Milli və bəşəri dəyərlər naminə

 

Xeyirxahlıq, mərhəmət və humanizm bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan ali dəyərlərdən sayılır. Bu dəyərlərə tapınan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva son illərdəki əzmkar fəaliyyəti ilə məhz belə bir ucalığa yüksəlmiş, cəmiyyətdə böyük nüfuz, ən əsası isə insanların sonsuz məhəbbətini, etimadını qazanmışdır. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ilk günlərdən həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt milli genofondun qorunması, saf duyğuların ictimai şüurda möhkəmlənməsi olmuşdur.

Mehriban xanım Əliyeva nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda sevilir, rəğbətlə qarşılanır. Fondun prezidentinin hələ 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi də nəcib və humanist missiyaya beynəlxalq səviyyədə verilən ali qiymətdir. Azərbaycanın birinci xanımı son illərdə "Qızıl ürək" Beynəlxalq mükafatına, habelə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, Fransanın "Şərəf legionu" ordeninə, Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeninə, UNESCO-nun "Qızıl Motsart" medalına layiq görülmüşdür. 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalı ilə təltif olunan Mehriban xanım Əliyeva 2012-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adını almışdır. İNTERPOL-un 2011-ci ildə təsis etdiyi - "Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə" yadigar medalının bütün dünyada ilk dəfə olaraq Mehriban xanım Əliyevaya təqdim olunması da onun gördüyü işlərə verilən diqqətin parlaq bir nümunəsi kimi böyük tarixi əhəmiyyətə malikdir. Fondun prezidenti humanitar sahədəki fəaliyyətinə görə həmçinin "Birlik ulduzları" mükafatı ilə təltif edilmişdir. Azərbaycanın birinci xanımı Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən "İlin birinci xanımı" (First ledy) seçilmişdir. Bu günlərdə islam mədəni irsinin dünyada təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunmuşdur.

Dünyanın ən nüfuzlu ictimai təşkilatlarının, mədəniyyət qurumlarının Mehriban xanım Əliyevanın şəxsiyyətinə göstərdiyi bu yüksək etimad, ümumilikdə dünyanın onun timsalında Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, incəsənətimizə göstərdiyi diqqətin ifadəsidir. Bu seçimlər, eyni zamanda, birinci xanımın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə daha bir əyani sübutdur. Heydər Əliyev Fondu öz prezidentinin rəhbərliyi altında Azərbaycanda mədəniyyət diplomatiyasını mütəşəkkil, sistemli, təşkilatlanmış, müasir dövrün çağırışlarına uyğun, ən əsası, təkcə lokal çərçivədə deyil, qlobal miqyasda həyata keçirən ilk və ən böyük təşkilatdır.

Ölkə başçısı Prezident İlham Əliyev fondun fəaliyyətini yüksək qiymətləndirərək bu nüfuzlu qurumun Azərbaycan xalqını və dövlətini daim yeniləşməyə və müasirləşməyə səslədiyini xüsusi vurğulamışdır: "Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, ölkəmizin dünyaya olduğu kimi təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fondfondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür..." Bu gün xalqın yüksək məhəbbətini və inamını qazanan Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə daşıyır, böyük rəhbərin xatirəsinə layiq fəaliyyət göstərir.

 

Nəcib missiya

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dərin məzmunlu nitqlərində deyirdi ki, mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz. İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması məhz nəcib, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Belə seçilmiş insanlar pak əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edir, zəmanənin problemlərinə əsl ziyalı yanğısı, yüksək vətəndaş təəssübkeşliyi ilə yanaşırlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva fəaliyyəti ilə xalqımızın böyük inamını qazanmışdır. Azərbaycanın birinci xanımı çoxşaxəli layihələrində Heydər Əliyev ideallarını rəhbər tutmaqla yanaşı,  həm də insanlığın və bəşəriyyətin nicatına xidmət edən nəcib missiyanı əzm və ləyaqətlə həyata keçirir. Bu məsuliyyətli missiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin böyük müvəffəqiyyətlə davam etdirdiyi strateji kursun reallaşdırılmasına, bu siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri həm də Azərbaycanın bəşəri miqyasda tanınmasına, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşmasına, həmçinin respublikamızın beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət edir. Azərbaycanın birinci xanımı ingilis dilində səlis nitq söyləməklə Avropa siyasi leksikonunda ölkə həqiqətlərini dünyaya çatdırır. Çıxışlarında bəşəriyyəti sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa, qlobal problemlərin birgə həllinə səsləyən çağırışların yer alması ölkənin birinci xanımının timsalında Azərbaycan qadını haqqında dolğun təsəvvür formalaşdırır. Qadınlarımıza xas nəcibliyi, zəngin daxili mədəniyyəti, ziyalılığı, humanizmi, kübarlığı təcəssüm etdirir.

Heydər Əliyev Fondunun son illərdə Bakıda təşkil etdiyi beynəlxalq tədbirlərin əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Son illər UNESCO, ISESCO, UNICEF, BMT və digər beynəlxalq qurumlarla birgə keçirilən tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir. Həmin tədbirlərdə dini-etnik ayrı-seçkiliyin, gender bərabərsizliyinin, savadsızlığın aradan qaldırılması məsələləri, habelə səhiyyə, elm, təhsil, mədəniyyət sahəsində mühüm problemlər ətraflı müzakirə olunur.

 

Milli irsə yüksək qayğı

 

Heydər Əliyev Fondunun prezidentinin milli mədəniyyətin dünya miqyasında təbliği və qorunması naminə həyata keçirdiyi nəcib missiya son illərlə məhdudlaşmır. Xatırlatmaq lazımdır ki, hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunu yaratmış Mehriban xanım Əliyeva hələ o dövrdən məhz bu missiyanı qarşıya qoymuş, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətin inkişafına layiqli töhfələrini vermişdir.

Heydər Əliyev Fondu ötən 10 ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu ilə birgə xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi, intellektual irsin qorunması məqsədinə hesablanan müxtəlif layihələr həyata keçirmişdir. Fondun birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının, aşıq musiqisinin, Novruz bayramının UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edilməsi məhz bu əzmkar fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması olmuşdur. Albomda 24 sənətçinin muğam ifaları toplanmışdır. Şərqin əvəzsiz ifaçılarından Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfi Adıgözəlovun, Əbülfət Əliyevin ifalarında səslənən bənzərsiz muğam sənətinin nümunələri hamını heyran qoymuşdur. 2009-cu ilin martında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Festivalda dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak etmişdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2005, 2007, 2009, 2011 və 2013-cü illərdə keçirilən muğam müsabiqələri də Azərbaycanın milli sərvəti olan muğamın təbliğinə layiqli töhfədir. Bakıda - Dənizkənarı bulvar ərazisində Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi fondun qlobal mədəniyyət layihələri sırasında mühüm yer tutur. Dünyada ilk dəfə olaraq "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı bu mərkəzdə keçirilmişdir.

2011-ci ilin may ayında Azərbaycanın gənc ifaçılarının Almaniyada keçirilən "Eurovision-2011" musiqi yarışmasındakı parlaq qələbəsində fondun fəal dəstəyi, təşkilatçılıq səyləri mühüm rol oynamışdır.

Bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən növbəti VI Qəbələ Beynəlxalq musiqi festivalının yaratdığı xoş təəssüratlar isə iştirakçıların və tamaşaçıların yaddaşından hələ də silinməyib.

Bir sözlə, bu gün Azərbaycanın sözümusiqisi dünyanın ən nüfuzlu, mötəbər məkanlarında səslənir. Azərbaycan mədəniyyəti korifeylərinin yubileyləri beynəlxalq miqyasda, Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilir. Dahi bəstəkar Ü.Hacıbəylinin, akademik Y.Məmmədəliyevin, dünya şöhrətli ifaçı M.Rostropoviçin və başqalarının xatirə və anım günlərinə həsr olunmuş tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır. "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası və digər layihələr fondun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır.

Parisdə, Miluzda, Reymsdə Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin həyat və yaradıcılıqlarına həsr olunmuş sərgi və konsertlər, Ştutqartda "Azərbaycan gecəsi", BMT-nin mənzil-qərargahında, Parisdə, UNESCO-da "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərgilər, "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı, Kann, Miluz, Strasburq, Şabli, Bove, Van, La Roşel, Bordo, Evian və Leqldə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" sərgi və konserti, Vatikanda "Azərbaycanın zəngin incilərinə tarixi baxış", Fransanın San-Trope şəhərində "Azərbaycanın mədəni zənginlikləri", Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri", Londonda "Azərbaycan xalçaları ilə nağıllar aləminə", "Mən Azərbaycanı sevirəm" rəsm, UNESCO-da Azərbaycan xalçalarına həsr olunmuş sərgilər, Venesiya Biennalesində Azərbaycan pavilyonu, Hamburqda və Kölndə "Azərbaycan gecəsi", Münhendə Azərbaycan mədəniyyəti gecəsi, Romada "Azərbaycan: mədəniyyət ruzigarı" adlı mərasim, İtaliyada Azərbaycan mədəniyyəti günlərinin başa çatması ilə bağlı tədbir, Avropa Parlamentinin mənzil-qərargahında Azərbaycan mədəniyyəti günləri, Florensiyada Azərbaycan incəsənət ustalarının konserti, "San- Remo festivalının ulduzları Bakıda" konserti, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, "Eurovision" Mahnı Müsabiqəsi, UNESCO-da "Azərbaycanın gənc istedadları" konsert proqramı, Beynəlxalq Aşıq Festivalı, Bakıda, Parisdə "YARAT!" Müasir İncəsənət Məkanının "Ev. Doğma ev" mövzusunda sərgiləri, Bakıda, Londonda, Parisdə, Berlində, Moskvada, Romada, Vyanada "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgiləri və s. tədbirlər möhtəşəmliyi ilə seçilir.

Bu gün Heydər Əliyev Fondunun gördüyü işlərin analoqu yoxdur.

 

Milli həqiqətlərin carçısı

 

Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti də xüsusi vurğulanmalıdır. Fondun prezidenti Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Fond Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır.

Mehriban xanım Əliyeva Cenevrədə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında demişdir: "Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır... Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid edirik".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından fondun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində "Qarabağ həqiqətləri" bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Bukletlər toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

 

Tolerantlıq ünvanı 

 

Ölkədə etnik-millidini tolerantlığın inkişafında da Heydər Əliyev Fondunun xidmətləri müstəsnadır. Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın  inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Ölkəmiz, sözün əsl mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoqortaq məxrəc axtardığı məkana çevrilmişdir.

Fond nəinki ölkəmizdə, hətta xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını da əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Bu baxımdan 2009-cu ildə Fransanın Strasburq şəhərində Kafedral kilsəsinin bərpası ilə əlaqədar həyata keçirilmiş 1,5 milyon avroluq layihəni xüsusi qeyd etmək olar. Fondun maliyyə yardımını Azərbaycanın Avropa mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirən Strasburq şəhərinin meri R.Ris vurğulayıb ki, orta əsrlərin möhtəşəm abidəsi olan Kafedral kilsə Avropa mədəni irsinin bir parçasıdır: "Biz Heydər Əliyev Fondunun ayırdığı maliyyə yardımını gözəl jest kimi dəyərləndirir, XI əsrə aid qədim tarixi abidənin təmiri məqsədilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk".

Fondun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması da tamamlanmışdır. Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan "Or-Avner" Beynəlxalq Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakının Xətai rayonunda Azərbaycanda yaşayan yəhudi uşaqları üçün 600 yerlik orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti muzeyindən ibarət kompleks tikilmişdir.

Ümumiyyətlə, tolerantlıq nümunəsi sayılan Azərbaycan fondun xətti ilə Parisdə Versal Sarayının parkında abidələri bərpa edir, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbini yenidən inşa edir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirləşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihəyə imza atır.

Parisdə Eyfel qülləsinin yaxınlığında, ən gözəl, möhtəşəm yerdə inşa edilmiş Azərbaycan Mədəniyyət Mərkəzi bu gün müxtəlif tədbirlər həyata keçirir. Yarım il - bahardan payıza qədər turizm mövsümünün ən qızğın çağında Luvrda müsəlman ölkələrinin incəsənəti nümayiş etdirildi. Fondun təşəbbüsü ilə təşkil olunan bu möhtəşəm sərgini milyonlarla avropalı seyr etdi. Bütün bunlar UNESCO və ISESCO-nun xoşməramlı səfiri, ən iri beynəlxalq təşkilatlarda haqlı olaraq yüksək nüfuz qazanmış Mehriban xanım Əliyevanın xidmətidir.

"İnsan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən, ümdə anlayışlardır. Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir" deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqına həsr edən nurlu insanlarımızın, ziyalılarımızın yolunu uğurla davam etdirir. Hazırda dünyanın əksər nüfuzlu mətbuat orqanlarında fondun reallaşdırdığı layihələrlə bağlı tez-tez dərc olunan materiallar Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq aləmdə nə qədər diqqətlə izləndiyini və böyük rəğbətlə qarşılandığını göstərir. Azərbaycanın birinci xanımı bütün dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. Çünki insan amilinin yüksəlişinə hesablanmış bu layihələr ilk növbədə Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti İlham Əliyevin vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin təzahürüdür. Mehriban xanım Əliyeva millətin gələcəyinə hesablanmış bu xoşməramlı missiyanı uğurla davam etdirir, milli intibah prosesinə yeni və dəyərli töhfələrini verir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 1-2.