Ağdamlılar dövlətin gücünə və ordunun qüdrətinə bir daha əmin oldular

 

Prezident İlham Əliyevin Ağdama səfəri bölgədə yüksək əhval-ruhiyyə yaradıb, döyüş ruhunu daha da artırıb

 

Bu gün ölkədəki ictimai fikrin mərkəzində cəbhə bölgəsində, torpaqlarımızın böyük bir hissəsini 20 ildən artıq dövrdə işğal altında saxlayan Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yaranmış durum yer alır. Atəşkəs rejimi qüvvədə olsa da, ermənilər öz faşist xislətlərinə uyğun olaraq yenə də qəflətən və xaincəsinə mövqelərimizə həmlə etmiş, qan tökülməsinə səbəb olmuşlar. Əlbəttə, bu, gözlənilən idi. Düşmənimizin xarakterindəki namərdlik burada qeyri-adi hansısa bir hadisə olduğu qənaətini arxa plana keçirir.

Yaşadığımız müharibə şəraitinin reallığı isə belədir: milli ordumuz Ağdam rayonu ərazisində düşmənlə təmas xəttində itki verdi, əsgərlərimiz qəhrəmanlıq nümunəsi göstərərək şəhid oldular. Ermənistan silahlı qüvvələri isə qat-qat artıq itkiyə məruz qaldı. Hər zamankı kimi, öz xalqının güclü etirazlarından qorxan Ermənistan rəhbərliyi bu dəfə də verdikləri itki barədə dəqiq məlumatları açıqlamadı. Amma fakt faktlığında qalır. Erməni faşistlərinin başladığı, beynəlxalq aləmdə də böyük əks-səda verən son döyüşlər mənfur qonşularımıza növbəti ağır zərbə oldu.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu ərəfədə Ağdama səfəri doğma el-obaya qayıdacağını səbirsizliklə gözləyən məcburi köçkünlərin istəklərinin tezliklə gerçəkləşəcəyinə olan ümidləri artırdı, xalqın onsuz da yüksək olan döyüş ruhuna yeni nikbin notlar verdi, Prezident-xalq birliyinin yenilməz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısı səfər zamanı cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə oldu, milli ordumuzun əsgər və zabitləri qarşısında çıxış etdi, Ali Baş Komandan döyüşdə fərqlənən cəsur əsgərlərə təşəkkürünü bildirdi. Onların şücaətini təltiflərlə dəyərləndirdi. Sonra Prezident İlham Əliyev Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınan qəsəbənin açılışında iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə unudulmaz tarixi görüş keçirdi.

Prezident İlham Əliyevin Ağdam rayonuna sayca beşinci olan bu səfəri diqqət çəkən çox fərqli məqamları üzə çıxardı. İnkar edilməsi mümkün olmayan bir həqiqətdir ki, ötən illər ərzində xalqın, o cümlədən ağdamlıların öz rəhbərlərinə olan inam, hörmət və ehtiramı müqayisəedilməz dərəcədə artmışdır. Əlbəttə, bu, səbəbsiz deyil. Qarabağ savaşında böyük itkilərlə üzləşmiş, ərazisinin dörddə üç hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, döyüşlərdə 5 min nəfərə yaxın şəhid vermiş, isti yuvasını, doğma ev-eşiyini itirərək məcburi köçkün kimi respublikanın bütün bölgələrinə səpələnmiş, bir müddət torpaq qazmalarda, yük vaqonlarında, çadır şəhərciklərində məşəqqətli illər yaşamağa məhkum edilmiş ağdamlılar sarsılmamış, sabaha olan ümidlərini itirməmişlər. Onlar yaşamaq üçün bütün azərbaycanlıların Prezidenti olacağına vəd verən dövlət başçısı İlham Əliyevin böyük qayğı və diqqətindən güc almışlar. On bir il əvvəl Bərdə rayonu ərazisində türk "Qızıl ay" çadır şəhərciyində ağdamlı məcburi köçkünlərlə görüşündə "Ölkədə bir dənə də çadır şəhərciyi qalmayacaqdır" deyən İlham Əliyev öz vədini layiqincə reallaşdırdı. Azərbaycandakı çadır şəhərcikləri dövlət başçısının iradəsi və davamlı qayğısı sayəsində artıq çoxdan tarixə qovuşmuşdur. Bizim xalqın özünəməxsus xüsusisyyətlərindən biriodur ki, sözübütöv kişiləri sevir, ona hörmət və ehtiramını gizlətmir. Prezident İlham Əliyevi ağdamlılara sevdirən ən əsas şərtlərdən biri də məhz elə budur! Sözünə sahib çıxan dövlət başçısının qayğısı sayəsində Ağdam rayonu ərazisində sayca artıq 18-ci qəsəbə istifadəyə verilmişdir. Əhalisi 190 min nəfər olan Ağdamın bizdə olan ərazisində artıq 90 min nəfər yaşayır. Bakıda, respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin doğma torpaqlara belə kütləvi şəkildə dönüşü rayon ərazisində salınan yeni qəsəbələr, burada yaradılan normal yaşayış şəraiti sayəsində mümkün olmuşdur. Avqustun 6-da Prezident İlham Əliyevin açılışında iştirak etdiyi yeni qəsəbə Ağdam rayonundan olan 632 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuşdur. Bütövlükdə 70 hektar ərazini əhatə edən qəsəbədə yaşayış evlərindən əlavə 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası da inşa olunmuşdur. Yeni qəsəbə içməli su, elektrik enerjisiqazla təmin olunub, müasir yol infrastrukturu yaradılıb. İndi maşın karvanları ilə yeni qəsəbəyə ailələr köçürülür. Təbii ki, yeni, mənzil alan ailələrin əhval-ruhiyyəsi yüksəkdir. Onlardan birinin, Bəsti Allahverdiyevanın ürək sözlərini dinləmək yerinə düşər:

- Ailəmiz 5 nəfərdən ibarətdir. Yeni qəsəbədə dördotaqlı ev almışıq. Elə hesab edirəm ki, yeni həyata qədəm qoyuram. Uzun illərdir ki, Dörd yol adlanan ərazidə yaşayırdıq. Ailəmiz yayın istisində, qışın soyuğunda illərdən bəri zülm çəkmişdir. Xəcalətdən uşaqların üzünə baxa bilmirdik. İndi sevincimizin həddi-hüdudu yoxdur! Xahiş edirəm ailəmizin minnnətdarlığını qəzetiniz vasitəsilə Prezident İlham Əliyevə çatdırın. İnsan kimi yaşamaq haqqına onun sayəsində çatdıq. Qoy böyük  Allahımız onu qorusun! Biz inanırıq ki, dövlət başçısı öz müdrik siyasəti ilə, istər sülh, istərsə də müharibə yolu ilə doğma Qarabağı işğaldan azad edəcək, böyük həsrətə son qoyub bizi yurd yerlərimizə qovuşduracaqdır. Biz həmişə olduğu kimi, yenə də öz Prezidentimizin yanındayıq. Yaşımızdan asılı olmayaraq hamımız Ali Baş Komandanın əmri ilə silaha sarılmağa, Qarabağ uğrunda döyüşlərə atılmağa hazırıq.

Bu gün Ağdamda yüksək əhval-ruhiyyə yaşanır. Mövqelərimizə hücum edib qəhrəman əsgərlərimizdən layiqli cavab alan, çox sayda itkilər verən ermənilərin miskin durumu yaxın gələcəkdə onları gözləyən ağır faciələrdən xəbər verir. Son hadisələrdə biz də şəhid verdik. Bu, müharibədir, qansız-qadasız ötüşmək olmur. Nikbinlik doğuran, qürur verən isə hadisələrə əhalinin yeni yanaşması, əvvəlki dövrlərdəkindən kəskin şəkildə fərqlənən münasibətidir. Bu günlərdə təmas xəttində  baş verən döyüşlərdə həlak olan əsgərlərdən biri ağdamlıdır. Biz bölgədə olarkən öyrəndik ki, yas məclisinin yeddisidir. Təbii ki, bu məclisdə iştirak etməyi, "Azərbaycan" qəzetinin kollektivi adından şəhid Qaryağdı Əhmədovun atası Eldar kişiyə başsağlığı verməyi özümüzə mənəvi borc bildik. Yas mərasimində müşahidə etdiyimiz qürur verən fərqli məqamlar, şəhid atası Eldar kişinin dilindən eşitdiyimiz bəzi fikirlər olmasaydı, heç əlavə şərhə ehtiyac duymazdıq. Yaxın keçmişdə şəhidlərin yas mərasimlərindəki mənzərə hər birimizin yaddaşındadır. Sanki qiyamət günü yetişirdi. Haray-şivən, ağlaşma, göz yaşları... Bəzi telekanalların, müxalifət qəzetlərinin yas mərasimlərindən verdikləri ürəkgöynədən, adamı sarsıdan, hər kəsdə ruh düşkünlüyü yaradan reportajların təsiri öz işini görürdü. Ağdamın Saybalı kəndindən məcburi köçkün olan, Quzanlı qəsəbəsində məskunlaşan Eldar Əhmədovun həyətində şəhid övladımız, 22 yaşı yenicə tamam olmuş Qaryağdı üçün keçirilən yas mərasiminin forması da, məzmunu da tamam fərqli idi. Burada yüksəklikdən asılan dövlət bayrağı da, mərasim iştirakçıları arasında gedən söhbətlərin məzmunu da, məclisin ümumi ab-havası da sözün gerçək mənasında qələbəyə köklənmişdi. Şəhid atasının təmkinli söhbəti isə könüllərə nikbinlik toxumu səpir, hər kəsi qələbəyə ruhlandırırdı:

- Oğul mənim olsa da, şəhid millətindir, dövlətindir! Üç oğul, bir qız atasıyam. Biri vətən uğrunda şəhid oldu! Bu, Allahın qismətidir! Qaryağdı orduda müddətdən artıq xidmət edirdi. Düşmənin qabağından qaçmadı, özü həlak olsa da, çoxsaylı erməni yaraqlısı öldürdü. Bu, ata kimi mənə qürur verir. Ürəyimdən keçən fikirləri sizinlə bölüşmək istəyirəm. Mənim üçün milli bayrağın qaldırılması  çox şərəfli bir işdir. Biri güləşdə, biri boksda, biri şahmatda qazandığı uğurlara görə bayrağımızı qaldırmağa nail olur. Oğlum Qaryağdı isə düşmənlə savaşda qovuşduğu müqəddəs şəhidliyə görə üçrəngli bayrağımız mənim evimin üzərində dalğalandı! Bu, mənim üçün ən böyük təsəllidir. Oğlum göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra medalla təltif olunmuşdur. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Biz torpaqlarımızın 20 ildən artıq bir dövrdə işğal altında qalması ilə barışa bilmirik. Dövlət başçısı əmr edərsə, bu gün mən özüm də, digər övladlarım da döyüşlərə atılmağa hazırıq!

Bu günlər Ağdamda əhalinin əhval-ruhiyyəsi çox yüksəkdir. Respublika Prezidenti İlham Əliyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər hər kəsdə böyük razılıq doğurur. İşğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyi, ermənilər tərəfindən dağıdılmış, viran qoyulmuş kəndlərimizin, şəhərlərimizin yenidən qurulacağı, bayrağımızın Şuşada, Ağdamda, Xankəndidə dalğalanacağı günün yaxında olması indi heç kəsdə şübhə doğurmur. Dövlət başçısının müdrik siyasəti, yenilməz iradəsi, qətiyyətli mövqeyi sayəsində artan iqtisadi qüdrətimiz, güclənən ordumuz qəlbimizdəki arzuları ən yaxın zamanda həyata keçirəcəkdir. Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə respublika Prezidenti İlham Əliyev demişdir: "Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz. Biz müharibə istəmirik, biz sülh istəyirik. Ancaq eyni zamanda, biz torpaqlarımızı istəyirik. Ermənistan, əlbəttə ki, indi vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz də müharibə istəmirik. Kim istəyər ki? Ancaq biz, onlardan fərqli olaraq, torpaqlarımızı istəyirik. Dədə-baba torpağımızı geri istəyirik. Biz bu istəkdə haqlıyıq. Haqq, ədalət, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ona görə nə sülh, nə hərb vəziyyəti davam edə bilməz. Bunu hamı, Azərbaycan vətəndaşları da, düşmən də bilməlidir. Ümid edirəm, son günlər düşmənə vurulan zərbələr onlar üçünbir siqnal olacaqdır ki, bu dözülməz vəziyyət davam edə bilməz".

Prezident İlham Əliyevin Ağdam səfərindən ən çox sevinənlərdən biri, bəlkə də birincisi rayonun İmamqulubəyli kənd sakini, şəhid anası Məryəm Cəfərovadır. Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri İskəndər Quliyevlə birlikdə Məryəm xanımla görüşməyə, haqqında eşitdiyimiz böyük ürək sahibi, fədakar ana ilə yaxından tanış olmağa qərar verdik. Yol boyu İskəndər müəllimlə partiya təşkilatının qayğıları, bu cəbhə bölgəsində partiya fəallarının apardığı səmərəli ideoloji işin fərəhli nəticələri barədə maraqlı söhbətlər etdik.

Bu da axtardığımız ünvan. Açıq darvazadan həyətə daxil oluruq. Bizi evə dəvət edirlər. Məryəm xanım yaşına yaraşmayan tərzdə qıvraq və gümrahdır. Pilləkənləri cəld çıxır. Məryəm xanım dövlət başçısı ilə görüşündən son dərəcə məmnunluqla söhbət açır:

- Vallah, mən bəzəksiz-düzəksiz danışan adamam. İllərdən bəri ürəyimdə yaşatdığım ən böyük arzuydu ki, kaş Prezident İlham Əliyevlə görüşə biləydim, ürəyimdən keçənləri ona deyib rahatlıq tapaydım. Allah bu diləyimi eşitdi. Bilirsiniz mən bu görüşü niyə belə arzulayırdım? Deyim, sizbilin. Mən savadsız adamam. Siyasətdən, filandan başım çıxmaz. Amma görəndə ki, televizorda Prezident İlham Əliyev danışır, ocağda yağım daşsa da, oturub ona axıra kimi qulaq asıram. O, Heydər Əliyev kimi müdrik bir kişinin oğludur. Camaat üçün çalışır. Elə ağdamlılar üçün nələr etməyib?! Çadırda, vaqonda yaşayan nə qədər ailəyə təzə ev verib. Görüşəndə dedim ki, hörmətli Prezident, qoy deyim, hamı eşitsin, bilsin ki, biz ağdamlılar səni çox istəyirik. Biz haqq-sayı itirən deyilik! Sizin bizim camaat üçün elədikləriniz ürəyinizin böyüklüyündən xəbər verir. Allaha and olsun ki, Prezidentlə görüşdən heç bir umacağım yox idi! Şükür, yaxşı dolanırıq. On oğul, iki qız böyütmüşəm. 1993-cü ildə 20 günün içində iki oğlum şəhid oldu! Atalarımız "Oğul düşmən toxmağıdır" deyiblər. Oğul-uşağın sayının çox olması fərq eləmir. Ana üçün övladın biri də əzizdi, onu da! Allah heç bir ananın ürəyinə oğul dağı çəkməsin. Hə, onu deyirdim axı. Prezidentlə görüşəndə heç bir ehtiyacdan söz açmasam da, özü ailəmizin böyük olduğunu nəzərə alıb, bizə dördotaqlı ev verilməsini tapşırdı. Uşaqlar bu gün gedib evə baxıb çox bəyəniblər. Sağ olsun Prezident, elə bil bizə dünyanı bağışladı.

Məryəm ana söhbət etdikcə göz önündə halal zəhməti ilə dolanan, bir tikə çörək üçün kimsəyə əl açmağı şəninə sığışdırmayan qürurlu Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı canlanır. İki oğlu şəhid olan ağsaçlı ana buna görə heç kimə minnət qoymur. Hələ üstəlik cəsarətlə deyir ki, nə vaxt müharibə başlasa, səkkiz oğlumun hamısı əlinə silah alıb döyüşə gedəcək, yağı düşməndən qisasımızı alacaq.

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2014.- 10 avqust.- S. 2.