Akademik Svetlana Kuznetsova: Bakıda Heydər Əliyev və Zərifə Əliyeva ilə unudulmaz görüşlərimizi səmimiyyətlə xatırlayıram

 

Ukrayna paytaxtında akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz ilə Ukrayna Milli Tibb Elmləri Akademiyasının D.F.Çebotaryov adına Herontologiya İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Tədbirdə akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəhbəri Aydın Salmanov və Ukrayna Herontologiya İnstitutunun Heriatrik Reabilitasiya Mərkəzinin direktoru, akademik Svetlana Kuznetsova çıxış ediblər.

Professor A.Salmanov qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilatın əsas məqsədi tibb elmləri, təhsil və səhiyyə sahəsində əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına kömək etməkdir. O vurğulayıb ki, tərəflər arasında əməkdaşlıq haqqında saziş məhz bu məqsədə çatmağa xidmət edir.

Professor A.Salmanov deyib ki, akademiklər Vladislav Bezrukov (institutun direktoru - AzərTAc) və Svetlana Kuznetsova akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin Əlaqələndirmə Şurasının üzvləri kimi, Ukrayna və Azərbaycan alimləri arasında əməkdaşlığın səmərəsini artırmağa kömək etməyə hazırdırlar.

Akademik S.Kuznetsova öz çıxışında həmin sazişin vacibliyinə əminliyini bildirərək vurğulayıb ki, bu saziş Ukrayna ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa, birbaşa elmi əlaqələrin dərinləşməsinə və müştərək layihələrin həyata keçirilməsinə xidmət edəcəkdir.

O deyib: “Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, yaxın vaxtlarda Bakıda Azərbaycan Səhiyyə Nazirliyi ilə Ukrayna Tibb Elmləri Akademiyasının Herontologiya İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanması planlaşdırılır”.

O, iki ölkə alimlərinin müştərək elmi fəaliyyətinin müvafiq profil üzrə elmi əlaqələrin dərinləşməsinə və genişlənməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Ukraynanın tanınmış alimi Svetlana Kuznetsova AzərTAc-a müsahibəsində keçən əsrin 70-80-ci illərini, həmin dövrdə Azərbaycanın bir sıra guşələrində elmi tədqiqatlar apardığını, respublikanın rəhbəri Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva ilə görüşlərini yada salaraq vurğulayıb ki, Bakıda Heydər Əliyev və Zərifə Əliyeva ilə unudulmaz görüşləri həmişə hərarətlə xatırlayır.

 

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan. - 2014.- 19 avqust.- S.4.