Beynəlxalq ictimaiyyət Ermənistanı işğalçı siyasətə son qoymağa məcbur etməlidir

 

İşğalçı ölkənin qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə Azərbaycan ordusu öz qüdrətini göstərəcək

 

Azərbaycanda ordu quruculuğunun yüksək standartlara uyğun həyata keçirilməsinin, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasının prioritet vəzifələr kimi müəyyənləşdirilməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə işğal altında olan ərazilərin azad edilməsi ordunun üzərinə düşəcəkdir. Ermənistan hakimiyyətində bunu yaxşı anlayırlar və təlaş keçirirlər.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra əzəli torpağımız olan Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcək. Azərbaycan öz tarixi torpağı olan, tarixən azərbaycanlıların yaşadığı Dağlıq Qarabağın müstəqilliyinə və burada ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Bu, Azərbaycan dövlətinin prinsipial və dəyişməz mövqeyidir.

Dağlıq Qarabağ probleminin yoluna qoyulması ilə bağlı rəsmi Bakının təklifləri hələlik konstruktivdir. Bu ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı Ermənistanın hərbi qüvvələri zəbt etdikləri Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar. Öz ata-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız isə doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın gələcək statusu barədə danışmaq olar. Azərbaycan hələlik sülh danışıqlarına sadiqdir. Amma səbrin də bir həddi var. Bu mənada Prezident İlham Əliyevin istər ictimaiyyət nümayəndələri, istərsə də hərbçilərlə keçirdiyi görüşlərində Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial mövqedən çıxış etməsi və bu məqsədlə ordu quruculuğu ilə bağlı həyata keçirilən konkret tədbirlərdən, xüsusilə müvafiq yöndə əldə olunan uğurlardan danışması Azərbaycanın ərazilərini işğaldan azad etmək üçün kifayət qədər güclü potensiala malik olmasından xəbər verir.

İndiyədək danışıqlar prosesində hansısa nəticə əldə olunmasa da, Azərbaycan, hələ ki, vasitəçilərin problemi sülh yolu ilə həll etmək çağırışlarını nəzərə alır. Lakin ötən 20 ildə ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların heç bir nəticə verməməsi bu prosesin gələcəyinin olmadığını düşünməyə əsas verir. Ədalətli sülhə nail olmaq üçün Ermənistan BMT-nin, Avropa Şurasının və digər təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri sənədlərin tələblərinə, o cümlədən beynəlxalq hüquq normalarına əməl etməlidir. Beynəlxalq təşkilatların sənədlərində Ermənistandan işğal edilmiş Azərbaycan ərazilərini boşaltması tələb olunur. Beynəlxalq hüquq normalarında isə dövlətlərin ərazi toxunulmazlığı, hər kəsin öz torpağında yaşamaq hüququ kimi məsələlər öz əksini tapıb. Reallıq isə ondan ibarətdir ki, beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymayaraq Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan, həm də 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə salmaqla, onların öz torpaqlarında yaşamaq hüququnu pozub. Bütün bunlar sivil dünyanın gözü önündə baş versə də, təəssüf ki, indiyə qədər demokratiyadan, ədalətdən, insan hüquqlarından, beynəlxalq hüquq normalarından danışan beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Ermənistana "gözün üstə qaşın var" deməkdən sanki çəkinirlər.

İyulun sonu, avqustun əvvəllərində Ermənistan-Azərbaycan sərhədində və işğal olunmuş Azərbaycan ərazilərində qoşunların təmas xəttində erməni hərbi birləşmələrinin Azərbaycan ordusunun mövqelərinə basqını, mülki şəxsləri atəşə tutmaları göstərdi ki, terrorçu hakimiyyət tərəfindən idarə olunan Ermənistan işğalçı siyasətindən əl çəkmək niyyətində deyil. Eyni zamanda, Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin terrorçularsayağı verdikləri açıqlamalar da bu ölkənin işğalçılıq mahiyyətini bir daha ortaya qoydu.

Ermənistanın cəbhə xəttində törətdiyi hadisələr bu ölkəyə qarsı sanksiyaların tətbiq olunması məsələsini gündəmə gətirib. Münaqişələr və müharibələr zamanı beynəlxalq ictimaiyyətin ədalətsiz hesab etdiyi tərəfi siyasiiqtisadi sanksiyalar yolu ilə cəzalandırmasına dair kifayət qədər fakt mövcuddur. Ermənistanın da işğalçılıq siyasəti, Azərbaycan torpaqlarını zəbt etməsi, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymaması ona qarşı siyasiiqtisadi sanksiyaların tətbiq olunmasına əsas verir. Əgər Ukraynada baş verən hadisələrlə bağlı Rusiyanı ittiham edərək ciddi sanksiyalar tətbiq edilirsə, Ermənistan barədə də ciddi ölçü götürülməlidir. Amma Ermənistana münasibətdə bunu görmürük. Baxmayaraq ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib, Ermənistanda və işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Bu ölkə uzun illərdir ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, atəşkəsi mütəmadi şəkildə pozur və ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinmə və münaqişənin sülh yolu ilə həlli təkliflərini qəbul etmir.

Beynəlxalq miqyasda Ermənistanın cinayətkar əməllərinə, beynəlxalq hüququn normalarına məhəl qoymamasına göz yumulması davam edərsə, bu ölkəyə qarşı siyasi-iqtisadi sanksiyalar tətbiq olunmazsa, Azərbaycan dövləti özü beynəlxalq hüquq normalarından çıxış edərək işğalçını cəzalandıracaq. İşğalçı ölkənin qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə Azərbaycan ordusu qüdrətini göstərib öz sözünü deyəcək. Reallıq da ondan ibarətdir ki, Azərbaycan ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 10 avqust.- S.4.