Bura Səngəçaldır...

 

Regionun neft-qaz ixracı mərkəzi Bakının 55 kilometrliyindədir

 

Dünyada böyük neft terminalları çoxdur. Nəhəng qaz terminalları da az deyil. Eyni zamanda həm neft, həm qaz ixrac edən möhtəşəm terminallar isə tək-tükdür. Onlardan biri, bəlkə də birincisi Səngəçal terminalıdır.

Səngəçal terminalı Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilinə yaxın ərazidə yerləşir. Dünya bazarlarına neft ixrac edən üç və qaz daşıyan bir nəhəng kəmər başlanğıcını buradan götürür. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasil olunan və Azərbaycana təmənnasız olaraq verilən səmt qazını “Azəriqaz”ın mavi yanacağı paylayan sisteminə qoşan xətlər də terminalın ərazisindən başlanır. Hazırda terminal gündə 1,2 milyon barel nefti və 41,5 milyon standart kubmetrə yaxın qazı texniki emaldan keçirməyə və ixrac etməyə qadirdir.

Səngəçal terminalı “Əsrin müqaviləsi” imzalandıqdan sonra İlkin Neft Layihəsi çərçivəsində inşa edildi. Əvvəlcə o, yalnız “Çıraq” neftini ixrac etmək gücündə idi. Növbəti yataqlardan gözlənilən yüksək hasilat isə obyektin xeyli genişləndirilməsi zərurətini meydana çıxardı.

Səngəçal terminalının genişləndirilməsinə 2002-ci il fevralın 20-də başlandı. Soyuq bir gün idi. Yarımsəhra zonada yerləşən Səngəçalın şaxta-sazağı daha sərt idi. Təməlqoyma mərasimi çölün düzündə qurulmuş çadırda keçirilirdi. Buraya əməliyyatçı şirkətin və tərəfdaşlarının, podratçıların, medianın nümayəndələri toplaşmışdılar. İndi cəsarətlə demək olar ki, bu, neft sənayemizin, ümumiyyətlə, Azərbaycanın tarixində əlamətdar bir gün idi.

Doğrusu, o zaman təsəvvürə gətirmək belə çətin idi ki, cəmi bir neçə ildən sonra bu çovğunlu-küləkli, qumlu-palçıqlı ərazi dünyanın ən böyük terminallarından birinin ünvanına çevriləcək.

Həmin gün hamının gözü qarşısında Səngəçalda torpağa basdırılan “Zaman kapsulu”nda gələcək nəsillərə ünvanlanmış, inam və qətiyyət dolu bu sözlər yazılmışdı: “İndi başladığımız bu layihə Azərbaycanın Şərq-Qərb dəhlizində aparıcı rolunun təsdiqlənməsinə əsas verəcək, onun beynəlxalq nüfuzunu gücləndirəcəkdir... Biz ümidvarıq ki, üç ildən sonra Səngəçal neftin və qazın nəqli üzrə bir neçə nəhəng boru kəmərini birləşdirən enerji daşıyıcılarının nəqli sisteminin dünya miqyaslı regional mərkəzi və Xəzərlə dünya bazarı arasında körpü olan bir obyektə çevriləcək”.

İndi Səngəçal terminalının regionun neft-qaz ixracı mərkəzinə çevrildiyi bir vaxtda onun necə tikildiyi mərhələ-mərhələ göz önünə gəlir.

Genişləndirmə işlərinə başlanmazdan əvvəl Səngəçalda İlkin Neft Terminalı fəaliyyət göstərirdi. O, 1996-1997-ci illərdə tikilmişdi. 1997-ci il noyabrın 12-də “Çıraq” platformasından alınan ilkin neft buraya həmin ilin sonunda çatmışdı.

Səngəçalda texnoloji emaldan keçirilən neft Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri ilə dünya bazarlarına ixrac edilirdi. İlkin Neft Terminalı ildə 6 milyon tondan çox xam neftin texnoloji emalına, saxlanmasına və nəqlinə imkan verirdi. Bu obyekt indi də fəaliyyət göstərir.

Hazırkı nəhəng terminal da 12-13 il əvvəl məhz bu obyektin yaxınlığında ucalmağa başladı. Yeni terminalın yaranması bir zərurət idi. Çünki AÇG yataqlarından çıxarılan neftin getdikcə artacağı və onu qəbul, emal və nəql etməyə köhnə terminalın gücünün çatmayacağı şəksiz idi.

2002-ci ilin iyul ayında Səngəçal terminalının genişləndirilməsi layihəsinin bir hissəsi olan İlkin Mülki Tikinti İşləri tamamlandı. Əvvəlcə sahə təmizləndi və hamarlandı. Yağışın və dağlardan axan qar sularının əraziyə tökülməməsi üçün ətrafda drenaj kanalları qazıldı. Giriş yolları çəkildi, su qurğuları inşa edildi, fəhlələrin yaşaması üçün evlər tikildi.

Sonra əsas tikinti işlərinə başlandı. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri və “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihələrinə sanksiya veriləndən sonra obyektdə aparılan işlər Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) adını aldı.

2003-cü ilin ortalarında “Azəri” yatağından ilkin neftin qəbulu üçün lazımi işlərin yarısı artıq görülmüşdü. Getdikcə sahədə işlər şaxələnirdi. AÇG-nin birinci fazası (“Mərkəzi Azəri”) və ikinci fazası (“Qərbi Azəri” və “Şərqi Azəri”) üçün qurğular tikilirdi.

BTC-nin baş nasos stansiyasında, neft borularının çəkilişində, digər tikinti sahələrində işlər davam edirdi. 2003-cü ilin oktyabrında “Şahdəniz” hissəsinin də inşasına başlandı.

2005-ci ilin fevralında “Mərkəzi Azəri” qurğuları istismar əməliyyatlarına təhvil verildi. Martın 3-də sistem işə salındı. Bu zaman tutumu 880 min barel olan üç neft çəni də artıq istifadəyə verilmişdi.

2006-cı ilin martında ikinci faza qurğularının istismar sınaqları uğurla tamamlandı. Bu zaman artıq üçüncü fazanın da (“Dərinsulu Günəşli”) işlərinə  xüsusi diqqət yönəldilmişdi. Həmin ilin ortalarında BTC baş nasos stansiyası “Azəri” yatağından gələcək neftin hamısını qəbul etmək üçün artıq yetərli gücə malik idi.

2005-ci ilin sonlarında ərazidə “Şahdəniz” qazı üçün iri texnoloji emal obyektinin inşası davam edirdi. Tikintinin 84 faizi artıq tamamlanmışdı. “Şahdəniz” obyektlərinin bir hissəsini də kompressor stansiyasının tikintisi təşkil edirdi. Qazın Azərbaycana, Gürcüstana və Türkiyəyə ötürülməsi üçün istifadə ediləcək bu kompressor və ölçmə stansiyası Cənubi Qafqaz Boru Kəməri layihəsinin tərkib hissəsi idi. Obyektlər 2006-cı ilin ortalarında hazır olmaq üçün qrafikə uyğun inşa edilirdi.

2007-ci il Səngəçal terminalının genişləndirilməsinin axırıncı ili idi. May ayının sonunda “Dərinsulu Günəşli” hissəsinin tikinti işlərinin mexaniki başa çatmasına nail olundu. Oktyabr ayında burada beşinci və altıncı texnoloji xətlər istismara verildi. Bununla da STGP uğurla sona çatdı. Bütün bunlar terminalda neftin texnoloji emal gücünün gün ərzində 1 milyon bareldən yuxarı səviyyədə olmasına imkan yaratdı.

2007-ci il iyulun 7-də Səngəçal terminalı özünün həmin günə qədərki tarixində rekord həcmdə (999700 barel) nefti emaldan keçirərək ixrac etmişdi.

Yüksək rəqabətli tenderdə qalib gələrək terminalın genişləndirilməsi proqramının podratçısı olmaq hüququnu “Azfen-Tekfen” alyansı qazanmışdı.

“Tekfen” Türkiyənin 1956-cı ildə təsis edilmiş şirkətlər qrupudur. “Azfen” isə “Tekfen”in ARDNŞ ilə birgə yaratdığı müəssisədir.

“Azfen-Tekfen” Azərbaycan-Türkiyə alyansı ölkəmizin neft sektorunda bir sıra layihələri uğurla yerinə yetirib. Bununla belə, onun həyata keçirdiyi ən böyük layihənin STGP olduğunu desək, yanılmarıq.

Səngəçalda yalnız BTC-nin baş nasos stansiyasını “Spi Kapaq-Petrofak” (Fransa-ABŞ) birgə müəssisəsi tikib. Bundan əlavə, terminalın araya-ərsəyə gəlməsində onlarla yerli subpodratçı şirkət, təchizat və xidmətlə məşğul olan müəssisə iştirak edib.

Terminalı beynəlmiləl bir işçi qrupu inşa edib. Lakin onun inşaatçılarının 70-80 faizi Azərbaycan vətəndaşlarından ibarət idi. Bunlar da əsasən Qaradağ rayonunun terminalətrafı yaşayış məntəqələrinin, o cümlədən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı “Ümid” qəsəbəsinin sakinləri idi. Tikintinin ən qızğın çağında işlərin həcmindən asılı olaraq burada 3500-4000, bəzən daha çox insan çalışırdı. Qeyd edək ki, işə götürülən vətəndaşlar əvvəlcədən peşə təlimi keçir, Azərbaycanda ən iri neft-qaz və ixrac, eləcə də terminaldakı genişləndirmə layihələrinin əməliyyatçısı olan BP-nin SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) qaydalarını əxz edirdi. Onların hər biri özünü intizamı, məsuliyyəti, keyfiyyətli işi ilə doğrultdu.

SƏTƏMM-in şərtlərinə əraziyə gələn qonaqlar, o cümlədən BP-nin təşkilatçılığı ilə vaxtaşırı burada səfərdə olan jurnalistlər də əməl etməli idilər. Belə ki, sahəyə daxil olarkən onlar da kombinezon və çəkmə geyinir, gözlərinə qoruyucu eynək taxır, başlarına dəbilqə qoymalı olurdular. Ərazini tərk edərkən həmin əşyalar təhvil verilirdi. Lakin bu qeydlərin müəllifinə müstəsna hal kimi, yadigar olaraq bir neftçi kombinezonu bağışlayıblar... Bunlar əziz, kövrək və qürur doğuran xatirələrdir.

Hazırda Səngəçal terminalı İlkin Neft Layihəsi, AÇG çərçivəsində çıxarılan nefti texnoloji emal edən avadanlıqları, BTC-nin baş nasos stansiyasını, Cənubi Qafqaz Boru Kəməri və “Şahdəniz” qurğularını özündə birləşdirən bir obyektdir. O, dünyadakı ən böyük terminallardan biri olmaqla yanaşı, həm də bu tipli obyektlər sırasında bənzərsizliyi ilə fərqlənir. Belə ki, bir neçə nəhəng kəmər buradan şaxələnib dünyaya yol başlayır.

Səngəçal terminalının hər qurğusunun, hər çəninin istifadəyə verilməsi bir hadisə idi. Burada xalqımızın tarixində özünə yer tutan mühüm hadisələr, əlamətdar günlər də çox olub.

2002-ci il sentyabrın 18-də bütün dünyanın nəzərləri Xəzərin sahilindəki bu məkana dikilmişdi. Burada üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan BTC əsas ixrac neft kəmərinin təməlqoyma mərasimi keçirilirdi. Mərasimdə üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-ın energetika naziri, digər hörmətli qonaqlar iştirak edirdilər. Ulu öndər Heydər Əliyev müəllifi olduğu digər qlobal layihələr kimi, BTC-yə də böyük inam bəslədiyini həmin gün bir daha göstərdi. Buradakı çıxışını böyük nikbinliklə səslənən “Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!” sözləri ilə bitirdi.

Zaman ulu öndərin nə qədər uzaqgörən olduğunu sübuta yetirdi. 2005-ci ilin fevral ayında “Azəri” yatağının mərkəzi hissəsindən ilkin neft hasil olundu. Sualtı kəmərlər bu nefti mart ayında Səngəçala çatdırdı. Mayın 25-də terminalda böyük bir təntənə quruldu. Bu dəfə dörd ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin və Qazaxıstanın prezidentlərinin iştirakı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə ilk neft vuruldu.

Həmin tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni neft strategiyasının həyata keçirilməsi uğrunda görülən işlərin hamısını yüksək dəyərləndirərək demişdir: “Bütün bu işləri görmək üçün, əlbəttə ki, möhkəm iradə lazım idi, müdriklik lazım idi. İqtisadi və siyasi islahatlar aparmaq lazım idi. Amma onu da bilirik ki, həlledici rolu neft amili, “Əsrin müqaviləsi”nin imzalanması oynamışdır. Həmin müqavilə, ondan sonrakı dövr ərzində görülən işlər Azərbaycanın inkişafına böyük təkan vermişdir və biz bunu bu gün də hiss edirik”.

STGP çərçivəsində Qaradağ rayonunda geniş bir sosial sərmayə proqramı da həyata keçirildi. Proqrama daxil olan tədbirləri saymaqla qurtarmaz. Məsələn, onların birinə əsasən Lökbatanda doğum evi yenidən quruldu.

Digər bir layihə “Davamlı gəlirin yaradılması” adlanırdı. “Ümid” qəsəbəsində yaşayan məcburi köçkün qadınlar elə evlərindəcə işlə təmin olundular. Onlara evdə uşaqlarına nəzarət edə-edə işləmək və pul qazanmaq imkanı yaradılmışdı. Belə ki, qadınların hər birinə tikiş maşını, parça, sap və s. verildi. Onlar neft-qaz obyektlərində çalışanlar üçün iş əlcəkləri tikməyə başladılar. Əvvəlcə təlimlərin keçirilməsi onların öz işlərini yüksək keyfiyyətlə yerinə yetirməsinə təminat verdi.

Sosial sərmayə layihələrinin biri Səngəçaldakı 222 nömrəli orta məktəbin yeni idman kompleksinin açılmasına səbəb oldu. İdman kompleksi, demək olar ki, təzədən tikildi. Oraya yeni hasar çəkildi, voleybol və basketbol meydançaları quruldu, futbol meydançası bərpa olundu.

“Ümid” qəsəbəsində İcma İnkişafı Mərkəzi açıldı. Bu mərkəzi qəsəbədə “Xeyir-şər evi” də adlandırırlar. Onun 240 kvadratmetrlik zalı, mətbəxi, dörd iclas otağı, sanitariya şəbəkəsi var. Qəsəbədə növbəti yeni obyekt məktəb binası oldu. Məcburi köçkün uşaqları üçün tikilən bu məktəbin 290 kvadratmetr sahəsi var. Məktəb 230 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdu. O, yeddi sinif otağı və sanitariya qovşağı, 200 kvadratmetrlik oyun sahəsindən ibarətdir.

Daha bir layihənin icrası “Ümid” və Səngəçal əhalisi üçün kanalizasiya sisteminin modernləşdirilməsini mümkün etdi.

STGP çərçivəsində neçə il dalbadal Qaradağ məktəbliləri üçün futbol turniri təşkil edildi. Şagirdlərin Bakı zooparkına dəfələrlə səfərləri təşkil olundu. Onların təhsilinə, dünyagörüşünün genişlənməsinə dəstək verən neçə-neçə digər tədbirlər keçirildi.

Səngəçalda aparılan inşaat işləri böyük miqyaslı idi. Ona görə də əvvəlcədən ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədləri hazırlanmışdı. Tikinti işləri zamanı bir sıra yerli və qlobal əhəmiyyətli canlı növləri təsirə məruz qala bilərdi. “Qırmızı kitab”a düşmüş Aralıq dənizi tısbağaları xüsusilə həssas idi. Ona görə də tısbağalar qış yuxusunda ikən ayrı-ayrı qutulara yığıldı. Terminalın ərazisində qeyri-adi bir ferma - tısbağa ferması yaradıldı. Beləliklə, bu canlılar təhlükədən qorundu, böyüdü, artdı... Fürsətdən istifadə edib tısbağalara alimlər, mütəxəssislər baş çəkdilər, onları müşahidə edərək yeni bilgilər qazandılar. Məktəblilər ekskursiyaya gələrək maraq dünyalarını zənginləşdirdilər.

Səngəçal terminalı yenə də genişləndirilir. Çünki “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaz sualtı xətlərlə buraya gələcək. Buradan isə genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinə vurularaq TANAP-a, sonra da TAP-a qovuşacaq. Səngəçaldan başlanan yollar Azərbaycanı getdikcə dünyanın daha uzaq ünvanları ilə birləşdirir.

 

Flora SADIQLI

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 3.