Azərbaycanın dövlət sərhədləri yüksək peşəkarlıqla mühafizə olunur

 

Avqustun 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkirdəki “N” saylı hərbi hissəsində Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

AzərTAc xəbər verir ki, sərhədyanı rayonların təhsil, mədəniyyət, gənclər və idman idarələrinin, eləcə də bələdiyyə və icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyət üzrə baş idarəsi rəisinin müavini, polkovnik İzəddin Musayev “Azərbaycan Respublikasının Sərhəd Mühafizəsi 95 ildə” mövzusunda məruzə ilə çıxış etdi.

Bildirildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd siyasəti bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Sərhəd Mühafizəsinin 95 illik tarixi olsa da, bu qurumun sürətli inkişafı məhz müstəqilliyimiz dövründə reallaşıb, onun dünya standartları səviyyəsinə çatdırılması üçün çox böyük işlər görülüb.

Diqqətə çatdırıldı ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin zastava və məntəqələrində geniş tikinti-quruculuq işləri həyata keçirilib. Sərhəd infrastrukturunun yaradılması üçün köklü islahatlar aparılaraq onun maddi-texniki bazası daha da gücləndirilib. Dövlət Sərhəd Xidmətinin zastava və məntəqələri yüksək döyüş hazırlığına malik güclü texnika ilə təmin edilib. İndi fəxrlə demək olar ki, Azərbaycan sərhədləri yüksək peşəkarlıqla mühafizə olunur.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Şakir Məmmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin Dəllər-Cayır qəsəbəsi üzrə nümayəndəsi Tünzalə Hüseynova və başqaları çıxış edərək şəxsi heyəti qarşıdan gələn əlamətdar yubiley münasibətilə təbrik edərək onlara ən xoş arzularını bildirdilər.

Sonra Dövlət Sərhəd Xidmətinin keçdiyi şanlı yoldan və xidməti vəzifəsini icra edərkən şəhid olmuş Milli Qəhrəmanlardan bəhs edən videoçarx nümayiş etdirildi.

Tədbirin sonunda sərhədlərimizin mühafizəsində yaxından iştirak edən Şəmkir, Samux, Ağstafa, TovuzQazax rayonlarının bir qrup nümayəndəsinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

 

Azərbaycan. - 2014.- 10 avqust.- S. 5.