Yeni dərs ilinə xoş əhval-ruhiyə ilə başlayacağıq

 

“Tezliklə İsmayıllı, Qəbələ və Şəki rayonlarının füsünkar təbiəti, tarixi yerləri ilə tanış olacağıq. Şagirdlərlə səfərə çıxmaq mənim arzum idi. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Evoğlu kənd tam orta məktəbin IX sinif şagirdi Nurlan Məhərrəmli AzərTAc-a müsahibəsində deyib. O bildirib ki, tur-aksiya cəbhə xəttində yerləşən Tərtər rayonunun məktəbliləri üçün daha çox əhəmiyyətlidir. Bu səfər sayəsində gərginlikdən çıxaracaq, yeni dərs ilinə xoş əhval-ruhiyə ilə başlayacağıq”.

Tərtər şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Murad Həsənzadə tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini söyləyib: “Bu günü səbirsizliklə gözləmişəm. Gəzəcəyim hər yer, görəcəyim hər şey mənim üçün böyük yeniliklər olacaq”.

Umudlu kənd tam orta məktəbin XI sinif şagirdi Nigar Zeynalzadə isə fikirlərini belə ifadə edib: “Bu səfərin əhəmiyyəti mənim üçün böyükdür. Oxuduqlarımı, eşitdiklərimi əyani şəkildə görmək imkanı qazandığıma görə çox sevinirəm. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

 

Azərbaycan. - 2014.- 23 avqust.- S. 8.