«Bakı Gimnastika Arenasının dünyada analoqu yoxdur»

 

Bu günlərdə Norveçin bədii gimnastika üzrə milli komandası Bakıda təlim-məşq toplantısı keçirmişdir. Norveç Gimnastika Federasiyasının texniki komitəsinin rəhbəri Bente Byanes Azerisport.com saytına müsahibəsində təəssüratlarını bölüşmüşdür. Müsahibəni kiçik ixtisarla oxuculara təqdim edirik.

Azərbaycanda keçirilən bütün böyük yarışlarda iştirak etmişəm. Bu dəfə iki gimnastımızla təlim-məşq toplantısı keçirdik. "Asker" klubunu təmsil edən bu gimnastlar yaxınlarda Türkiyənin İzmir şəhərində start götürəcək dünya çempionatında iştirak edəcəklər. Mən həm də bu klubda məşqçilik edirəm.

Bizdə azərbaycanlı gimnastlarda olduğu kimi bu cür gözəl şərait yoxdur. Buna görə Bakı səfəri hərtərəfli məşqlər keçirilməsi imkanı nöqteyi-nəzərindən əhəmiyyətli idi. Onu da bildirim ki, nəinki məşq etmək, hətta sadəcə bu cür gimnastika mərkəzində olmaq özü böyük məmnunluqdur.

Əminəm ki, Bakı Gimnastika Arenasının dünyada analoqu yoxdur. Mən müqayisə edə bilirəm. Çünki dünyanın bir çox ölkəsində müxtəlif yarışlarda olmuşam. Ancaq heç yerdə Azərbaycandakı kimi gözəl şərait yoxdur.

Onu da qeyd edim ki, Bakı məni heyrətə gətirdi. Artıq dördüncü dəfədir Azərbaycan paytaxtına səfər edirəm və hər dəfə də təsəvvürüm məni heyrətləndirir. Möhtəşəm memarlıq, müasir binalar, gözəl Milli Park bütün bunlar çox harmonikdir.

 

Azərbaycan. - 2014.- 19 avqust.- S. 6.