Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir

 

Bu gün Azərbaycan vətəndaşları fəxr edirlər ki, Azərbaycan dövlətində yaşayırlar. Bu dövlətin vətəndaşlarıdırlar. Çünki Azərbaycan müstəqil siyasət aparır. Bu siyasətin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Xalqın maraqları hər şeydən üstündür. Biz bu siyasəti bütün istiqamətlər üzrə davam etdirəcəyik.

 

İlham ƏLİYEV

 

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inametimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir.

Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına çalışmışdır. Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur. Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq lazımdır” - deyən cənab İlham Əliyevin milli maraqları maksimum dərəcədə qorumaqla İran, Rusiya və digər dövlətlərlə münasibətləri yüksək səviyyədə qurmağa yönəlmiş səyləri ABŞ və Qərbdə də hər hansı qıcıq doğurmur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.

Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi  dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycanın diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər. İrili-xırdalı bir çox dövlətlərin respublikamızla hesablaşması, ölkəmizin mənafeyini nəzərə alması, ilk növbədə, qətiyyətli, inamlı, praqmatik, dünya siyasi arxitekturasının reallıqlarına cavab verən xarici siyasətin nəticəsidir. İqtidarın xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. İşğalçı Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalarsivil tənzimləmə presedentləri mövcud olsa da, həmsədrlər ötən müddətdə “Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi” kimi bir mövqeyi önə çəkirlər. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu “ən optimal gedişkimi dəyərləndirir. “Nə hərb, nə sülh” vəziyyəti xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan “yaxşı” variant görmür.

Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün salınan yeni qəsəbənin açılışında bu məqama da toxunub: “Düzdür, məsələ 20 ildir ki, uzanır. Nəyə görə? Çünki beynəlxalq ictimaiyyət bu məsələ ilə məşğul olmur. Vasitəçilər, sadəcə olaraq, nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyirlər. Bizə deyirlər ki, müharibə etməyin, sülh yolu ilə həll edin. Çağırışlar edilir. Böyük dövlətlərin başçıları açıq bəyanatlar verirlər ki, müharibə olmasın. Yaxşı, biz də istəmirik müharibə olsun. Amma gəlin, bunu həll edin. Bu sizin imkanınızdadır. Ermənistan asılı bir dövlətdir. Ermənistan öz hesabına yaşaya bilməz. Bu asılı dövlətə deyilə bilər ki, çəkil bu torpaqlardan. Bu nahaq işdir. Sən beynəlxalq hüququ, ədaləti pozursan. Amma deyilmir. Deyilir ki, gedin razılaşın. Amma necə razılaşaq ki, onlar torpaqlardan çıxmaq istəmirlər. Ona görə iki yol qalır: ya hərb yolu, ya da danışıqlar yolu. Danışıqlar yolu nəticə vermir. Hələ ki, müəyyən ümidlər var və yaxın vaxtlarda bəzi görüşlər nəzərdə tutulur. Baxarıq, görərik vəziyyət necədir. Ancaq ermənilər bilməlidirlər ki, bu məsələ belə davam edə bilməz. Azərbaycan xalqının səbri artıq tükənir. Bizim imkanımız, bizim güclü ordumuz vardır. Cəmiyyətdə çox gözəl ab-hava, vətənpərvərlik ruhu vardır. Mən deyirəm, yüzlərlə gənc indi cəbhə bölgəsində əməliyyatlarda könüllü kimi gedib iştirak etmək istəyir. Ehtiyac yoxdur. Ordumuz vardır. Ordumuz öz vəzifə borcunu layiqincə yerinə yetirir”.

Azərbaycanın haqlı mövqeyi Avropa Şurasında, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda dəstəklənmişdir. Xatırladaq ki, Avropa Parlamenti tərəfindən qəbul edilmişAvropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur. 2012-ci ildə NATO-nun zirvə görüşündə və qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinin vacibliyi vurğulanmışdır. Eyni zamanda, 2012-ci ildə Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox tutarlı və ədalətli qətnamə qəbul edilmişdir. Həmin qətnamədə deyilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Azərbaycanın sülh danışıqları nəticə verməyəcəyi təqdirdə münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi şəkildə narahat edir. Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnikadöyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da arıtrır. İşğalçı Ermənistan da bu reallığı düzgün qiymətləndirməli və təcavüzkar siyasətindən, nəhayət ki, əl çəkməlidir. Əks-təqdirdə, qarşısında qüdrətli Azərbaycan Ordusunu görəcək.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 1.