Dörd gün davam edəcək tur-aksiyanın proqramı çox zəngindir

 

Zərdab rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət qrup avqustun 19-da təntənəli mərasimlə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola salındı.

AzərTAc xəbər verir ki, mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar çərçivəsində reallaşan bu səfərin yay tətili günlərində şagirdlər tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandığını, Azərbaycanı, onun ayrı-ayrı bölgələrini yaxından tanımaq imkanı qazanmaq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladılar.

Tur-aksiyanın bələdçisi, Yarməmmədbağı kənd tam orta məktəbinin direktoru Kamal Soltanov dedi: “4 gün davam edəcək tur-aksiyanın proqramı çox zəngindir. Burada məktəblilər nəinki şən və mənalı istirahət edəcək, həm də respublikamızın qədim tarixə malik üç bölgəsi ilə ətraflı tanış olacaqlar. İsmayıllı, Qəbələ və Şəkinin tarixi abidələri, zəngin muzeyləri, turizm obyektləri onlarda unudulmaz təəssürat yaradacaq”.

Tur-aksiya iştirakçıları yolasalma mərasiminə gələnlərin xeyir-duası ilə Zərdab şəhərindəki Heydər Əliyev parkının qarşısındakı meydandan onlar üçün ayrılmış xüsusi avtobusla İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yola düşdülər.

 

Azərbaycan. - 2014.- 20 avqust.- S. 4.