Qayğı şagirdləri ruhlandırır

 

Ağcabədi məktəblilərinin  bir qrupu "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində İsmayıllı, Qəbələ, Şəki şəhərlərinə yola salınmışdır. Bu münasibətlə Ağcabədi şəhərinin mərkəzi meydanında mərasim keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin,  müəllimlərin, valideynlərin, şagirdlərin qatıldığı mərasimin iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin meydanda əzəmətlə ucalan abidəsinin önünə tər çiçəklər qoymuş, ulu öndərə sonsuz ehtiramlarını bildirmişlər.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mərasim iştirakçıları qarşısında çıxış edərək respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Ölkəmizi tanıyaq" layihəsinin əhəmiyyətindən, yetişməkdə olan gənc nəslin dünyagörüşünə, vətənpərvərlik tərbiyəsinə əhəmiyyətli təsirindən ətraflı danışmış, səfər iştirakçılarına uğurlar, xoş təəssürat arzulamışdır.

Bayram əhval-ruhiyyəsi duyulan mərasimdə, təbii ki, ən çox sevinən şagirdlər idi. Onlardan ikisinin ürək sözlərini dinlədik:

Pərviz Bağırlı - Yuxarı Qiyamadınlı kənd orta məktəbinin IX sinif şagirdi:

- Bu səfərin iştirakçıları arasında olmaq şansı qazandığım üçün özümü xoşbəxt sayıram. Mən dərslərimi yaxşı oxuyuram. Valideynlərim də, müəllimlərim də kitabları sevməyimdən razıdırlar. Amma əsas məsələ vətəni sevməkdir. Ölkəmizin qədim tarixə malik şöhrətli məkanları olan İsmayıllını, Qəbələni və Şəkini gəzib, bu diyarı yaxından tanımaq, heç şübhəsiz, biz məktəblilərin vətən sevgisini daha da artıracaqdır. Hər zaman bizi, bizim işıqlı gələcəyimizi düşündüyü, qayğı və diqqətini bizlərdən əsirgəmədiyi üçün Prezident İlham Əliyevə minnərdarlığımı bildirirəm.

Orxan Həsənov - Rəncbərlər kənd orta məktəbinin XI sinif şagirdi:

- Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi bütün gənc və yeniyetmələrin ürəyincədir. Biz dövlətimizin qayğısını hər an üzərimizdə hiss edirik. Bu qayğı və diqqət bizim sabahımızı müəyyən edir. Bu ölkəyə, bu dövlətə layiqli vətəndaş olmaq bizim şərəfli borcumuzdur. İndi İsmayıllı, Qəbələ və Şəki zonasına 3 günlük səfərə yola düşürük. Bu bölgə haqqında tarixcoğrafiya kitablarından xeyli məlumat almışıq. İndi bu yerləri gözlərimizlə görəcək, ölkəmiz haqqında daha zəngin bilgilər qazanacağıq. Ürəyimizcə olan, gənc nəslin vətənpərvərlik tərbiyəsini daha da gücləndirməyə hesablanan bu layihənin təşəbbüskarına, gənclərin böyük himayədarı olan dövlət başçısı İlham Əliyevə ürəkdən təşəkkür edir, çox sağ olun deyirəm.

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2014.- 21 avqust.- S.5.