Monteneqro mətbuatı Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginlikdən yazır

 

Monteneqronun “Vijesti” və “Pobjeda” qəzetlərinin saytlarında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginliklə bağlı məqalələr yerləşdirilib.

Məqalələrdə son günlər Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində itkilərin olması barədə məlumat verilir. Qeyd olunur ki, tərəflər arasında atəşkəs rejiminin əldə olunduğu 20 il ərzində gərginlik heç vaxt səngiməyib.

Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində 1991-ci ildə yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası” beynəlxalq birlik tərəfindən suveren dövlət kimi tanınmır.

Yazılarda Rusiya Xarici İşlər Nazirliyinin, ABŞ Dövlət Departamentinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son vəziyyətlə bağlı münasibəti yer alıb: “Rusiya Xarici İşlər Nazirliyi baş verənləri atəşkəs haqqında razılaşmaların və münaqişənin siyasi vasitələrlə tənzimlənməsinə nail olmaq niyyətləri barədə bəyanatların ciddi pozuntusu kimi qiymətləndirib. ABŞ Dövlət Departamenti isə tərəflər arasındakı dialoqu bərpa etməyə çağırıb”.

Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:

http://www.vijesti.me/svijet/nastavljen-oruzani-sukob-azerbejdzana-jermenije-18-vojnika-poginulo-clanak-789741

http://www.pobjeda.me/2014/08/02/azerbejdzan-nove-zrtve-u-sukobu-oko-nagorno-karabaha/#.U90k5Z4ayK0

 

Maqsud Dadaşov

AzərTAc-ın xüsusi müxbiri,

Podqoritsa

 

Azərbaycan. - 2014.- 10 avqust.- S. 5.