Əsas kapitala yönəldilən vəsaitin 71 faizə yaxını daxili investisiyalardır

 

İqtisadiyyatı inkişaf etdirməkdə məqsədli və düşünülmüş kapital qoyuluşunun xüsusi rolu var. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı uzun müddətdir dinamik inkişaf edir. Düzdür, müstəqilliyin bərpasından sonrakı ilk illərdə kapital qoyuluşunda xarici investisiyalar üstünlük təşkil edirdi və həmin vəsaitlər əsasən neft sənayesinin inkişafına qoyulurdu. İndi isə daxilixarici investisiyalar arasında olan balans birincinin xeyrinədir ki, bu da kapital qoyuluşunda həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyata kapital qoyuluşuna xüsusi önəm verərək demişdir: "Birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də onlara bunu tövsiyə edirdimeyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik. Ancaq burada yaşayan və çalışan şirkətlər buraya investisiyalar qoysa, onlar üçün daha yaxşı olar. Gəlirlilik burada daha yüksəkdir, investisiyalar dövlət tərəfindən qorunur. Ona görə TANAP, "Şahdəniz-2" layihələrinin icrası nəticəsində bizim inşaatla, xidmətlə, digər sahələrlə və əlbəttə ki, energetika sahəsi ilə bağlı şirkətlər də hazır olmalıdırlar. Tenderlərdə iştirak etməlidirlər və orada yaxşı təkliflər verməlidirlər ki, qalib gəlsinlər". Sitatdan da göründüyü kimi, indi artıq söhbət Azərbaycanın özünün xarici ölkələrə sərmayə yatırmasından gedir. Özübu işdə təkcə dövlət iştirak etmir, özəl şirkətlərimiz də ən yüksək səviyyədə xarici ölkələrə investisiya yatırmağa dəvət olunur.

Bununla bağlı son rəqəmlərə nəzər salaq. Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd edilir ki, cari ilin 7 ayında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9075,5 milyon manat vəsait yönəldilmiş və onun 72,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Nəticədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çox olmuşdur. Bu vəsaitin əsas hissəsi məhsul istehsal edən obyektlərin inşasına sərf edilmişdir. Maraqlıdır ki, ümumi sərmayənin 48,5 faizi dövlət, 51,5 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.

Cari ilin 7 ayında da kapital qoyuluşunda daxili investisiyalar üstünlük təşkil etmişdir. Belə ki, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 70,8 faizini təşkil etmiş, onun 65 faizi dövlət, 35 faizi isə qeyri-dövlət bölməsinin payına düşmüşdür.

Əsas kapitala yönəldilən sərmayənin qoyuluşunda müəssisə və təşkilatların, bankların, büdcə və büdcədənkənar fondların və əhalinin şəxsi vəsaitlərindən istifadə edilmişdir. Bu sırada üstünlük müəssisə və təşkilatların payına düşür. Hesabat dövründə əsas kapitala yönəldilən ümumi vəsaitdə sənaye sahələrinin inkişafı üçün ayrılan sərmayələrin xüsusi çəkisi daha çoxdur. Təbii ki, söhbət qeyri-neft sənaye sektorundan gedir. Yeri gəlmişkən qeyd edək ki, qeyri-neft bölməsinə yönəldilən vəsaitin 65,5 faizi dövlət, 34,5 faizi qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşür.

Cari ilin yanvar-iyul aylarında ölkənin paytaxtı və bölgələrində 25 istehsal, emal, sənaye, xidmət və sosial obyektlər tikilib istifadəyə verilmişdir. O cümlədən ölkədə ümumi sahəsi 986,5 min kvadratmetr olan yaşayış evləri, 200 çarpayılıq xəstəxana, 3300 şagirdlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri və digər obyektlərin tikintisi başa çatdırılmışdır.

İqtisadiyyata kapital qoyuluşu yeni yerlərinin açılmasına və əhalinin gəlirlərinin artmasına da təkan vermişdir. Bunun nəticəsidir ki, ilin 6 ayı ərzində inşaat bölməsində çalışan 96,7 min nəfərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən artaraq 622,3 manata çatmışdır. İxtisaslaşdırılmış tikinti işlərində çalışan işçilərin əməkhaqları isə 19,6 faiz artmışdır.

Azərbaycanda olan münbit investisiya şəraiti xarici kapitalı özünə cəlb etməkdə davam edir. Təkcə hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala 2111,9 milyon manat vəsaitin qoyulması bunu bir daha təsdiqləyir. Qoyulan xarici sərmayələrin 79,8 faizi Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, FransaYaponiya sərmayədarlarına məxsusdur.

Prezident İlham Əliyev yuxarıda adıçəkilən iclasda ölkəyə xarici kapitalın qoyuluşunun əhəmiyyəti barədə isə belə demişdir: "Biz çalışmalıyıq ki, xarici investisiyaları ölkəmizin inkişafı üçün lazım olan, prioritet təşkil edən sektorlara cəlb edək. Bizdə xarici investisiyalar daha çox neft-qaz sektoruna qoyulur. Bu da təbiidir. Artıq 20 ildir bu, belədir. Yəqin, nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə də olacaqdır. Ancaq biz çalışmalıyıq ki, digər sektorlara da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb edək. Çünki hazırda infrastruktur layihələrinin icrasına dövlər investisiyaları qoyulur. Biz dövlət kreditlərindən istifadə edərək iqtisadiyyatın real sektorlarını da canlandırırıq. Ancaq çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ deyildir. Çünki hələ ki dünyanı bürümüş iqtisadi və maliyyə böhranının fəsadları  yaşanır, hələ aparıcı dünya iqtisadiyyatlarının iqtisadi inkişafı onlar üçün lazımi səviyyədə təmin edilməyib. Ona görə xarici investisiyaları cəlb etmək o qədər də asan məsələ deyildir. Nəzərə almalıyıq ki, dünyanın əksər ölkələri bu işlərlə məşğuldur. Ancaq biz elə bir şərait yaratsaq və ümumiyyətlə, Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik. Biz bu məsələlər ətrafında işləməliyik".

Göründüyü kimi, kapital qoyuluşu sahəsində qarşıda yeni məqsədlər var. Amma  şübhə yoxdur ki, bu məqsədlərə çatmaq üçün dövlətin müvafiq qurumları tərəfindən səmərəli tədbirlər həyata keçiriləcək və beləliklə, Prezidentin tövsiyələri yerinə yetiriləcək.

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2014.- 21 avqust.- S. 1.