Şamaxı: intibahın dan ulduzu

 

Şamaxı dövlətçilik ənənələri, tarixi salnamələri, şəxsiyyətləri ilə zəngin, füsunkar təbiətli qədim Vətən yurdudur. Təkcə Şirvan elinin deyil, Azərbaycanın  dövlətçilik tarixində əhəmiyyətli rolu olmuş Şamaxı zəngin keçmişə malikdir.

Qismətinə uğurlarla yanaşı fəlakətlər, faciələr yazılmış Şamaxı heç bir zaman mənən sınmayıb, şanlı tarixini, ənənələrini  dəfələrlə xarabazarlıqların külündən ucaldaraq göylərə qaldırıb, nikbin bir ruhla zamanın sınaqlarına qalib gəlib.  Şamaxını yerlə-yeksan edən hərbi yürüşlərdən,  aramsız zəlzələlərdən dirçəlməsinin sirrini tapmaq çətindir. Bu şəhərdə elə güclü zəlzələ olub ki, ölənlərin sayı 80 minə çatıb. 1918-ci ildə erməni-bolşevik cütlüyü tərəfindən törədilən soyqırımı bütün Şamaxı qəzasını əhatə edib. Vəhşiləşmiş  erməni-bolşevik quldur dəstələri kəndbəkənd azərbaycanlıları  amansızlıqla qırıb, talayıb, divan tutublar. İndi şəkildə gördüyünüz Cümə məscidinə günahsız insanları yığıb od vurub yandırıblar. Lakin bu şəhər yenə qalib gəldi! Mətin, iradəli, nikbin, daim elmə tərəqqiyə can atan insanlar faciələrdən sarsılmırlar.

Minlərlə insanın bir-birinə bağlılığı, müstəqilliyimiz dövlət başçısının xüsusi qayğısı bu əzabkeş şəhəri ölkəmizdəki intibahın dan ulduzuna çevirib.

Şirvanın ürəyi sayılan qədim Şamaxı  keçmişini qorumaqla yanaşı indi yeni intibah dövrünü yaşayır: sosial-iqtisadi infrastruktur yenilənir, tarixi abidələr bərpa olunur, şəhər kəndlər abadlaşdırılır, müasir, gözoxşayan binalar, müxtəlif təyinatlı obyektlər tikilir. Əlbəttə ki, belə şəraitdə insanların həyat səviyyəsi, maddi gəlirləri yüksəlir, gələcəyə inamları da möhkəmlənir...

 

Hafiz HƏSRƏTLİ

 

Azərbaycan. - 2014.- 10 avqust.- S. 7.