Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qax şəhərində vətəndaşları qəbul etdi

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AzərTAc xəbər verir ki, qəbul cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov avqustun 22-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciətlərini, təklif və xahişlərini dinlədi.

Komitənin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşlar əsasən, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakları üzərində hüquqların dövlət qeydiyyatı, müvafiq qurumlar tərəfindən ayrılmış və ya alğı-satqı ilə əldə etdikləri torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı müraciətlər etdilər.

Qəbulda, həmçinin vətəndaşların yaşadıqları fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar müraciətlər də səsləndirildi. Müraciətlərin bir qismi dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı oldu. Vətəndaşlar icarə müqaviləsi əsasında istifadə etdikləri və ya icarədə, istifadədə olmayan dövlət əmlakının özəlləşdirilməsi barədə müraciətlərini çatdırdılar. Qəbula gələnlər komitə sədrindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi yardımın göstərilməsi, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün köməklik göstərilməsini xahiş etdilər.

Komitə sədri qəbulda iştirak edən vətəndaşları narahat edən məsələləri diqqətlə dinlədi, bu müraciətlərin qanunauyğun şəkildə nəzərdən keçirilərək, həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirdi.

Qəbulda, həmçinin vətəndaşlara Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən şəffaf və rahat xidmətlər, fəaliyyətdə tətbiq edilən yeniliklər barədə də məlumat verildi. Bildirildi ki, səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin özəlləşdirilməsi məqsədilə keçirilən hərraclarda elektron xidmətlər uğurla tətbiq edilir. Vətəndaşlar hərraclarda iştirak üçün sifarişlərini elektron qaydada verə bilirlər.

Diqqətə çatdırıldı ki, dövlət əmlakının özəlləşdirilməsi ilə yanaşı, dövlət reyestrindən çıxarışların, texniki sənədlərin və digər zəruri məlumatların verilməsi, ipoteka, lizinq, servitutuzufrukt əməliyyatlarının qeydiyyatı və ləğvi ilə bağlı ümumilikdə 28 elektron xidmət hazırda vətəndaşların istifadəsindədir.

Qəbulda iştirak edən vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirdilər.

 

Azərbaycan. - 2014.- 23 avqust.- S. 5.