Binəqədidə dini icmaların nümayəndələri ilə görüş keçirilib

 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirilib.

AzərTAc xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov görüşdə çıxış edərək cəmiyyətdə mənəviyyat sisteminin özəyini təşkil edən dini dəyərlərə dövlət qayğısından danışıb. O, rayonun ictimai-siyasi vəziyyətinin tərkib hissəsi kimi dini vəziyyətin də daim nəzarətdə saxlanıldığını bildirib. İcra başçısı yad ideyaların təsirində formalaşmış, millilikdən uzaq, millidini birliyimizə xələl gətirən təbliğatlara qarşı hər kəsin, xüsusilə din xadimlərinin ayıq-sayıq olmasının, dini təbliğatı sağlam əsaslar və mənəviyyat üzərində qurmağın vacibliyini diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müstəqilliyin bərpasından sonra Azərbaycanda dini dəyərlərimizə qayıdışın baş verdiyini söyləyib. Bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışan sədr Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işlərdən də söhbət açıb.

M.Qurbanlı qeyri-ənənəvi və zərərli dini təbliğatların qarşısının alınmasında din xadimlərinin rolunun vacibliyini qeyd edib.

Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov Binəqədi rayonundakı dini vəziyyət barədə məlumat verib.

Rayon dindarları adından çıxış edən Şabala Əliməmmədov və Musa İbrahimov dini dəyərlərimizə göstərilən dövlət qayğısını qeyd ediblər və buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan. - 2014.- 24 avqust.- S. 2.