Tariximizin izləri qalan qədim məskən

 

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə  təşkil edilib. Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşir, Araz çayının sol sahilində Zəngilan, Qubadlı, Xocavənd, Füzuli rayonları ilə qonşuluqda yerləşən Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.

 

 Cəbrayılın ərazisi əsasən dağlıqdır. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Bu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və digərləri yerləşir. Rayonun ən yüksək zirvəsi Dağtumasdır (1580 m). Bu yerlərdə yaşı 400-500 olan 14 iri çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.

Rəvayətə görə, Cəbrayıl ata VIII əsrdə Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından idi və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl atayaonun övladlarına məxsus olub. Onun “Cəbrayıl ata” adı ilə məşhur olan məqbərəsinin uzunluğu 4,5, eni 2,4, hündürlüyü 1,8 metrdir. Digər mənbə və məlumata görə, Cəbrayıl toponimi Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə “Allahın qulu” deməkdir.

Vaxtilə Cəbrayılın ərazisi Midiya (e.ə VII-IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV-III əsrlər), Albaniya (e.ə IV -III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi idi. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu, 1478-ci ildən Ağqoyunlu dövlətlərinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısı və XIX əsrin əvvəllərindən Qarabağ xanlığının tərkibində olub. 1823-cü ildə rus məmurları vergi yığmaq məqsədilə siyahı tərtib edərkən Cəbrayılda 17 tirə, 443 ev, 2200 nəfər əhali qeydə alıb.

XIX əsrin əvvəllərində rusların işğalından sonra Cəbrayıl ərazisi bir müddət mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildən isə Şuşa qəzasının tabeliyinə verilib. Hələ o vaxtlar Cəbrayılda baramaçılıq, xalçaçılıq geniş inkişaf edib, 5 ipək fabriki olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min kvadratkilometr, əhalisi 66360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsinin çəkilməsi ilə regionun inkişafı daha da sürətlənib.

1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla Cəbrayıl rayonu təşkil ediləndə  sahəsi 1050 kvadratkilometr, əhalisi 24.300 nəfər olub.

Tanınmış ziyalıları və mərd oğulları ilə həmişə fəxr edən Cəbrayıl Azərbaycan SSR-nin maarif naziri, akademik Mehdi Mehdizadə, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev, akademik, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Əşrəf Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, türkoloq, dilçi, ədəbiyyatşünas Tofiq Hacıyev, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov, qəhrəman Azərbaycan zabiti Ramil Səfərov, Azərbaycanın Milli qəhrəmanları Kazım Məmmədov, Şikar Aslanov, Vüqar Hüseynov, Akif Əkbərov, Sosialist Əməyi qəhrəmanları Bəyaz Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar İmrəliyev kimi tanınmış simaların yurdudur.

* * *

Bütün dövrlərdə “erməni-müsəlman” qarşıdurmasında ən çox zərər görən, eyni zamanda yüksək şücaət göstərən də məhz bu bölgənin insanları idi. Kökə, torpağa bağlılıq və adət-ənənəyə, dinə sadiqlik buradakı insanları həmişə fərqləndirib. Bunu hələ bitməyən Qarabağ savaşı, bir də Cəbrayılın bu savaşda şəhid olmuş övladları öz qanı və qəhrəmanlığı ilə bir daha sübut etdi...

Cəbrayıl öz tarixinin ən ağır günlərini 1993-cü ildə yenidən yaşadı, bu qədim yaşayış məskəni erməni qəsbkarları tərəfindən zəbt edildi. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzi və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, yalnız Cocuq Mərcanlı kəndini azad edə bildi...

İşğal nəticəsində Cəbrayılın 52049 sakinindən 362 nəfəri şəhid, 191 nəfəri isə əlil oldu. Dağıntıya məruz qalan sənaye və kənd təsərrüfatı obyektlərinin sayı 52, mədəni-maarif müəssisələri 149, kənd və qəsəbələri 91, tarixi abidələri 127-dir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. Cəbrayıllılar respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra hazırda 66509 nəfər rayon sakini (16014 ailə) respublikanın 55 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. 32 min 98 nəfər (48,3 faiz) Bakı şəhəri, Bakıətrafı qəsəbələrdə, 3 min 991 nəfər (6 faiz) Abşeron rayonunda, 5 min 653 nəfəri (8,5 faiz) Sumqayıt şəhərində, 18 min 316 nəfəri (27,5 faiz) Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə, 6 min 451 nəfəri isə (9,7 faiz) respublikanın digər şəhər və rayonlarında məskunlaşıb.

Ümummilli lider Heydər Əliyevin 13 may 2002-ci il tarixli fərmanına əsasən cəbrayıllı məcburi köçkünlər üçün 2003-cü ildə Biləsuvar rayonu ərazisində 2598 evdən ibarət 6 qəsəbə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmişQaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq həmin ərazidə əlavə 1858 evdən ibarət daha 5 qəsəbə salınıb və ümumilikdə bu 11 qəsəbədə müasir tipli hər biri 280 yerlik 11 məktəb, hər biri 50 yerlik 11 uşaq bağçası, 11 klub, 11 rabitə evi, 5 feldşer-mama məntəqəsi, 5 həkim ambulatoriyası, 11 qəsəbə əhalisinə xidmət göstərən 50 çarpayılıq 1 sahə xəstəxanası, qəsəbə nümayəndəlikləri üçün 11 inzibati bina, baytarlıq idarəsi üçün inzibati bina, 3 qəsəbədə yanğından mühafizə idarəsi üçün bina və 2011-ci ilin mart ayında rayon icra hakimiyyəti üçün ikimərtəbəli yeni inzibati bina tikilib istifadəyə verilib.

Dövlət proqramına uyğun olaraq Biləsuvar, Saatlı rayonlarında salınan yeni qəsəbələrdə və Bakı şəhərində tikilən hündürmərtəbəli binalarda cəbrayıllı köçkün ailələrinin xeyli hissəsi mənzillə təmin olunub, onların yaşayış şəraiti yaxşılaşdırılıb.

Torpaqlarımızı erməni hərbi birləşmələrinin təcavüzündən müdafiə edərkən həlak olmuş Cəbrayıl şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonu ərazisində “Şəhidlər abidə kompleksi” yaradılıb və erməni işğalçılarına qarşı mübarizədə həlak olan, itkin düşən hərbi qulluqçuların, polis işçilərinin, mülki şəxslərin adları qeyd olunub.

* * *

21 ildir erməni işğalına dözən Cəbrayılı qədim mənbələrdə tarixçilər, səyyahlar “Qarabağın qapısı” adlandırırdılar. Bu diyarın yaşı qədim memarlıq abidələri, maddi mədəniyyət nümunələri ilə ölçülür. Onlardan ən möhtəşəmi isə nəinki Qarabağın, o taylı, bu taylı Azərbaycanın rəmzi sayılan, Şərqin ən əzəmətli abidələrindən olan Xudafərin körpüləridir. Tarixi İpək yolunun üstündə, Araz çayı üzərində inşa olunan bu körpülər Azərbaycanın orta əsr şəhərlərini birləşdirməklə bərabər həm də mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Əsrlər boyu Azərbaycan torpaqlarına göz dikənlər indi onları həsrət körpüsünə çevirdilər.

Xudafərin körpüsündən keçənlər arasında Qarabağın ilk qadın şairəsi Aşıq Pəri də vardı. O, 1811-ci ildə bu yurdda -  Cəbrayılın Maralyan kəndində anadan olub. Qısa zaman ərzində böyük şan-şöhrət qazanandövrünün tanınan ziyalılarının, aşıqlarının diqqətini özünə cəlb edən Aşıq Pəri təxminən 1830-cu ildə Şuşaya köçübömrünün sonuna qədər burada yaşayıb. “Aşiqlər aşiqiadlanan Aşıq Pərinin gözəlliyi aşıqların yaradıcılığında vəsf olunub, şəninə saysız-hesabsız qoşmalar, gəraylılar yazılıb. Məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazırdı. Dövrünün tanınan ziyalılarından Mirzə Həsən bəy Mirzə, Kərbəlayı Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Mirzəcan Mədətov kimi söz sərrafları ilə deyişməkdən çəkinməyən Aşıq Pəri gənc yaşlarında - təxminən 1847-ci ildə Şuşa şəhərində dünyasını dəyişib.

Aşıq Pəri sanki bu müsibətlərdən əvvəlcədən xəbərdar kimi həzin misraları ilə Qarabağın bugününə belə bir ağı deyib:

 

Mən Pəriyəm, eşqə zaram neyləyim,

Dərdi-dildən xəbərdaram, neyləyim,

Burdan ora intizaram, neyləyim,

Şəfalansın nuri-vüsalın sənin.

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 5.