Ölkəmizin sərhədləri etibarlı şəkildə qorunur

 

Müsahibimiz Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevdir

 

"Azərbaycan müstəqil dövlət olaraq sərhədlərin qorunmasını xüsusi vəzifə hesab edir və Azərbaycanın Sərhəd Qoşunlarının gələcək inkişafı bizim üçün çox vacibdir."

 

Heydər ƏLİYEV

 

- Cənab general-polkovnik, sizibütün sərhədçilərimizi Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü münasibəti ilə təbrik edirik.

-   Təbrikə görə çox sağ olun. 18 avqust yalnız Azərbaycan sərhədçiləri üçün deyil, dövlət səviyyəsində əlamətdar günlərdən biridir. Çünki dövlətçiliyin mühüm atributlarından sayılan sərhədimizin öz ölkəmizin vətəndaşları tərəfindən qorunması müstəqilliyimizin əsas amillərindəndir.

Azərbaycanın sərhəd mühafizəsi xidmətinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı, müstəqil Azərbaycan dövlətinin qurucusu, bu dövlətin müstəqilliyini əbədi və dönməz edən, öz xalqını çox çətin və mürəkkəb vəziyyətlərdən qurtararaq tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider sərhəd mühafizəsinə daim yüksək diqqət və qayğı göstərmiş, sərhədlərimizin toxunulmazlığının təmin edilməsini dövlətimizin çox mühüm və başlıca vəzifəsi kimi dəyərləndirmişdir. Böyük dövlət xadimi sərhəd mühafizəsinin qarşısında duran vəzifələri, aparıcı istiqamətləri, sərhəd siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəaları müəyyənləşdirmiş, milli sərhəd strategiyasını yaratmış, eyni zamanda bu strategiyanın əməli surətdə həyata keçirilməsini təmin edən konkret fəaliyyət istiqamətlərini dəqiq göstərmişdir.

Ulu öndər 2000-ci il avqust ayının 16-da imzaladığı fərmanla avqustun 18-i sərhədçilərin peşə bayramı günü kimi təsis olunmuşdur. Bu qərar tarixi varislik prinsipinimilli sərhədçilik yaddaşını bərpa etmişdir. Azərbaycanda sərhəd mühafizəsinin ilk dəfə dövlət strukturu kimi yaradılmasına başlanılması bu sərəncamla rəsmən təsdiq olundu. Milli maraqlarımızı daim önə çəkən böyük dövlət xadimi bununla Azərbaycanda dövlətçilik ənənələrinin dərin kökləri olduğunu bir daha göstərdi.

- Cənab general-polkovnik, ölkəmizin sərhədçiləri öz peşə bayramlarını necə  qarşılayırlar?

-  Sərhədçilər  bu il də peşə bayramlarını xidmətdə qazanılmış böyük nailiyyətlərlə, yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. İyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmi inşası zavoduna gəlişi sərhədçilərin bayram əhval-ruhiyyəsinə xüsusi ovqat gətirmişdir. Cənab Prezidentin sərhədçilərlə görüşləri, yaradılmış xidmət və məişət şəraiti ilə şəxsən tanış olması, problemlərin həll edilməsinə yüksək qayğı göstərməsi Vətənimizin sərhədləri keşiyində dayanan hər bir sərhədçinin məsuliyyət hissini xeyli artırır və böyük ruh yüksəkliyi yaradır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd mühafizəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Vətənimizin hüdudlarının yüksək səviyyədə qorunması təmin olunmuş, güclü, dünya standartlarına tam cavab verən, texniki cəhətdən ən müasir səviyyədə təmin olunmuş sərhəd infrastrukturu yaradılmışdır. Hazırda ölkəmizin sərhəd mühafizəsi dinamik inkişaf mərhələsindədir. Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində çoxsaylı uğurlar qazanılmışdır. Hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 2001-2014-cü illərdə 2291 mənzildən ibarət 157 binada əsaslı təmir-tikinti işləri aparılıb. 354 mənzildən ibarət 4 binanın tikintisi davam edir.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan sərhəd mühafizəsinin 95 illiyini təntənə ilə qeyd edir. Bayram tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün Dövlət Sərhəd Xidmətində xüsusi komissiya yaradılmış, bütün hərbi hissələrdə geniş hazırlıq işləri görülmüş, sərhəd dəstələrində, hərbi hissə və bölmələrdə, sərhəd zastavalarında silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlər sırasında bir qrup sərhədçinin "Heydər Əliyev zirvəsi"nə və "İlham Əliyev zirvəsi"nə yürüşü xüsusi yer tutub. Keçirilən kütləvi tədbirlərdə, konsertlərdə, elmi-praktik konfranslarda, görüşlərdə sərhədçi veteranlar, Milli Məclisin deputatları, elm və incəsənət xadimləri, yerli icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, idarə və müəssisələrin, ümumtəhsil məktəblərinin çoxsaylı nümayəndələri iştirak etmişlər. İctimaiyyət nümayəndələrinin kütləvi iştirakı ilə keçirilən tədbirlərin yerli və mərkəzi kütləvi informasiya vasitələrində işıqlandırılması sərhədçilərin peşə bayramını ümumxalq bayramı səviyyəsinə qaldırmışdır.

Yubiley münasibəti ilə keçirilən təntənəli tədbirlər sırasında yaradıcılıq müsabiqələri xüsusi yer tutmuşdur. "Sərhədlərimizin keşiyində" mövzusunda bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və inşa yazı üzrə keçirilən ümumrespublika müsabiqələrində peşəkar və həvəskar rəssamlar, yazıçı və şairlər, jurnalistlər, tələbələr, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.

- Azərbaycanın sərhəd mühafizəsində aparılan islahatlar barədə məlumat verməyinizi xahiş edirik.

- Ulu öndər Heydər Əliyevin ölkəmizdə başladığı iqtisadi, siyasi, mədəni, hərbi islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətində keçirilən islahatlar ölkəmizdəki kompleks islahatların tərkib hissələrindən biridir. Ölkəmizdə keçirilən hərbi islahatların nəticələrindən biri kimi mərkəzi icra hakimiyyəti orqanı statusuna malik olan Dövlət Sərhəd Xidmətinin yaradılmasını xüsusi qeyd etmək olar. Ölkəmizdəki sosial-iqtisadi, mədəni inkişaf genişləndikcə Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifələr də yenidaha məsuliyyətli xarakter dayışır. Bu vəzifələrin yerinə yetirilməsi isə öz növbəsində mükəmməlləşdirmə proseslərinin ardıcıl xarakter daşımasını zəruri edir. Aparılan islahatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, sərhəd məntəqələri müasir texniki avadanlıqlarla təchiz edilmiş, maddi-texniki baza xeyli möhkəmləndirilmişdir. Sərhəd məntəqələrində bir neçə ildir səyyar radiolokasiya sistemləri tətbiq olunur, sərhəd zastavalarının kompleks texniki vasitələri vahid avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir. Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksininçevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, həmçinin radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, Dövlət Sərhəd Xidmətində rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş səs, video və məlumatları inteqrasiyaetmə imkanlarına malik vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Yaxın gələcəkdə ölkəmizin sərhəd təhlükəsizliyinin fiziki üsulla yox, əməliyyat və texniki yolla təmin olunması istiqamətində mühüm işlər görülür. Aparılan islahatlar sırasında sərhəd qurumlarında şəxsi heyətin tam peşəkar heyətlə komplektləşdirilməsi xüsusi yer tutur ki, bu istiqamətdə də konkret addımlar atılmaqdadır.

- Ölkəmizin quru sərhədləri necə mühafizə olunur? Xüsusilə çətin şəraitə malik dağlıq ərazilərdə sərhəd məntəqələri yaradılıbmı?

- Respublikamız müstəqilliyini bərpa etdikdən sonra dövlət sərhədlərimiz boyunca, xüsusən də sovet hakimiyyəti illərində qorunmayan şimal və şimal-qərb istiqamətində sərhəd məntəqələrinin yaradılması zəruri idi. Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhəd mühafizəsinə göstərdikləri xüsusi diqqət və qayğı sayəsində bu istiqamətlərdə  önəmli işlər görülmüş, müasir sərhəd infrastrukturu yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2005-ci ildə imzaladığı "Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın uğurlu icrası bu istiqamətdə görülmüş işlərin həm sürətinə, həm kəmiyyətinə, həm də keyfiyyətinə çox böyük təsir etmişdir.  Şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanmış quruculuq işləri və dinamik xarakter alan texniki inkişaf sözügedən dövlət proqramının yüksək səviyyədə yerinə yetirilməsinin mühüm göstəricisidir.

Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, yaradılan mühəndis-texniki qurğuların istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırmışdır. İndi relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq Azərbaycanın sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur. Dağlıq ərazilərdə sərhədlərin mühafizəsinin ən yüksək səviyyədə təmin edilməsi xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə 2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair xüsusi plan hazırlanmışdır.

- Cənab general-polkovnik, dəniz sərhədlərimizin mühafizəsi necə həyata keçirilir?

- Xəzəryanı regionda yaranmış hərbi-siyasi vəziyyət, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft sənayesinin sürətli inkişafı Sərhəd Qoşunlarının bütövlükdə, eləcə də dənizdə güclənməsinin mühüm faktoru olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sərhəd gözətçi gəmilər briqadasının və bütövlükdə Sərhəd Qoşunlarının inkişafında yeni mərhələ başlandı. 1996-cı ildə ulu öndərin sərəncamı ilə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin tərkibindən Sərhəd Qoşunlarının tərkibinə 3 gəmi verildi və dənizdə dövlət sərhədinin mühafizəsinə ilkin şərait yaradıldı.

Ulu öndər Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərar verdikdən sonra ölkəmizin sərhəd mühafizəsi sistemində yeni mərhələ başlandı və dəniz sərhədlərimizin qorunması istiqamətində də mühüm tədbirlər həyata keçirildi.

Xəzər dənizinin Azərbaycana mənsub hissəsində kəşf edilmiş neftqaz yataqlarının, neft və qazçıxarma platformalarının və ixrac boru kəmərlərinin mühafizəsi, habelə Xəzər dənizindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi cəhdlərinin mümkünlüyü baxımından dəniz sərhədlərimizin mühafizəsinin beynəlxalq standartlar səviyyəsində təşkil edilməsinə, ən müasir texniki avadanlıqlarla təchiz olunmasına sonrakı illərdə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət və qayğı göstərildi. Dəniz sərhədlərimizin mühafizəsinə yüksək qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin tərkibində daha genişçevik imkanları özündə cəmləşdirən yeni struktur - Sahil Mühafizəsi yaradıldı və dəniz sərhədçilərinin qarşısına qoyulmuş vəzifələr daha mühüm xarakter daşıdı.

Sahil mühafizəsinin maddi-texniki bazası möhkəmləndirilmiş, komanda-idarəetmə məntəqəsində, sahilboyu texniki-müşahidə məntəqələrində xidmətin yüksək səviyyədə təşkili və aparılması təmin olunmuş, döyüş vahidlərinin sayı artırılmışdır. Həmçinin axtarış, xilasetmə və digər əməliyyatların təxirəsalınmadan yerinə yetirilməsi, neft platformalarının mühafizəsi, dənizdə dövlət sərhədinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi və xidmət aparan sərhəd gözətçi gəmiləri ilə qarşılıqlı əlaqə imkanları daha da genişlənmişdir.

2008-ci il noyabr ayının 8-də cənab Ali Baş Komandanın iştirakı ilə xidməti istifadəyə verilən Sahil Mühafizəsinin yeni bazası Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunmasına, fasiləsiz müşahidə və nəzarət imkanlarının artırılmasına geniş imkanlar yaratmışdır. Dəniz sərhədlərinin müasir mühafizə sisteminin yaradılması  məqsədilə sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsi yaradılmış, dənizdə operativ vəziyyəti açıqlamaq, xilasetmə və dəniz sərhədlərinin mühafizəsinin kompleks həyata keçirilməsi məqsədilə sualtı akustik sistemin quraşdırılması, mərkəzləşdirilmiş idarəetmə sisteminin təşkil edilməsi, dəniz sərhədlərinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi işləri aktual məsələlərdir. Müasir tipli radioelektronnaviqasiya cihazları, qəza-xilasetmə və digər avadanlıqlar quraşdırılan sərhəd gözətçi gəmilərinə və katerlərinə malik olan Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin qorunması tam təmin olunub. Cənab Prezidentin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahəsində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə cari il iyul ayının 18-də istifadəyə verilən gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsində çox mühüm rol oynayacaqdır. Zavodun imkanları hesabına sərhəd gözətçi gəmiləri yenilənəcək, sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənəcək və nəticə etibarı ilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksələcəkdir.

- Xəzər dənizindən söz düşmüşkən, "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında, müxtəlif xilasetmə əməliyyatlarında sərhədçilərimiz peşəkarlıq nümayiş etdirirlər.

- Dövlət Sərhəd Xidməti Vətənimizin sərhədlərinin toxunulmazlığını təmin etməklə yanaşı, əhalinin sosial problemlərinə, müəyyən kömək üçün daxil olmuş müraciətlərə heç vaxt biganə qalmır və qala da bilməz. Çünki sərhədçilər ölkə vətəndaşlarının qayğı və problemləri ilə birgə yaşayır və çətinliklərin, çatışmazlıqların aradan qaldırılmasında onlara yaxından kömək göstərməkdən qürur duyurlar.

Sərhədçilərin peşəkarlığı və məharəti nəticəsində qaz platformasındakı alov ram edilmiş, Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək  ziyanın qarşısı alınmışdır. Mən burada bir məqamı da xüsusi vurğulamalıyam ki, yanğının söndürülməsinə əlverişli şəraitin yaradılması üçün atəşlər məhz ulu öndərin uzaqgörən qərarı ilə Dövlət Sərhəd Xidmətinə Dövlət Neft Şirkəti tərəfindən verilmiş gəmilərdən birindən açılmışdır.

Bundan əlavə, müxtəlif səbəblər üzündən dənizdə qalmış balıqçılar dəfələrlə sərhədçilərin ekstremal şəraitdə xidmət etmək bacarıqlarına malik olmaları sayəsində xilas ediliblər. Bu faktlar əyani şəkildə göstərir ki, sərhədçilərimiz çətin, ekstremal məqamlarda qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadirdirlər.

- Dövlət Sərhəd Xidməti həm də Xəzərdə bioloji resursların qorunmasında fəallıq göstərir, qanunsuz balıq ovuna qarşı mübarizə aparır. İstərdik ki, bu barədə də oxucularımıza məlumat verəsiniz.

- Dəniz sərhədlərimizin mühafizəsinin fasiləsiz təşkil edilməsi, dövlət sərhədlərinin pozulması əlamətləri aşkar olunduğu zaman minimal vaxt sərf etməklə daha çevik tədbirlərin görülməsi imkanlarının yaradılması qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulması hallarının aşkar edilməsi və sərhəd rejiminə nəzarətin gücləndirilməsi işinə də müsbət təsir etmişdir. Nəticədə balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlumotorsuz digər üzmə vasitələrinin qeydiyyata alınması, yanalma körpülərindən dənizə çıxması, dənizdə olması, üzməsi və geri qayıtması qaydalarına əməl edilməsi proseslərinə nəzarətin səviyyəsi yüksəlmişdir.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulma hallarının aşkar edilməsi və sərhəd rejiminə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi rejim tədbirləri həyata keçirilir, qanunsuz balıq ovu ilə məşğul olan üzmə vasitələri barəsində müvafiq tədbirlər görülür. Keçirilmiş rejim tədbirləri zamanı dənizdə qadağan edilmiş ərazilərdə qurulmuş balıq ovlama vasitələri, qarmaqların bərkidilməsi üçün istifadə olunan dəmir parçalarından hazırlanan lövbərlər yığılaraq məhv edilir. 2014-cü ilin ilk 6 ayı ərzində Xəzərdə 1 milyon 478 min metr müxtəlif çeşidli balıq ovlama toru, 293 min ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülmüşdür.

- Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsinin fəaliyyəti oxucularımız üçün maraqlıdır.

- Ulu öndər Heydər Əliyevin xüsusi göstərişinə əsasən Səngəçal hərbi aerodromu Dövlət Sərhəd Xidmətinin istifadəsinə verilib və 2002-ci ilin oktyabr ayında Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ilk dəfə Aviasiya dəstəsi yaradılıb.

Aviasiya dəstəsi Dövlət Sərhəd Xidmətinin tərkibində müstəsna əhəmiyyətə malik olan bölmələrdən biridir. Bu dəstə lazım gəldikdə ölkəmizin sərhədlərinə havadan nəzarəti təşkil edir, dəniz sərhədlərinin və ixrac-boru kəmərlərinin, neft platformalarının mühafizəsində, dənizdə və quruda xilasetmə tədbirlərinin həyata keçirilməsində, taktiki təlimlərdə yüksək peşəkarlıq nümayiş etdirir.

- Qonşu ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq məsələləri hansı prinsiplər üzrə həyata keçirilir?

- Dost qonşu dövlətlərin sərhəd mühafizə orqanları ilə sıx əlaqələr mövcuddur və hazırda bu əlaqələr inkişaf etməkdədir. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin sərhəd mühafizəsi dünya ölkələrinin müqabil qurumları arasında xüsusi nüfuz qazanıb.

Gürcüstan sərhəd xidməti ilə qarşılıqlı anlaşmamehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlıq əlaqələri mövcuddur. Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə təlim-tədlris, komanda idarəetmə mərkəzi, aviasiya və hərbi tibb, habelə çevik qüvvələrin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində əməkdaşlıq münasibətləri inkişaf edir. İran İslam Respubliksı Nizam-İntizam Qüvvələrinin Sərhəd Polisi ilə münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. İki dövlət arasındakı sərhəd məsələləri barədə mütəmadi olaraq müzakirələr keçirilir. Son illərdə Azərbycan və Rusiya sərhəd xidmətləri arasında qarşılıqlı əlaqə xeyli güclənmişdir. Azərbaycan-Rusiya dövlət sərhədlərinin müəyyənləşdirilməsi üzrə dövlətlərarası delimitiasiya komissiyasının 16 illik işi yekunlaşdırılmış, 2010-cu ildə iki ölkə arasında "Dövlət sərhədi haqqında" saziş imzalanmışdır. Bakı və Rusiya Federasiyası şəhərlərinin beynəlxalq hava limanlarının sərhəd nəzarəti bölmələri ilə sərhəd əməkdaşlığı yaradılmışdır və bu ədaqələr inkişaf etməkdədir.

Xəzər dənizində transsərhəd mütəşəkkil cinayətkarlığın qarşısının alınması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, transxəzər iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Rusiya, Qazaxıstan və Türkmənistanın sərhəd qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri inkişaf etməkdədir.

Son vaxtlarda Azərbaycanın həm regional əməkdaşlıq istiqamətində böyük nailiyyətlər əldə etməsi, həm də ümumdünya dəyərlərinin milli maraqlarımıza uyğun formada tətbiqi Dövlət Sərhəd Xidmətinin beynəlxalq əməkdaşlıq əlaqələrinə də müsbət təsir edirbu əlaqələr şaxələnib genişlənməkdədir.

Dünya dövlətlərinin müvafiq qurumları ilə qarşılıqlı faydalılıq əsasında işgüzar əlaqələrin yaradılması dövlət sərhədlərimizin mühafizəsinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, yeni texnologiyaların mənimsənilməsinə və tətbiqinə, transxəzər iqtisadi layihələrin həyata keçirilməsinə, neft-qaz ixrac-boru kəmərlərinin sərhədboyu zolaqdan keçən hissələrinin mühafizəsinin təşkilinə, TRASEKA, Şərq-Qərb və GUAM dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm sahələrə, sərhəddə mövcud olan problemlərin aradan qaldırılmasına müsbət təsir göstərir. Hazırda Dövlət Sərhəd Xidmətinin ABŞ-ın, Avropa ölkələrinin, NATO, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə uğurlu əməkdaşlıq əlaqələri vardır. Bir neçə ildir ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın (Şiofok konfransının) bəzi işçi qrupunun iclasları Bakıda keçirilir.

- Cənab general-polkovnik, sərhədçilərimiz hərbi, mənəvi-psixoloji, fiziki hazırlıqları, cəsurluqları ilə seçilirlər. Bunun səbəbi nədir?

- Düzgün qeyd edirsiniz. Sərhədçilərin hərbi, mənəvi-psixoloji, fiziki hazırlığı yüksək səviyyədədir. Təbii ki, mövcud səviyyəyə qalxmağı təmin edən müxtəlif amillər vardır. Romantik peşə sahibi olan sərhədçilər Vətənə daha çox bağlı olurlar. Sərhədçilər sərhədin müqəddəsliyinə zərrə qədər xələl gəlməsini istəmirlər və bu yolda canlarından hər an keçməyə həmişə hazırdılar. Qoruduqlarının qədrini bilən sərhədçilər həm də Vətənin daxilində sabitliyin, asayişin, inkişafın, tərəqqinin olmasını daim arzulayırlar. Məhz buna görə də sərhədçilər həm Vətənin müdafiəsində, həm də dövlətçiliyin qorunub saxlanılmasında fədakarlıqla qəhrəmanlıq nümunələri göstərə biliblər və bilirlər. Sərhədçilər Vətənə bağlı olduqları qədər xalqaxalq tərəfindən seçilmiş Prezidentə daim sadiqlik nümunəsi göstərirlər. Bu hisslərlə yaşayan sərhədçilər hərbi hazırlığa, döyüş hazırlığına xüsusi fikir verirlər. Hər bir sərhədçi tam şəkildə dərk edir ki, Vətən sevgisi sözlə deyil, əməllə sübut olunurbunun üçün yüksək hərbi hazırlıq, peşəkarlıq, qabiliyyət çox vacibdir. Əldə silah gecə-gündüz sərhəd naryadına çıxan sərhədçilər daim döyüş tapşırığını yerinə yetirirlər və bu zaman hər cür gözlənilməz hadisəyə, eləcə də fədakarlığa hazır olurlar. Beləliklə, döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlıq vəhdət təşkil edir və hər bir sərhədçidə cəsurluq hissi yaradır.

 Sərhədçilərimizin göstərdikləri qəhrəmanlıq və cəsurluq nümunələri çoxdur. İstər torpaqlarımızın erməni təcavüzündən müdafiəsində, müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında, istər Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinin təmin edilməsində, istərsə də xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat və terrorçuluq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri şəxsi igidlik və şücaətə görə onlarca sərhədçi yüksək təltiflərə layiq görülmüşdür. Erməni işğalçılarına qarşı döyüşlərdə mərdliklə vuruşmuş baş leytenant Eldar Məmmədov Azərbaycanın Milli Qəhrəmanı adına, leytenant Tahir Bədəlov "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb. Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması zamanı  şücaət göstərmiş gizir Faiq Cəfərov, hazırda polkovnik-leytenant rütbəsində xidmət edən İntiqam Atakişiyev, qəhrəmancasına həlak olmuş baş leytenant Əmiraslan Əliyev və sərhədçi kursant Bəhruz Mansurov Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək ada layiq görülmüşlər.

Zaqatala Sərhəd Dəstəsinin Qubek istiqamətində Hacı Maqomedovunonun başçılıq etdiyi cinayətkar dəstənin zərərsizləşdirilməsində  göstərdikləri şücaətə görə əsgər Anar İsmayılov (ölümündən sonra) və ağır yaralanan Təbriz Quliyev "Azərbaycan Bayrağı" ordeninə, əsgərlər Cabir Murtuzov və Pərvin Rüstəmov "İgidliyə görə" medalına layiq görülmüşlər. Göytəpə Sərhəd Dəstəsinin əsgəri Eltun İsgəndərov 2009-cu ildə sərhəd pozucuları ilə atışmada komandirlərinin və əsgər yoldaşlarının həyatını öz həyatı bahasına xilas edərək Azərbaycanın Milli Qəhrəmanı zirvəsinə yüksəlmiş və XXI əsrdə bu adı alan ilk Vətən oğlu olmuşdur.

- Cənab general-polkovnik, valideynlərlə hərbi hissələr arasında əlaqələr barədə də məlumat verməyinizi xahiş edirik. Mətbuatdan məlumdur ki, Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində "Valideyn günləri" adlı tədbir keçirilir.

- Valideynlərlə hərbi hissələrin əlaqələrinin yaradılması Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr istiqamətindəki fəaliyyətinin tərkib hissəsidir. İctimaiyyətlə əlaqələrin inkişafı, əhali ilə sıx münasibətlər qurulması sərhədlərin mühafizəsinə öz müsbət təsirini əhəmiyyətli dərəcədə göstərir. Sərhəd mühafizəsi əslində bütün cəmiyyətin işidir. Vətənini sevən onun sərhədini də sevir. Sərhədin toxunulmazlığı Vətənin toxunulmazlığıdır. Buna görə də sərhəd bütün ölkə ictimaiyyətinin, xüsusən sərhədyanı ərazilərdə yaşayan insanların birgə səyi ilə mühafizə edilməlidir. Bu müqəddəs işə ictimaiyyəti də cəlb etmək üçün Dövlət Sərhəd Xidməti əhali ilə yaxın münasibətlər qurur.

Sərhədçilərin yerli əhali ilə sıx əlaqələri, yerlərdə problemlərin həllində yaxından iştirakı, sərhədyanı kənd və rayonlarda keçirilən kütləvi tədbirlərdəki fəallığı, dövlət sərhədlərimizin mühafizəsinin təşkili, aparılan tikinti-quruculuq işləri, əldə olunan nəticələr barədə kütləvi informasiya vasitələrinə mütəmadi məlumatların verilməsi və s. sərhəd mühafizəsinin ümumxalq işi olması barədə ictimaiyyət arasında sağlam rəyin formalaşmasında mühüm rol oynayır.

Valideynlərin Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ilə əlaqəsi  övladları sərhədçilərin sırasına qatıldığı ilk günlərdən başlayır. Dövlət Sərhəd Xidmətində hərbi xidmətə yeni çağırılmış hər bir əsgərin valideynlərinə xüsusi məktublar göndərilir, tövsiyə və təkliflər verilir. Bununla da valideynlərlə hərbi hissələrin əlaqəsi başlayır və əsgərlərin xidmətə daha yaxşı həvəsləndirilməsinə imkanlar yaranır. Keçən ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində "Valideyn günləri"nin keçirilməsinə başlanılmışdır. Valideynlər hərbi hissə və sərhəd mühafizəsi barədə məlumatlar alır, övladlarının xidmət və məişət şəraiti ilə yaxından tanış olurlar. Xidmətdə fərqlənən əsgərlər təltif olunur, valideynlərə təşəkkür məktubları verilir. Valideynlərin təklif və rəyləri dinlənilir.  Bu tədbir şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılmasında böyük əhəmiyyət daşıyır.

- Azərbaycanın sərhədlərinin mühafizəsi səviyyəsini necə qiymətləndirirsiniz?

- İndi relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq Azərbaycanın qurusu sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur. Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, yaradılan mühəndis-texniki qurğuların, ən müasir texniki vasitələrin istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırmışdır.  Bu gün Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə, mükəmməlləşdirmə prosesləri uğurla davam edirsə, deməli sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə davam etməkdədir.

Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün şərəflə, ləyaqətlə xidmət edir, doğma Vətənimizin sərhədlərinin göz bəbəyi kimi qorunması naminə səy və bacarıqlarını əsirgəmir. Azərbaycan Sərhəd Mühafizəsi öz gələcəyinə nikbinliklə baxır. Bu nikbinlik Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yeritdiyi müdrik siyasətə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır.

-  Müsahibə üçün çox sağ olun.

 

Müsahibəni apardı:

Rüstəm RÜSTƏMOV

 

Azərbaycan. - 2014.- 17 avqust.- S. 3.