Sağlam ailə sağlam gələcəyin təminatıdır

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçirilir.

AzərTAc xəbər verir ki, layihə çərçivəsində avqustun 22-də Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissənin şəxsi heyətinin iştirakı ilə tədbir təşkil edildi.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskayarayon ağbirçəklər şurasının sədri Rahilə Babayeva ailə institutunun möhkəmləndirilməsində milli–mənəvi dəyərlərin, ailə mədəniyyətinin rolundan, nəsillərarası münasibətlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsinin vacibliyindən söhbət açdılar. Eyni zamanda reproduktiv sağlamlıq, ailə ekologiyası, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyəti, hüquqi maarifləndirmə, nikah müqaviləsinin zəruriliyi, gənclərin psixoloji durumuna təsir edən amillər, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlar barədə məlumat verildi. Bildirildi ki, bu tip tədbirlərin əsas məqsədi gənclərə sağlam həyat tərzinin təbliğ olunmasıdır.

Dialoq şəklində davam edən tədbirdə zabit və əsgərlərin fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı, müzakirələr aparıldı.

Sonda komitə tərəfindən hərbi hissəyə fotoaparat və maarifləndirici çap materialları təqdim edildi.

 

Azərbaycan. - 2014.- 23 avqust.- S. 5.