Terrora məruz qalan tarixi yadigarlar

 

Füzuli rayonunun işğalı zamanı maddi-mədəniyyət abidələrimiz təcavüzün qurbanına çevrildi

 

Minilliklər boyu müxtəlif məşəqqətlərin şahidi olan, təbii sərvətlərinə  xain qonşular tərəfindən göz dikilən Azərbaycan torpağı son 200 ildə daha dəhşətli terrorların, barbarlığın qurbanına, erməni-daşnak silahlı quldur dəstələrinin təcavüzünə məruz qaldı. Ən qədim tarixə malik diyarlardan olan Füzuli rayonunun da ötən əsrin 90-cı illərində Ermənistanın hərbi təcavüzü nəticəsində işğalı yalnız torpaq insan itkisi ilə yadda qalmadı.

Bu ərazinin tariximizin yaşdaşı yaddaşı kimi tanınan Azıx mağarası (təəssüf ki, 22 ildir o da ermənilər tərəfindən işğal edilib) ilk insan məskəni kimi bəşəriyyəti heyran qoymaqdadır. Ötən əsrin əvvəlində olduğu kimi, sonunda da Qarabağ torpaqlarında abidələrimiz şovinizm siyasətinin qurbanına çevrildi. İlk vaxtlar "mədəni" şəkildə (keçmiş SSRİ-nin beynəlmiləlçilik bayrağı altında) həyata keçirilən bu çirkin siyasət ötən əsrin 80-ci illərindən sonra açıq-aşkar özünü göstərdi. Məqsəd yalnız Azərbaycan ərazilərini işğal etmək deyildi. Burada məqsəd etnik təmizləmə siyasəti aparmaqla yanaşı, əcdadlarımızın bu torpaqlardakı yadigarlarını - tariximizin alt qatlarına məxsus maddi-mədəniyyət abidələrini məhv etmək, əsrlərin izlərini silmək, saxtalaşdırmaq, daha doğrusu, "özününküləşdirmək" idi.

Qarabağ dağ silsiləsinin cənub ətəklərindən Araz çayına qədər maili düzənlik sahələri, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə əhatə olunan qonşu İranla həmsərhəd Füzulinin tarixi çox qədimdir. İnzibati ərazi kimi əsası 1827-ci ildə qoyulmuş rayonun ilk adı Qarabulaq olub. Böyük söz ustadı, Azərbaycan ədəbi nəslinin banilərindən biri Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adının dəyişdirilməsi yalnız füzulisevərlərin deyil, xalqımızın istəyincə idi. Rayonun ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində digər yerlərdə aparılan tədqiqatlar bir daha təsdiqlədi ki, Azərbaycan ulu, qədim tarixini qoruyub saxlayır dərin köklərə malikdir.

Qarabağ ellərinin başı üzərini qara buludlar alanda Füzuli rayonunun da taleyi sual altında idi. Qarabağın zümrüd tacı Şuşa əldən getmiş, Laçın "humanitar dəhliz" adı altında zəbt olunmuş, Kəlbəcər 5 il mühasirədə boğularaq köməksizlikdən düşmən əlinə keçmiş, Ağdamın isə daşı daş üstə qalmamışdı. Belə bir hərbi-siyasi vəziyyətdə azğınlaşmış, havadarlarına güvənən ermənilər irəliləyərək Qarabağın aran yerlərini zəbt etməyə çalışırdılar.

Azğın düşmənin məkrli siyasəti dünyanın sivil xalqlarını çaşdırdığından müstəqilliyini bərpa edən dövlətimizin yenidən imperiya boyunduruğu altına keçmə təhlükəsi yaranmışdı. O ağır məşəqqətli günlərdə  ulu öndər Heydər Əliyevin yeganə xilaskar kimi görünməsi xalqımızın onu siyasi hakimiyyətə yenidən qayıtmasını təkidlə tələb etməsi ümummilli liderin Azərbaycan oğullarını vətənimizin müdafiəsinə çağırışı vəziyyəti dəyişdi. Düşmənin sürətlə irəliləməsinin qarşısı alındı. Üstəlik, erməni quldur dəstələri zəbt etdikləri ərazilərimizdən geri çəkilməyə məcbur  edildi ki, bu da məhz müqəddəs Füzuli torpaqlarında baş verdi. Bu, həm Ali Baş Komandanın ön cəbhədə əsgərlərlə birlikdə düşmən qarşısına çıxması nəticəsində orduda yaranan vətənpərvərlik hisslərinin bərpası idi.

Füzulinin işğal olunmuş digər rayonlardan fərqi həm ondadır ki, Ağdam kimi, onun da bəzi yaşayış məntəqələri düşməndən azad edilmişdir. Rayonun işğaldan azad olunmuş ərazilərində salınan 13 qəsəbə 20 kənd Füzuli əhalisinin doğma torpaqla ünsiyyət yerinə çevrilib. Həmin qəsəbələrdən 12-si işğaldan azad edilən ərazidə yeni salınıb burada 51 min nəfər məcburi köçkün ailəsi yerləşib.

1.100 nəfərdən çox şəhid, yüzlərlə itki vermiş Füzuli rayonunun 1.500-ə yaxın əlil şikəst övladı indi Qarabağın qaytarılması uğrunda hər an döyüşlərə atılmağa hazırdır onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Çünki onlar düşməndən çox böyük zərbə alıblar. 22 il öncə itkin düşmüş, girov götürülmüş 113 Füzuli sakinindən bu gün soraq yoxdur. Təcavüz nəticəsində minlərlə uşaq zərər çəkib ki, onlardan da 155-i yetim qalıb.

Digər işğal altına düşən ərazilərimizdəki kimi, Füzulidə ilk hədəfə alınan tarixi yadigarlarımız olub. Belə maddi-mədəniyyət tarixi abidələrimizdən biri dünya etnoqraflarının daim marağını çəkən Azıx mağarasıdır. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdir ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir.

Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr var idi. Babı türbəsi (1273-cü il), Aşağı Veysəllidə qülləvari Mirəli türbəsi (XV əsr), Əhmədalılar ya Arğalı türbəsi (XIII əsrin sonu), Qarğabazar kəndindəki Hacıqiyasəddin məscidi (1862-ci il), Karvansara (1864-cü il), Füzuli şəhərindəki Hacı Ələkbər məscidi (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurları tariximizin dərin qatlarından soraq verən, milli mədəniyyətimizin inkişafını ulu etnikə malik olduğumuzu təsdiqləyən tutarlı faktlardı. Təəssüf ki, erməni vandalizminin qurbanlarına çevrilmiş tarixin bu daş salnaməsinin sonrakı taleyi bizə məlum deyil. Digər işğal olunmuş rayonlarımızın ərazisindəki kimi, burada da daşnak tör-töküntüləri tarixi-memarlıq abidələrinə divan tutmuş, müqəddəs ziyarətgahları yerlə yeksan etmişlər. Bu isə torpağımızın hər daşının, qayasının, külünün göyə sovrulması, yurdların viran qoyulması, bir sözlə, ermənilərin vandalizm siyasətinin təsdiqidir.

Ulu öndər Heydər Əliyevin bir çağırışı ilə Füzuli rayonunun bir hissəsi işğaldan azad edildisə, demək, digər ərazilərimizi geri qaytarmağa qadirik! Bunu  xalqımızla birlikdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev deyir! Bunu həmçinin Azərbaycanın dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənib formalaşan Azərbaycan ordusu xalqımızın mübariz ruhu deyir!

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2014.- 23 avqust.- S. 6.