Düşmən başına çaxan şimşək

 

İsgəndər Aznaurovun torpaq uğrunda təkcə şəhidliyi deyil, Vətənə məhəbbəti, düşmənə nifrəti yazılıb ömür salnaməsinə

 

İgidlər, qəhrəmanlar, torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanlar ölümsüzlükləri ilə əbədiyaşarlıq qazanırlar. Belə oğullardan biri  İsgəndər Aznaurov idi. O, 1956-cı ildə Özbəkistanın Buxara vilayətində anadan olmuşdu. Amma doğulduğu yurdda, el-obada deyil, didərgin, qaçqın düşdüyündən sığındığı Azərbaycan torpağında  düşmənlə üz-üzə gəldi, döyüşdü, vuruşdu və qəhrəman kimi xalqımızın qəlbinə adını əbədi həkk etdi. Məhz buna görə onun haqqında hər yerdə fəxrlə, qürurla danışırlar.

Keçdiyi döyüş yoluna nəzər saldıqda bir daha türk oğlunun torpaq uğrunda təkcə şəhidliyi deyil, düşmənə nifrətinin, Vətənə məhəbbətinin nə qədər güclü olduğunun şahidinə çevrilirsən. Uşaqlıq çağlarından ömrünün son anlarınadək İsgəndər Aznaurov yurdsuzluğun ağrı-acısını yaşayıb. Bu hisslər onun düşmənə nifrətini birə-on artırıb.

1963-1973-cü illərdə Daşkənd Vilayətinin Akkurqan rayonundakı Lomonosov adına 1 saylı orta məktəbdə təhsil alıb. Bir qədər sonra əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə Daşkənd İrriqasiya İnstitutunu bitirərək təyinatla Axanqaran rayonunun Qalyakudur sovxozuna göndərilib. İsgəndər burada 1990-cı ilə kimi yaşayıb. Bundan sonra sığınacaq tapmaq üçün Azərbaycana üz tutub. Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşaraq erməni quldur dəstələri ilə döyüşmək üçün ön cəbhəyə yollanıb.

Bu, həmin günlər idi ki, onda daşnaklar sovet qoşun birləşmələri ilə birgə Xocalıda dəhşətli qırğınlar, qətliamlar törədir, günahsız körpələri, qocaları diri-diri yandırır, süngüyə keçirir, vandalizmin görünməmiş formalarını tətbiq edirdilər. İsgəndər döyüşlərə Gədəbəy rayonunun Şınıx bölgəsindən başladı. Az vaxt ərzində adı erməni vandallarının dilinə düşdü. Çünki o, sərrast topçu kimi düşmənə ağır zərbələr endirir, qəlbindəki nifrəti onların üstünə yönələn güllə yağışına çevirirdi.

...Məshəti türkləri ikinci dəfə idi ki, tərki-vətən olmuşdular. İlk dəfə 1960-cı ildə bu ağrını yaşayan məshəti türkləri doğma yurddan qovulanda Azərbaycanı özlərinə ikinci Vətən bilmişdilər.

Əslən məshəti  türkü olan İsgəndər Aznaurovun adı qısa müddətdə cəbhə boyu yayılanda ermənilər artıq onun fiziki məhvi üçün müxtəlif üsullardan istifadə edirdilər. Mahir atıcılıq qabiliyyətinə malik olan İsgəndər bölmədə qulluq etdiyi az vaxt ərzində sərrast topçular yetişdirmişdi. Hərbi texnikanın əsl sənətkarı kimi tanınmışdı.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov və Sahib Rüstəmov kimi döyüş yoldaşlarını itirdikcə düşmənə qarşı daha da amansızlaşmışdı. Hər dəfə ona ehtiyatlı olmasını desələr də, Xocalıda törədilən qətliamı xatırlayır və qisası qiyamətə qoymayacağına and içirdi.

"Keçəldağ" yüksəkliyindən Göyəmli kəndi hücuma məruz qalanda ona edilən xəbərdarlığa baxmayaraq, atəşi dayandırmamışdı. Strateji məntəqə olan həmin yüksəklik düşmən nəzarətində olduğundan, hər an ciddi təhlükə yarana bilərdi. Yüksəkliyi ələ keçirmək üçün 1993-cü il aprelin 18-də İsgəndərin komandir olduğu topçu dəstəsi hücuma keçdi. Ölüm-dirim savaşı yüksəkliyin düşməndən azad edilməsi ilə başa çatsa da, həmin döyüşlərdə verilən ən ağır itki baş leytenant İsgəndər Aznaurovun qəhrəmancasına həlak olması idi. Daim pusquda olan, döyüşlərdə üz-üzə gəlməkdən çəkinən erməni quldurları bu dəfə də səngərə yatmayan İsgəndəri hədəf seçmişdi. O, səngərdə gizlədilmiş düşmən tankından açılan atəşdən yayına bilmədi. Ana bilib sığındığı Azərbaycan torpağını yaralı-yaralı bağrına basan İsgəndər Aznaurov o gündən xalqımızın, sadəcə, şəhid övladına deyil, həm də qəhrəman oğluna çevrildi. Azərbaycan Respublikası Prezidentinin

15 yanvar 1995-ci il tarixli fərmanı ilə baş leytenant İsgəndər Aznaurov şəhidliyinin

2-ci ildönümündə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.

Bakıdakı Şəhidlər xiyabanında dəfn edilən Aznaurovun adı yalnız ürəklərdə və bu müqəddəs məkanda əbədiləşmədi. Uğrunda şəhid olduğu Şınıx bölgəsində bir əlçatmaz zirvə də var - "İsgəndər qalası". Alınmaz, basılmaz bu qala igid, cəsur, qorxmaz, düşmənə bir vaxtlar qan udduran qəhrəman İsgəndərin adını daşıyır. Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı orta məktəbə bu igidin adı verilib və qarşısında qoyulmuş büstü gənc nəslin and yerinə çevrilib. Hərbi xidmətə yola düşən gənclər bu abidə önündə dayanıb fəxrlə Şınıxdakı "İsgəndər qalası"nda heykəlləşən qəhrəman kimi Vətənə sədaqətlə xidmət edəcəklərinə, işğal olunmuş torpaqlarımızı düşmən əsarətindən qurtaracaqlarına and içirlər.

Xatirələrdən məlum olur ki, alay komandiri, polkovnik Cahangir Rüstəmov İsgəndərə daha çox güvənirmiş. Növbəti dəfə kəşfiyyatın gətirdiyi məlumatın ürəkaçan olmadığını İsgəndərə bildirəndə o, "komandir, narahat olmayın, ermənilərə necə döyüşməyi göstərərik", - demişdi. Komandir yaxşı bilirdi ki, İsgəndərin topçu dəstəsi düşməni susduracaq. Başkənd əməliyyatında, "Hörükdaş" və "Keçəldağ" yüksəklikləri uğrunda gedən qanlı döyüşlərdə onun nəyə qadir olduğunu dəfələrlə görmüşdülər. Ona görə də o, sözün əsl mənasında, güvənc yerinə çevrilmişdi. Göyəlli kəndi istiqamətində azğınlaşmış düşmənin qarşısını cəsarət və mətanətlə kəsmiş, onları xeyli itkiyə məruz qoymuşdu. Həmin döyüşlərdən qalib çıxan dəstə növbəti uğurlu əməliyyatın əsasını qoymuşdu, çünki İsgəndərin topçuları strateji yüksəkliyi ələ keçirmişdi. Son döyüşü də məhz bu istiqamətdə olmuşdu.

Qorxmaz, cəsur, vətənpərvər  qəhrəmanlarımız dağlarda şimşəyə dönəndən Şınıx ellərində İsgəndərin adı daha fəxr və şərafətlə çəkilir. Hörmət və ehtiram əlaməti olaraq dünyaya yenicə göz açan oğlan uşaqlarına İsgəndər adının verilməsi isə onun əbədiyaşarlığını təsdiqləyir... Belə oğullar isə Vətənə hər an gərəkdir: İsgəndər Aznaurov, Mübariz İbrahimov... kimi...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2014.- 16 avqust.- S.5.