Azərbaycan mühüm tranzit ölkəsi kimi mövqeyini möhkəmləndirir

 

Bunun üçün ölkə ərazisində çoxsaylı beynəlxalq və yerli layihələr həyata keçirilir

 

Azərbaycanın əlverişli coğrafi mövqeyi onu dünyanın mühüm trazit ölkəsinə çevirib. Ölkəmiz Avropadan Şərqə, Cənubdan Şimala gedən bütün nəqliyyat infrastrukturunun qovşağı funksiyasını yerinə yetirir. Tarixi İpək yolunun bərpasının da təşəbbüskarı biz olmuşuq. Bununla bərabər Azərbaycan Avropaya enerji daşıyıcılarının ötürülməsində də tranzit ölkə kimi strateji əhəmiyyətə malikdir. İmkanlarımız təkcə öz enerji resurslarımızı Qərbə ötürməklə bitmir. Eyni zamanda, Xəzər dənizinin Şərq sahilində olan neftqaz resurslarının Avropa bazarına ixrac edilməsində də əhəmiyyətli ölkəyik. Bunun nəticəsidir ki, son bir neçə ildə ölkəmizin beynəlxalq aləmdə iqtisadi nüfuzu ilə bərabər, siyasi çəkisi də artıb.

Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin gerçəkləşməsinə Azərbaycana düşmən münasibət göstərən bir çox qüvvələr mane olmaq istədilər və maliyyələşməsinə əngəl törətdilər. Prezident İlham Əliyev öz qəti mövqeyini ortaya qoyaraq layihənin Azərbaycan və Gürcüstana aid hissəsinin maliyyələşməsini ölkəmizin vəsaiti hesabına həyata keçirilməsi barədə qərar qəbul etdi. Artıq bu nəhəng layihə başa çatmaq üzrədir. Proqnozlara görə, gələn ildən bu marşrutla yük daşınmasına başlanacaq. Layihənin əhəmiyyəti barədə onu demək kifayətdir ki, Avropadan Asiyaya yüklərin daşınmasında min kilometrlərlə yol qısalacaq, məhsul ixracının maya dəyəri aşağı düşəcək. Beləliklə, ölkəmiz Avropa ilə Asiyanın idxalixrac əməliyyatlarının həyata keçirildiyi mühüm tranzit ölkəsi olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun yüksək səviyyədə fəaliyyət göstərməsində Ələt Beynəlxalq Dəniz Limanı xüsusi əhəmiyyətə malikdir. Yaxın vaxtlarda bu limanın tikintisinin birinci mərhələsi tamamlanmalıdır. Ələt limanı Xəzər dənizində beynəlxalq əhəmiyyətli ən böyük dəniz limanı olacaq. Limanın fəaliyyətə başlaması Avropadan Asiyanın şərq və cənubuna transit yüklərinin göndərilməsini asanlaşdıracaq.

Qeyd etdiyimiz kimi, ölkəmiz enerji daşıyıcılarının tranziti sahəsində önəmli rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən Azərbaycanla bərabər Orta Asiyanın digər dövlətləri də istifadə edir. Ancaq ölkəmiz bununla kifayətlənmir, neft və qazın nəqlindən şaxələnmiş infrastruktur layihələrinə üstünlük verir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayaraq demişdir: "Bu altı ayda neft-qaz sahəsində, xüsusilə "Cənub" qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başa çatmışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. "Cənub" qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - "Şahdəniz-2", TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadienerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihələrin ixracı nəticəsində bundan sonra ən azı 100 il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır". 

Hazırda ölkə ərazisində magistral yolların tikintisi uğurla davam edir. Son vaxtlar bu sahədə görülən işlərin keyfiyyətinə də önəm verilir. İndi nəinki magistral yollar, kəndlərarası yollar da beynəlxalq standartlara uyğun tikilir. Bu sahəyə son dövrlər böyük məbləğdə vəsait ayrılır. Prezident tərəfindən hər ay müxtəlif bölgələrdə kəndarası yolların tikilməsinə vəsait ayrılması barədə sərəncam verilir. Bölgələrdə icra edilən belə infrastruktur layihələri onların iqtisadi inkişafına da səbəb olur. Belə ki, abad yolu olan kəndlərdə turizm sürətlə inkişaf edir yerli əhalinin məşğulluğunu təmin edir.

İnfrastruktur layihələrinin icrası yük sərnişin daşımalarının ildən-ilə artmasına təkan verir. Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd edilir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində 124,9 milyon ton yük daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Daşınan qeyri-neft yüklərinin həcmi isə artıb - 3,6 faiz. Nəqliyyat vasitələri ilə daşınan yüklərin 56,2 faizi avtonəqliyyat, 29,4 faizi boru kəməri, 9,8 faizi dəmir yolu, 4,6 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib. Bu sektorda da qeyri-dövlət müəssisələrinin fəaliyyəti daha aktivdir. Belə ki, hesabat dövründə özəl bölmədə yükdaşımanın həcmi 4,8 faiz artaraq ümumi yükdaşımasının 75,8 faizini təşkil edib. Həmin dövrdə nəqliyyatçılar 1 milyard nəfərə (ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox) sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,4 faizi avtomobil, 12,3 faizi metro nəqliyyatının xidmətlərindən istifadə edib.

Yanvar-iyul ayları ərzində dəmir yolu ilə daşınan yüklər 12,2 milyon, dəniz nəqliyyatı ilə daşınan yüklər isə 5,7 milyon ton təşkil edib. Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatıdır. Bu dövrdə avtomobil nəqliyyatı ilə 70,2 milyon ton yük, 878,4 milyon sərnişin daşınıb. Hava nəqliyyatı ilə sərnişin daşınmasında 6 faiz artım müşahidə edilib. Magistral neft kəmərləri ilə 27,6 milyon ton neft nəql edilib ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım qeydə alınıb. Nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri ilə həyata keçirilib. Magistral qaz kəmərləri ilə hesabat dövründə 12,7 milyard kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çoxdur.

Ölkəmizdə nəqliyyat infrastrukturunun daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər uğurla davam etdirilir. Məqsəd, qeyd etdiyimiz kimi, dünyanın ən mühüm strateji tranzit ölkələri sırasına qoşulmaqdır. Həyata keçiriləcək yeni layihələr bizi bu istəyimizə çatdıracaq. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında demişdir: "Nəqliyyat sektorunun inkişafı ilə bağlı demək istəyirəm ki, yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni avtovağzal kompleksi istifadəyə veriləcəkdir. Bu, dünya miqyasında ən gözəl avtovağzal komplekslərinin arasında olacaqdır, həm xarici görünüşü, həm daxili rahatlığı çox gözəldir, ən yüksək standartlara cavab verir. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər artıq adi hal alıbdır, əlbəttə, bu aeroportun ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaqdır. Bu, ölkəmizə bir giriş qapısıdır. Əlbəttə, yeni aerovağzal kompleksinin tikintisi hesab edirəm ki, tarixi hadisədir".

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 3.