Məcburi köçkün ailələri onlar üçün yaradılmış şəraitdən razıdırlar

 

Xəbər verdiyimiz kimi, Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 200 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsi istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən inşa olunan qəsəbə 500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. İlkin mərhələdə məhəlləyə Qaradağ rayonunun Ümid qəsəbəsində müvəqqəti məskunlaşan 200 ailə köçürülür.

Məhəllədə tikilən üç yeni beşmərtəbəli binada mənzillərin 20-si birotaqlı, 90-ı ikiotaqlı, 80-i üçotaqlı, 10-u isə dördotaqlıdır.

Qəsəbənin ərazisində 220 yerlik məktəb binası da tikilib. Müasir standartlara tam cavab verən Laçın rayonu 7 saylı məcburi köçkün tam orta məktəbində şagirdlərin yüksək səviyyəli təhsil alması üçün bütün lazımi şərait yaradılıb. Burada laboratoriyalar, sinifkompüter otaqları, idmanakt zalları, kitabxana lazımi ləvazimatlarla təchiz olunub.

Məcburi köçkünlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Ağdam rayonundan məcburi köçkün Qənifes Bayramova dedi: "Mənim 83 yaşım var. İndiyə qədər mən bu cür gözəl evdə yaşamamışam. Bizim üçün bu cür gözəl şərait yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm, Allah Prezidentimizdən razı olsun, hər zaman başını uca etsin, canını sağ etsin!".

Cəbrayıl rayonundan məcburi köçkün, ikinci qrup Qarabağ müharibəsi əlili Mehman Hüseynov: "Bu gün Ümid qəsəbəsinin sakinlərinin hər birinin sevincinin həddi-hüdudu yoxdur. Biz Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Prezidentimiz hər zaman problemlərimizin həllinə xüsusi diqqət və qayğı göstərir. Biz dövlət başçısına güvənirik, əminik ki, bu cür sevinci öz doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq".

Ümumiyyətlə, yeni qəsəbələrin salınması, paytaxtdakı yataqxanalarda yaşayan məcburi köçkünlər üçün çoxmərtəbəli binalar kompleksinin tikintisiilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq bəndlərinə uyğun və mərhələli şəkildə həyata keçirilir.

Qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,6 milyon kvadratmetr sahədə 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb, 42 min ailənin və ya 210 min nəfər qaçqın və məcburi köçkünün yaşayış şəraiti yaxşılaşdırılıb.

 

Azərbaycan. - 2014.- 16 avqust.- S.5.