönəcəyik. Amma o vaxt dönəcəyik ki, düşmən ləyaqətli cavabını alacaq".

Doğrudan da, vətən belə oğulların gücünə, qüdrətinə, cəsarətinə güvənir. Yoxsa, bizim ümidlərimiz, arzu və istəklərimiz vaxtında-vədəsində göyərməz. Bu gün də səngərdə eyni ruh, eyni mübarizə davam edir. Düşmən yaxşı bilir ki, gec-tez bizim torpaqlarımızı tərk etməlidir. Hələ ki, danışıqlara, sülhə, diplomatik yollara inanırıq. İnanırıq ki, Azərbaycan dövləti təpərli siyasəti ilə beynəlxalq gücü öz tərəfinə çevirə bilib, onları tam inandırıb ki, biz bu savaşda yalnız öz halal haqqımızı, işğal olunmuş torpaqlarımızı tələb edirik. Amma düşmən əzəli niyyətindən əl çəkməsə, biz mübarizəni bir an belə dayandırmaq fikrində deyilik. Axı bu müharibədə Aqil kimi mərd oğullar, dəyərli övladlar itirmişik. Belə itkilərimiz o qədər çoxdur ki, sayıb-sadaladıqca qəzəblənirik, düşmənə nifrətimiz birə-beş artır. İnanırıq ki, onların qanı yerdə qalmayacaq, itkilərimizin əvəzi mütləq ödəniləcək. Aqilionun döyüş dostlarını əvəz edə biləcək yeni nəsil böyüyür. Onlar mərd oğullarımızın varisləri, davamçıları kimi yetişir.

Aqilin atası Sahib kişi yarımçıq qalan arzularından danışanda bir qədər kövrəlir, amma təsəllisi o olur ki, bu oğullar vətən səngərində, torpaq uğrunda şəhid oldular. Sahib kişi bir payız gününə toy tədarükü görürdü. Aqil tələsməsə də, valideynləri çox nigaran idi. Heç olmasa bircə oğlumuzun toyunu görsəydik... Sən demə, bütün bunlar qismət deyilmiş. Sahib kişinin çöhrəsində qürurun, dəyanətin izi-cizgisi açıq-aydın görünür. Övladlarından danışanda o qədər fərəh hissi keçirir ki, istər-istəməz ona şərik çıxmalı, həyan olmalı olursan. Özü demişkən, onun heç təsəlliyə də ehtiyacı yoxdur. Nə qədər sarsılsa da, fəxr edir ki, belə cəsarətli, təpərli oğullar böyütmüşük. Elə oğullar ki, vətənin çağırışına ürəkdən hay verdilər, onun müdafiəsinə qalxdılar. Ona görə də bu gün qürurla deyə bilirəm ki, bu torpaqda bizim qan izlərimiz var. Bu yerləri heç vaxt yağı düşmənə təslim etməyəcəyik...

Sahib kişi hər dəfə Aqilin adını daşıyan Bayıl küçəsindən keçəndə iftixar hissi keçirir. Dayanıb onun büstünə, lövhəyə yazılan adına baxır, onda çox şeylər xatırlayır. Aqilin uşaqlığını, gəncliyini, lap müharibəyə getdiyi günü... O qədər inamlı, təpərli idi ki... Nə yaxşı ki, belə oğul böyütmüşük. İtkilərimiz nə qədər çox olsa da, inamımız zərrə qədər də azalmır. Biz inanırıq ki, Azərbaycan öz güclü ordusu ilə işğal olunmuş ərazilərimizi sonuncu kəndinə qədər düşmən tapdağından azad edəcək. Hələ ki danışıqlar gedir. Amma bütün bunlara baxmayaraq, biz hər qarış torpaq uğrunda sona qədər mübarizəmizi davam etdirəcəyik. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Biz öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdır. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirikbiz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq".

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan. - 2014.- 13 avqust.- S. 5.