Bilik Fondunda bölgə nümayəndələri ilə görüş olub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsinin başlanma vaxtı və coğrafiyası müəyyənləşib.

Fondun informasiya təminatı sektorundan AzərTAc-a verilən məlumata görə, qurumun müxtəlif rayonlar üzrə nümayəndələri Bilik Fondunda olublar.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovun iştirakı ilə keçirilən müzakirədə “Qardaşlaşmış məktəblər” layihəsinin təfərrüatları yerli nümayəndələrə izah olunub, onlara müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, “Qardaşlaşmış məktəblər” layihəsi sentyabrın 5-dən başlayaraqBilik günü”nədək yeddi bölgənin müxtəlif şəhər və rayonlarındakı iyirmi orta məktəbdə həyata keçiriləcək. “Bilik günü”ndə bir sıra bölgə məktəblərində ilk dərsi ölkənin tanınmış elm adamları, ictimai xadimlər keçəcək. Layihə Azərbaycanın bütün rayonlarını əhatə edəcək.

Bakıdakı 190 və145 nömrəli orta məktəblərin şagirdləri müvafiq olaraq Şəki və Ağstafada, Sumqayıt məktəbliləri Qubada, mingəçevirli şagirdlər Horadizdə, Biləsuvar məktəbliləri Gədəbəydə, Oğuz məktəblərinin təmsilçiləri Beyləqanda, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Tovuzda, Astara məktəbliləri Ağdamda, Gəncə məktəblərinin nümayəndələri Neftçalada, Şamaxı məktəbliləri Bərdədə yaşıdları ilə görüşəcəklər. İki günlük səfər çərçivəsində müxtəlif tədbirlər, bilik yarışları keçiriləcək, tarixi yerlərə ekskursiyalar təşkil olunacaq.

Proqrama məktəblərin qardaşlaşdığını göstərən rəsmi dostluq sazişinin imzalanması da daxildir. Sazişə görə, məktəblilər Bilik Fondunun dəstəyi ilə mütəmadi görüşlər, “dəyirmi masalar, müxtəlif yarışlar keçirəcək, qarşılıqlı səfərlərdə iştirak edəcəklər.

Görüşdə bölgə nümayəndələri “Qardaşlaşmış məktəblər” layihəsini yüksək qiymətləndirib, təkliflər səsləndirib, layihənin regionlar üçün vacibliyini vurğulayıblar.

Müzakirələrdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşavirliyinin əməkdaşı iştirak edib.

Qeyd etmək lazımdır ki, artıq Bilik Fondu müxtəlif istiqamətlərdə bir neçə layihənin icrasına başlayıb. Bu layihələr içərisində “Dini abidələrdə tarixin izləri”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Docendo discimus”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizod”, “Auditoriya +”, “Yaradıcılıq fakültəsi” layihələri uğurla həyata keçirilir.

Bununla yanaşı, “Dini abidələrdə tarixin izləri” layihəsi çərçivəsində Bərdədəki İmamzadə məscidində ilkin araşdırmalar aparılıb, qəbirüstü yazılar oxunaraq tərcümə edilib. Növbəti mərhələdə Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının, dinşünasların, bərpaçıların və xarici qonaqların iştirakı ilə burada “dəyirmi masa”nın keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan. - 2014.- 24 avqust.- S. 2.