Gəzməyə Vətən də yaxşıdır

 

Lerik rayonundan olan məktəblilər “Ölkəmizi tanıyaq” devizi altında avqustun 19-dan Gəncə istiqamətində 4 günlük ekskursiyaya başlayıb. Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan qərargahda turda iştirak etmək üçün 40 nəfər əlaçı və nümunəvi şagird, eyni zamanda 5 nəfər müşayiətçi - iki müəllim, bir həkim, bir bələdçi və bir sürücü müəyyən edilib.

Səfərə çıxmazdan əvvəl ekskursiya iştirakçıları Lerik şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri düzüblər. Daha sonra onlar Gəncə şəhərinə yola düşüblər. Səyahət turunun proqramına uyğun olaraq gənclərin Gəncə şəhərində Tarix-Diyarşünaslıq Muzeyi, İmamzadə məscidi, Nizami Gəncəvinin məqbərəsi, Heydər Əliyev Muzeyi, Cavad xanın məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Qədim qala divarları, Xan bağı, Çökək hamam, Göygöl rayonunda Alman kirxası, Tarix-Diyarşünaslıq Muzeyi, alman yaşayış məskənləri və burada yaşamış alman Viktor Klaynın ey muzeyi, eləcə də orta əsr Şəmkir şəhəri ərazisinə ekskursiyaları nəzərdə tutulub.

Qeyd edəki ki 2014-cü il avqustun 1-dən “Ölkəmizi tanıyaq” devizi altında respublikanın şəhər və rayonlarına gənclərin ekskursiyaları davam edir.

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 4.