Vətən sərhədlərinin keşikçiləri

 

Hər bir dövlətin müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Təsadüfi deyil ki, BMT-nin prinsiplərinə görə, dövlətlərin müstəqilliyinin müəyyən edilməsində hər bir ölkənin ərazi bütövlüyünün toxunulmazlığı əsas şərt kimi qoyulub. Bu mənada sərhəd, ərazi bütövlüyü hər bir ölkənin dövlət müstəqilliyinin əsasını təşkil edən atributlardır. Sərhədin  qorunmasında xidmət göstərənlər isə xüsusi hörmət və ehtirama layiqdir.

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri sərhədlərimizin etibarlı təminatı idi. 1992-1993-cü illərdə dövlət sərhədinin mühafizəsi istiqamətində qərarlar olsa da, onların lazımi səviyyədə yerinə yetirilməsi təşkil olunmadı. Səriştəsizlik, kadr siyasətindəki yarıtmazlıq sərhədlərimizin etibarlı qorunmasına imkan vermirdi.

Yalnız 1993-cü ilin iyun ayında Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədinin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində dağıdılmış sərhəd inrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin ikinci yarısından etibarən həyata keçirilən siyasət sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli  kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlandı. Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binaları tikilib istifadəyə verildi. Sərhəd Qoşunlarının nəqliyyat vasitələri, eləcə də rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı yaxşılaşdırıldı. Sərhəddə mühəndis-texniki qurğuların bərpası, qaçaqmalçılıqla mübarizə, şəxsi heyətin döyüşsiyasi hazırlığının yüksəldilməsi, ən əsası, şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Müstəqillik illərində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail olan ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərdi. Məhz ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanda milli sərhəd siyasətinin əsası qoyuldu, sərhəd strategiyası müəyyənləşdirildi.  Odur ki, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli sərəncamı ilə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk sərhəd mühafizəsinin təsis edildiyi gün - 18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü elan edildi.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması haqqında 2002-ci il 31 iyul tarixli fərmanı ilə ölkəmizin sərhəd mühafizəsi sistemində keyfiyyətcə yeni mərhələ başlandı. Həmin fərmanla Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsi əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradıldı. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll edilməsinə başlanıldı.

Bu proses Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan ulu öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi. Dövlət Sərhəd Xidmətinin yeni sərhəd məntəqələrinin tikintisi, qoşunların döyüş və səfərbərlik hazırlığının artırılması, müasir idarəetmə infrastrukturunun yaradılması, kadrların hazırlığının təkmilləşdirilməsi, buraxılış məntəqələrində sərhəd nəzarətinin müasir tələblər səviyyəsində təşkil edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların maddi, sosial, hüquqi təminatının yaxşılaşdırılması üzrə mühüm tədbirlər həyata keçirildi. Dövlət başçısının sərhədçilərlə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.

Bu gün Azərbaycan sərhədçiləri sərhədlərimizin toxunulmazlığını layiqincə təmin edərək beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparır. Buna görə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti qarşıdan gələn peşə bayramı gününü  Azərbaycan sərhəd mühafizəsinin 95-ci ildönümünü başucalığı ilə qeyd edir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 17 avqust.- S.1.