Dövlət Sosial Müdafiə Fondunun sədri Ağsu şəhərində vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev avqustun 20-də Ağsu şəhərində vətəndaşların qəbulunu keçirib.

AzərTAc xəbər verir ki, DSMF-nin Ağsu rayon şöbəsinin inzibati binasında keçirilən qəbulda Ağsu, Qobustan, Şamaxı, Kürdəmir və Ağdaş rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb. Fondun müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi olaraq ayrılmış nəqliyyat vasitəsilə onların Ağsu şəhərinə- qəbulun keçirildiyi yerə gedib-gəlmələri təmin edilib.

Fondun məsul işçilərinin, müvafiq olaraq 5 rayon şöbəsi müdirinin iştirakı ilə keçirilən qəbulda 40 nəfərə yaxın vətəndaş iştirak edib.

“Açıq qapı” şəraitində davam edən qəbulda müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Bir neçə müraciət isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

Bütün müraciətlərə həssaslıqla yanaşılıb, bəziləri operativ şəkildə həllini tapıb. Bir sıra müraciətlərin isə araşdırılaraq həlli üçün fondun məsul işçilərinə, habelə müvafiq rayon şöbələrinə konkret tapşırıqlar verilib. DSMF-nin səlahiyyətlərinə aid olmayan bir sıra müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb, bununla əlaqədar vətəndaşa hərtərəfli izahatlar verilib.

Qəbula gələnlər son illərdə əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində mühüm qərarlar qəbul edildiyini söyləyərək, bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan. - 2014.- 21 avqust.- S.2.