Müdafiə Nazirliyi ilə birgə yeni layihə həyata keçirilir

 

Təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələr Qusara göndərildi

 

Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müəyyənləşdirilən tədbirlər çərçivəsində yeni layihə  həyata keçirilmişdir. Növbəti layihə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə hazırlanıb.

Gənclərin sağlam böyüməsi, idmana olan maraqlarının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə bu il ilk dəfə olaraq Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri - ümumilikdə 100 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay istirahət düşərgəsi yaradılmışdır.

Dünən "Sahil bağı"nda yola salınma mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmışdır. O qeyd etmişdir ki, bu ayın əvvəlində RİH və Daxili Qoşunların birgə layihəsi çərçivəsində 9-cu dəfə 250 yeniyetmə Qubada təşkil olunmuş "Şahinlər" yay istirahət düşərgəsində istirahət etmişdir. Qusar rayonunda isə ilk dəfədir ki, belə düşərgə yaradılır. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti  üçün hər cür şərait yaradılmışdır. Hərbçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbçi peşəsinə olan marağın artırılmasına şərait yaradacaqdır. 

Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyimforma, lazımi idman ləvazimatları alınmış, Müdafiə Nazirliyinin  Qusar şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən bütün hazırlıq işləri görülmüşdür.

Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə  təbiət qoynunda nahar təşkil olunacaq. Yeniyetmələr hərbi hissənin döyüş texnikası və silahları ilə də tanış olacaqlar. Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş    əsgərlərdən ibarət qrup məşğul olacaq.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışmış və onlara xoş istirahət arzulamışlar.

Müdafiə Nazirliynin orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qusar rayonuna yola düşmüşlər.

 

Azərbaycan. - 2014.- 19 avqust.- S. 4.