Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq sürətlə inkişaf edir

 

Avqustun 18-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, İ.Alasaniyanın Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun qərargahı önündə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin rəisi raport verdikdən sonra Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstan ilə aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Nazir hərbi əməkdaşlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Naxçıvana ilk dəfə səfər etdiyini məmnunluqla vurğulayan gürcüstanlı nazir yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Azərbaycan. - 2014.- 19 avqust.- S. 2.