Şəmkirli məktəblilərinin respublikanın şimal bölgəsinə ekskursiyası başa çatıb

 

”Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Şəmkir məktəblilərinin Quba-Qusar-Xaçmaz marşrutu ilə ekskursiyası başa çatıb və onlar rayona qayıdıblar.

AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin əməkdaşları, eləcə də valideynlər qarşılayıblar. Tur zamanı qədim tarixə malik bölgənin adət-ənənələrini öyrənməklə yanaşı, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olan aksiya iştirakçıları təəssüratlarını bölüşüblər.

Qrupun rəhbəri Vəfa Namazova ekskursiya ilə bağlı bunları dedi: “Avtobusumuz Şəmkirdən respublikamızın şimal bölgəsinə çatana kimi bir neçə rayondan keçdik. Bu rayonları seyr etdikcə ürəyimiz dağa dönürdü. Sanki başqa bir aləmə düşmüşdük. Geniş yollar, abad kəndlər, yaraşıqlı evlər həyat şəraitinin yüksəlməsindən xəbər verirdi. Hər üç rayonla yaxından tanış olduq. 2007-ci ildə ərazidə torpaq işləri aparılarkən aşkar edilmiş Quba Soyqırımı Memorial Kompleksinə ürək ağrısı ilə baxdıq. Bundan başqa, ekskursiya etdiyimiz rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsi, arxitekturasına görə dünya otelləri ilə rəqabətə girən “Rixos Quba Azerbaijanoteli, Milli Qolf Klubu, eləcə də ”Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, dağ-xizək trası tur-bizə çox maraqlı oldu. Bütün bunlar bizdə vətənimizə olan məhəbbəti birə on qat artırdı və belə bir ölkədə yaşamağımla fəxr etdim. Söz yox ki, bütün bu gözəlliklər, sürətli inkişaf ölkə başçımızın gərgin əməyi sayəsində mümkün olub. Odur ki, üzümü prezidentimizə tutub deyirəm: - Çox sağ olun, Azərbaycan xalqı Sizin gördüyünüz bu işləri heç vaxt unutmayacaq”.

 

Azərbaycan. - 2014.- 19 avqust.- S. 7.