Vətən və Qarabağ sevgisi

 

Azərbaycanda uğurla reallaşan dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını reallaşdırmağa geniş imkanlar açıb. Bunun nəticəsidir ki, cəmiyyət həyatının ən müxtəlif sahələrində gənclərin xüsusi çəkisi ildən-ilə yüksəlməkdədir. Respublikamızda gənc nəslin inkişafına göstərilən dövlət qayğısı, onların fəaliyyətinin stimullaşdırılması həm də kreativ təşəbbüsləri və qabiliyyətləri ilə  fərqlənən gənc istedadların formalaşması ilə müşahidə olunur.

Belə gənclər ictimai həyatda gördükləri işlərlə, müasir həyatımızın çağırışları ilə səsləşən yaradıcı fəaliyyətləri ilə cəmiyyətimizə fayda verirlər.  Belə gənclərdən biri Qafqaz Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsinin məzunu olan Pərvanə Kərimovadır. Pərvanə Namiqqızı imzası ilə tanınan qəhrəmanım gənc yaşlarında olmasına baxmayaraq, artıq 9 kitabın müəllifidir. 17 yaşından Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Pərvanə Kərimovanın yaradıcılığını təşkil edən şeirləri, kiçik hekayələri əsasən Qarabağ türkçülük mövzusuna həsr olunub. 2012-ci ildə Qafqaz Universiteti ilə Türkiyənin Marmara Universiteti arasında imzalanan qarşılıqlı anlaşmaya əsasən təhsilini Türkiyədə alan Pərvanəni qardaş ölkənin yaradıcı mühitində də yaxşı tanıyırlar.

1992-ci ildə Ağdam rayonunda anadan olan Pərvanənin qəlbi uşaqlıq illərindən düşmən tapdağı altında sızlayan Qarabağın həsrəti ilə döyünür. Elə buna görədir ki, onun yaradıcılığının əsas hissəsi vətən sevgisinə, Qarabağ sevdasına köklənib. "Ağdamda görüşərik", "Xocalıdan gələn səs", "Bir sevda səslənir", "Türk-azəri şəhidləri" adlı kitablarında Qarabağın, doğulduğu Ağdamın işğalını, yurd həsrətini, Xocalı soyqırımını, şəhid ruhlarının harayını hayqıraraq dünyaya car çəkib. Qələmə aldığı sətirlərdə oxucusunu dərindən düşündürməklə, ona vətənpərvərlik hisslərini, milli-mənəvi dəyərləri aşılayıb. Hələlik sonuncu əsəri olan "Xocalıdan gələn var" kitabında oxuduqlarımız onun yurd yanğısından, Qarabağ sevgisindən ilham alan yaradıcılığının nə qədər həssas və düşündürücü olduğunu göstərir. "Qələmimlə vətənimizin taleyinə yazılmış, ancaq bir qədər unudulmuş illərinə işıq salmaq istəyirəm. Kiçik bir qığılcım közərtmək, uzaq illərin o üzündə gurlamış ocağımızın işartılarını tapmaq üçün böyük qəlbimlə, kiçik qələmimlə tarixin sızalmış ocaqlarının üstünə əyilmişəm. Mənim yurdumda, doğrudan da, tarixin çox soyuq yelləri əsib... Hiss edirəm ki, haradansa səslər gəlir, bu səs milyonların gur səsi, üsyan səsidir. Mənə qol-qanad verən qeyrətinə qurban olduğum oğullardır. Qəlbim deyir ki, tez ol, qələmə sarıl, başla deyir, yaz deyir".

Onun qələm məhsullarında vətənpərvər bir qızın ürək çırpıntıları var. Bu sətirlərdən bizə agah olan ürəyi yurd eşqi ilə döyünən bir gəncin mübarizə əzmidir. Onda doğma ellərə qayıtmaq arzusunun nə qədər güclü və nə qədər inamlı olmasının qələmin dili ilə ifadəsidir. Pərvanə Ağdamı görməsə də, nənəsindən eşitdiklərini xəyallarında canlandıraraq doğma yurdunu qarış-qarış gəzib, tanıyıb. Ağdam işğaldan azad olunmayınca ad gününü qeyd etməyəcəyini deyir. Çünki onun bir yaşının tamam olduğu gün Ağdam işğal olunub. Bu yurdsevər qız şeirlərinin birində atasına xitabən deyir:

 

Gəl hər il sən məni aldatma, ata,

Pərvanə ad günü istəmir daha.

Mən dünyaya gəldim

Yurd şəhid oldu,

Qızın şəhid olsun,

Vətən doğulsun!

 

Pərvanə Kərimova uşaq yaşlarından Bakıdakı T.İsmayılov adına Uşaq Gənclər Sarayında şeir ingilis dili dərnəklərinin üzvü olub, Azərbaycan Televiziyasının uşaq verilişlərində iştirak edib. Elə uşaqlığında xalqımızın böyük oğlu Heydər Əliyevi həyatda görmək bu dahi insanla həmsöhbət olmaq ona iki dəfə qismət olub. Ona görə ulu öndər Heydər Əliyevlə bağlı təəssüratları genişdir bu barədə həmişə ağızdolusu, sevə-sevə danışır. "Əbədi günəş" adlı kitabını da xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr edib. Bu kitabda Pərvanə Kərimova ulu öndər Heydər Əliyevlə görüşləri barədə ətraflı yazır. O, ilk dəfə Heydər Əliyevi Azərbaycan Televiziyasının uşaq verilişində iştirak etdiyi zaman görüb. Verilişi izləyən Heydər Əliyev sonda hamı ilə bir-bir görüşür. Növbə  Pərvanəyə çatanda ulu öndər deyir: "Sən bu uşaqların içində hamıdan balacasan. Yaxşı ifa etdin...". Onda Pərvanənin cəmi 5 yaşı vardı.

Pərvanənin Heydər Əliyevlə ikinci görüşü olduqca maraqlıdır. Bu görüş 2002-ci ildə Bakıda parkların birinin açılışı zamanı olur onunla Heydər Əliyev arasında maraqlı dialoq baş verir. Parka gələn Heydər Əliyev burada vətəndaşlarla görüşür. Bu zaman ulu öndərin onlara tərəf gəldiyini görən Pərvanə irəli çıxaraq Heydər Əliyevə xitabən ucadan: - Sizə bir bənd şeir demək istəyirəm, - deyir. Heydər Əliyev gülümsəyərək,  - De görüm, özün yazmısan?- deyə soruşur. "Bəli" - deyən Pərvanə şeiri söyləyir:

 

Heydər baba Günəşdir, biz onun zərrələri,

Ona səs verəcəkdir sevimli nəvələri.

Pərvanə Namiqqızı sülh şərqisin oxuyar,

Qarabağ çiçəyidir, öz yurdunda qoxuyar.

 

Balaca Pərvanənin şeir söyləməsi Heydər Əliyevin xoşuna gəlir deyir:

- Çox gözəl şeirdir. Neçədə oxuyursan?

- 4-də.

- Axı sənin yaşın çatmır mənə səs verməyə.

- Heydər baba, elə mən öz şeirimlə sizə səs verdim !

Pərvanəni bağrına basan ulu öndər Heydər Əliyev bu balaca qızcığaza gələcək həyat yolunda xeyir-dua verir, uğurlar arzulayır.

Qeyd etdiyimiz kimi, Pərvanə Kərimovanın yaradıcılığında türkçülük mövzusu da geniş yer tutur. Onun bu barədə qələmə aldığı şeirlər, o cümlədən "Türkiyənin pərvanəsi-Atatürk" kitabı türk ictimai fikrinə yaxşı tanışdır. Türkiyədə nəşr olunan "Təsvir", "24 saat", "Yeni söz", "Son söz", "Yeni gün" qəzetlərində neçə illərdir ki, yaradıcılığından nümunələr dərc olunur.

Hələ gənc olsa da, Pərvanə Kərimovanın yaradıcılığı ilə fəxr etməyə haqqı var. İndiyədək bir sıra dövlət qurumlarının mükafatlarını, diplom fəxri fərmanlarını alan bu gənc xanım Prezident təqaüdünə layiq görülüb. Lakin onun yaradıcılığının böyük hissəsi hələ qarşıdadır. Doğma yurdunun, Qarabağın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyən Pərvanə Kərimova deyir ki, ən gözəl şeirlərini o zaman yazacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 15 avqust.- S. 7.