Demokratik dəyərlərə xidmət edən Konstitusiya

 

Yeni yaranan, müstəqilliyə qovuşanya köklü siyasi-iqtisadi dəyişikliklərin həyata keçirildiyi ölkələrdə ilk vəzifələrdən biri məhz dövrün tələblərinə uyğun Konstitusiyanın qəbulu olmuşdur. Bu mənada təsadüfi deyil ki, 1991-ci il oktyabr ayının 18-də qəbul edilən "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı"nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdı. Lakin 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətdə olan iqtidarlar bu barədə heç bir görməmişdilər.

Azərbaycanda yeni Konstitusiyanın qəbulu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər bir kəsin firavanlığının təmini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi üçün ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridirbu, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə böyük yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı, bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, eyni zamanda, ölkədə müasir, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasihüquq sistemlərində sabit özülün yaradılması da mühüm addım oldu.

Konstitusiyanın preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, bu ali sənəd çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsini ifadə edən, hüquqi, dünyəvi dövlət qurmaq və digər bu kimi ülvi niyyətlər bəyan edilib. Müstəqil Azərbaycanın Konstitusiyasının əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanıb. Müqəddəratını sərbəst, müstəqil həll etməyi, öz idarəetmə formasını müəyyənləşdirməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edib. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə alıb, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib.

Ümumilikdə Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib. Konstitusiya insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının da üzərinə əsas vəzifə kimi qoyub.

Konstitusiyaya zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvidir. Çünki normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır.

2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərəçarpan sürətli inkişafdan irəli gəlirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 22 iyun 2002-ci il tarixli fərmanına əsasən, 2002-ci il avqustun 24-də keçirilmiş referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edilib. Edilən əlavə və dəyişikliklər Konstitusiyanın qəbulundan sonrakı dövrdə demokratiyanın sürətli inkişafından irəli gəlməklə ölkəmizin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl olunmasına, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edib. Beləliklə, Əsas Qanuna edilmiş dəyişikliklər Azərbaycan Respublikasındakı reallığı özündə əks etdirməklə ölkəmizin tərəqqisindən və gələcək yüksəlişindən irəli gəlirdi.

2002-ci ildə keçirilmiş Konstitusiya islahatından sonra respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar - sosial-iqtisadi islahatların dərinləşməsi, demokratikləşprosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. Dinamik şəkildə əldə edilən uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, onu daha da təkmilləşdirməyi vacib saydı.

2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən  referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqlədi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçilir. Respublikamızda sosial-iqtisadi inkişafla paralel şəkildə hüquqisiyasi islahatların da genişləndirilməsinə təminat yaradan bu Konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümüdür.

Referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi uğurlu  nəticələrlə qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür. Ümumxalq referendumunun nəticələri həm də təsdiqlədi ki, Azərbaycan seçicisi Konstitusiyaya edilən dəyişiklikləri həm şəxsən özünün, həm də respublikanın gələcək taleyi baxımından əhəmiyyətini düzgün dəyərləndirir.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyası ölkəmizin inkişafının başlıca təminatçısıdır. Çünki ali hüquqi sənədin normaları bəşəriyyətin uzun illər ərzində nail olduğu mütərəqqi dəyərləri özündə əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətində Əsas Qanuna istinad edərək respublikamızda ümumbəşəri demokratik dəyərlərin, qanunların aliliyinin təminatına xüsusi diqqət yetirir. Elə bunun nəticəsidir ki, ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları dolğunreal məzmun kəsb edir.

 

Rəşad İSLAMOĞLU

 

Azərbaycan. - 2014.- 24 avqust.- S. 3.