Beyləqan məktəbliləri qədim və müasir Qəbələdə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiya çərçivəsində İmişli və Beyləqan rayonlarından olan 80 məktəblidən ibarət iki qrup avqustun 17-də qədim və müasir Qəbələ ilə tanış oldular.

AzərTAc xəbər verir ki, şagirdlərin Qəbələ ilə tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başladı. Şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyigün ərzində kompleksdə üç min nəfərə xidmət göstərildiyi barədə məlumat verildi. Şagirdlər kanat yolu ilə dağların zirvəsinə qalxaraq Qəbələ şəhərini, ətrafdakı gözəl mənzərəni seyr etdilər, xatirə şəkli çəkdirdilər.

Sonra tarix-diyarşünaslıq muzeyinə gələn məktəblilər Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə etdilər. Bildirildi ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixielmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

Heydər Əliyev Mərkəzini ziyarət edən şagirdlər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə tanış oldular.

Beltmannpiano fabrikində istehsal prosesi ilə yaxından tanış olan tur-aksiya iştirakçılarına müəssisə barədə ətraflı məlumat verildi. Bildirildi ki, burada dünyada məşhur olanBeltmannmarkalı pianolar istehsal edilir.

Daha sonra Nic qəsəbəsinə gələn şagirdlər buradakıCotari” Alban kilsəsinə böyük maraqla baxdılar. Məlumat verildi ki, kilsə tarixi baxımdan ən qədim əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Tur-aksiya iştirakçıları Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə tanış oldular.

Qəbələdən xoş təəssüratla ayrılan İmişli və Beyləqan məktəbliləri Şəki şəhərinə yola düşdülər.

 

Azərbaycan. - 2014.- 19 avqust.- S. 7.