Hacıkənd müasir qəsəbəyə çevrilir

 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası bölgələrimizin simasını dəyişib. Tikinti-quruculuq, abadlıq, yenidənqurma işləri geniş vüsət alıb. İllər öncə əlçatmaz görünən bir çox işlər indi günümüzün reallıqlarıdır. Hərtərəfli inkişaf kəndlərimizi də əsaslı şəkildə əhatə edir. Yaxınlığından-uzaqlığından asılı olmayaraq, bütün kəndlərdə sosial infrastruktur layihələri icra olunur, yollar çəkilir, körpülər salınır, içməli su, təbii qaz çəkilişi, dayanıqlı elektrik enerjisi ilə təminat məsələləri həll edilir. Ən ucqar dağ kəndi ilə rayon mərkəzini birləşdirən yollar abadlaşdırılır, gediş-gəliş asanlaşır.

Son illər sosial-iqtisadi sahələrdə uğurlara nail olmuş Gəncə şəhərinin Hacıkənd qəsəbəsi də bu inkişafdan kənarda qalmayıb. Ancaq vaxt var idi, Hacıkənd böyük çətinliklər, problemlər məngənəsində sıxılırdı. Uca Yaradanın bənzərsiz gözəlliklər bəxş etdiyi bu qəsəbənin yolları bərbad, işıqları öləzimiş, əksər qapıları kilidli idi. Hacıkənddən kim nə bacarırdı, qoparmışdı. Meşələrdəki kəsilib-doğranmış ağac kötükləri   ürək dağlayırdı. Bir sözlə, vaxtilə yaxından-uzaqdan gələn turistlərin qəlb ovsununa, könül sevdasına dönən Hacıkənd unudulmuşdu, gözləri baxımsızlıqdan qanqal bitirən yollarda qalmışdı - "...gedənim gedibdir, gələnim yoxdur!.."

Ancaq bütün Gəncə şəhərini əhatə edən genişmiqyaslı quruculuq və abadlıq işlərinin işığı Hacıkəndə də düşdü. Qısa vaxtda xeyli görüldü. Təbii qaz, içməli su, işıq və rabitə xətləri yenidən quruldu. Ümumilikdə 6 min 200 metr məsafədə işıqlandırma sistemi yaradıldı. Küçələrdə, səkilərdə yenidənqurma işləri görüldü. Torpaq sürüşməsinin qarşısını almaq üçün 4 kilometr məsafədə istinad divarları hörüldü. Sel sularının təhlükə yarada biləcəyi yerlərdə iri diametrli borular quraşdırıldı.  

Beləcə, Hacıkənd günü-gündən abadlaşmağa başladı. Görülən quruculuq işlərində milli memarlıq xüsusiyyətlərinə diqqət yetirildi. İnşa edilən divarlar aqlayqaya daşları ilə üzləndi. Ən vacib məsələlərdən olan təbii qaz təminatı həll edildi - qəsəbə başdan-başa qazlaşdırıldı. Keyfiyyətsiz su xətləri yeni plastik borularla əvəzləndi. Beton plitələrlə yol kənarlarında suötürücü kanallar çəkildi. Yeni elektrik dayaqları quraşdırıldı, köhnə naqillər SİP kabellərlə dəyişdirildi, 60-a yaxın yaşayış evinin dam örtüyü yeniləndi. Qəsəbə icra nümayəndəliyinin inzibati binasının dam örtüyü mansardla əvəzləndi. Yenidənqurma işlərindən sonra Hacı Zeynalabdin Tağıyevin adını daşıyan park müasir və gözəl bir görkəm aldı.

Hacıkəndin abadlaşdırılması layihəsi çərçivəsində digər tədbirlər də həyata keçirildi. 150 abonentlik elektron ATS quraşdırıldı, yeni təmir olunan 35 nömrəli orta məktəbdə şagirdlər üçün hər cür şərait yaradıldı. İndi bu təhsil ocağını çəkinmədən müasir şəhər məktəbləri ilə də müqayisə etmək olar.

Bu gün 126 ailənin yaşadığı qəsəbədə 390 məcburi köçkün ailəsi də məskunlaşıb. Həmin ailələrin hamısı indi təbii qazdan istifadə edir. Yeri gəlmişkən qeyd edək ki,  Hacıkənddə məskunlaşmış məcburi köçkün ailələri üçün hazırda Hacıməlik  kəndinin yaxınlığında 60 hektar ərazidə fərdi evlər tikilir.

Hacıkəndə gələn qonağı qəsəbənin adı həkk edilmiş qala divarları qarşılayır. Mərkəzi yola "ötürən" körpü genişləndirilib və suötürücü qovşaq inşa edilib. Mərkəzi yolun və H.Z.Tağıyev parkının işıqlandırılması üçün 55 müasir işıq dirəyi quraşdırılıb.

Qəsəbədə Nizami Gəncəvi adına park da yenidən qurulur. Burada postament tikilərək mərmərlə üzlənib, böyük şairin heykəli qoyulub. Parkda digər işlər də görülür.

Ümumilikdə Gəncə Şəhər İcra Hakimiyyətinin köməyi ilə qəsəbədə abadlıq işləri davam edir. Əminliklə demək olar ki, Hacıkənd tezliklə ən müasir qəsəbəyə çevriləcək.

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 21 avqust.- S.4.