Diaspor üzvləri Biləsuvarda şəhid ailələrinə baş çəkiblər

 

Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə bir neçə diaspor üzvü son günlər cəbhə xəttində döyüşlərdə dünyasını dəyişən 3 şəhidin ailəsinə baş çəkiblər. Daha sonra Biləsuvar rayonunda dəfn edilən şəhidlərin məzarları ziyarət olunub.

AzərTAc xəbər verir ki, görüşdə DJB İdarə heyətinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov, Niderland-Azərbaycan Evinin (NAE) sədri Elxan Mirhəşimli, rusiyalı araşdırmaçı-yazar Aleksandr Fomenkov, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təmsilçisi, diaspor jurnalisti İlahə Ələkbərova iştirak ediblər.

Qonaqları qəbul edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov bu təşəbbüsü yüksək qiymətləndirərək qonaqlara öz təşəkkürünü bildirib.

DJB sədri Fuad Hüseynzadə səfərin örnək xarakteri daşıdığını deyib. O, DJB tərəfindən digər regionlardakı şəhid ailələrinə də belə səfərlərin nəzərdə tutulduğunu qeyd edib.

NAE-in sədri Elxan Mirhəşimli diaspor adından şəhid ailələrinə baş sağlığı verib və onların dərdlərinə şərik olduqlarını deyib. Rusiyalı şair-publisist Aleksandr Fomenkov isə işğalçı Ermənistan respublikasını kəskin tənqid edərək, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu deyib. A.Fomenkov bildirib ki, Azərbaycan regionun ən qüdrətli dövlətidir və haqq işi uğrunda mübarizə aparır.

DİDK rəsmisi Əbülfəz Şeydabəyov bildirib ki, şəhid olmuş əsgərlərimiz hər bir azərbaycanlı ailənin övladlarıdır.

ÜAK təmsilçisi İlahə Ələkbərova vətəndən uzaqda yaşasa da şəhid ailələrinə baş çəkməyi özünə borc bildiyini qeyd edib.

 

Azərbaycan. - 2014.- 16 avqust.- S.5.