ARDNŞ-in nümayəndə heyəti İranda səfərdə olub

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti rəhbərliyinin dəvəti ilə İran İslam Respublikasında səfərdə olub.

Azərbaycan neftçiləri İranın Neft Nazirliyində, bu ölkənin neftqaz şirkətlərində görüşlər keçiriblər. Akademik X.Yusifzadənin İranın neft nazirinin birinci müavini, İran Milli Neft Şirkətinin baş direktoru Rüknəddin Cavadi, neft nazirinin beynəlxalq məsələlər və ticarət üzrə müavini Əli Məcidi və İran Milli Qaz Şirkəti baş direktorunun beynəlxalq məsələlər üzrə müavini, şirkətin qaz ixracı üzrə idarə heyətinin sədri Əzizulla Ramazani ilə görüşlərində neftqaz sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, tərəflərin neftqaz hasilatı, nəqli və ixracı sahəsində imkanları, iki ölkə arasında mövsümi qaz nəqli və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətində keçirilən görüşdə şirkətin baş direktoru Əli Osuli rəhbərlik etdiyi qurumun ARDNŞ ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Tərəflər Xəzərdə və beynəlxalq neft-qaz layihələrində Azərbaycan-İran əməkdaşlığının ölkələrimizin mənafeyi naminə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonra tərəflər arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

ARDNŞ-in nümayəndə heyəti Tehranda elmi-tədqiqat neft sənayesi institutuna da dəvət edilib, iranlı alimlərin neft-qaznanotexnologiyalar sahəsində araşdırmaları ilə tanış olub.

 

Rabil Kətanov

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 3.