Təhsil Nazirliyində 2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

 

Avqustun 20-də Təhsil Nazirliyində 2013-2014-cü dərs ilinin yekunları və 2014-2015-ci dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, bu qurumun struktur bölmə rəhbərlərinin, rayon və şəhər təhsil şöbələri müdirlərinin iştirak etdikləri müşavirədə nazir Mikayıl Cabbarov ötən dərs ilinin uğurlu olduğunu və ölkə təhsilinin strateji inkişafı baxımından başlanmış islahatların davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayan nazir ötən dərs ilində bu sahənin inkişafı ilə bağlı mühüm sənədlərin qəbul edildiyini xatırladıb.

Məktəbəqədər təhsil məsələsinə toxunan M. Cabbarov bu sahə üzrə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətini vurğulayıb.

Nazir təhsilin məzmunu, tədris resurslarının hazırlanması və s. sahələrdə aparılan islahatların səmərəli olduğunu bildirib.

Müşavirədə çıxış edən məruzəçilər 2013-2014-cü tədris ilinin yekunları, ümumi təhsil məktəbləri məzunlarının buraxılış imtahanlarında göstərdikləri nəticələrin müqayisəli təhlili, Respublika fənn olimpiadalarının təşkili, müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu, Bakı şəhərindəki ümumi təhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi, məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil edilmiş təlimlər və məktəb direktorlarının təyin olunması prosesi, növbəti tədris ilinə hazırlıqla bağlı qarşıda duran vəzifələr barədə ətraflı məlumatlar veriblər.

Nazir M. Cabbarov təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatların dərin rəğbətlə qarşılandığını söyləyib.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 24 iyul tarixli “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq.

Struktur islahatları təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət edir.

Sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyində xüsusi işçi qrupun yaradıldığını söyləyən M. Cabbarov bununla bağlı Fəaliyyət Planının hazırlandığını diqqətə çatdırıb. Nazir qarşıya qoyulmuş vəzifələrin təhsil sisteminin real inkişafına yönəldiyini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Müşavirədə regional idarələrin formalaşdırılması üçün atılacaq addımlar, qarşıda duran vəzifələr və digər məsələlər də müzakirə olunub.

 

Azərbaycan. - 2014.- 21 avqust.- S.3.