Dövlət müşaviri Bilik Fondunun nümayəndələri ilə görüşdü

 

Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələrinin Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevlə növbəti görüşü keçirilib.

Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, görüşdə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” və “Dini abidələrdə tarixin izləri” layihələrinin icrası barədə fikir mübadiləsi aparılıb. Fondun icraçı direktoru Oktay Səmədov “Qardaşlaşmış məktəblər” layihəsinə cəlb olunan bölgələr, layihə çərçivəsində keçiriləcək tədbirlər – “dəyirmi masalar, viktorinalar, ekskursiyalar, nəzərdə tutulan perspektiv planlar haqqında ətraflı məlumat verib.

K.Abdullayev qardaşlaşmış məktəblərin şagirdləri arasında elm, idman, mədəniyyət, intellektual, texnoloji sahələrdə əlaqələrin ilboyu inkişafına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb. Təkcə tədrisdə uğurları ilə fərqlənənlərə deyil, zəif şagirdlərə də həssaslıqla yanaşmağı, həvəsləndirici tədbirlər görməyi tövsiyə edib.

Görüşdə “Dini abidələrdə tarixin izləri” layihəsi üzrə Bərdə imamzadəsində aparılan ilkin işlərin alimlər, yerli ictimaiyyət, o cümlədən Bərdə ziyalıları arasında maraqla qarşılandığı bildirilib. Layihənin geniş elmi, arxeoloji araşdırmalara təkan verə biləcəyi vurğulanıb.

Bilik FondundaDocendo discimus”, “Ustad və şəyird”, “Azərbaycan elmi bu gün xaricdə”, “Dünya elmi bu gün Azərbaycanda”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizodlar”, “Auditoriya +” və digər layihələr üzərində gedir.

 

Azərbaycan. - 2014.- 16 avqust.- S. 4.