Səfəriniz uğurlu olsun, əziz balalar

 

Cəbhə bölgəsi olan Tərtərdə 22 avqust səhəri xoş əhval-ruhiyyə ilə açılır. Səhər tezdən olsa da, şəhərin mərkəzi meydanı qələbəlikdir. Meydana toplaşanların əksəriyyəti məktəblilərdir. Bu gün 40 nəfər tərtərli şagirddən ibarət qrup "Azərbaycanı tanıyaq" layihəsinə uyğun olaraq respublikamızın dilbər guşəsi olan İsmayıllı, Qəbələ, Şəki bölgəsinə yola salınır.

Məktəblilər yolasalma mərasiminin iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər qızılgüllər qoyurlar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəblilər qarşısında çıxış edərək deyir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan hər kəs tərəfindən bəyənilən "Azərbaycanı tanıyaq" layihəsi dövlət gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc yeniyetmələrin vətənpərvərlik tərbiyəsini daha da gücləndirməyə hesablanmışdır. Dövlət başçısının yetişməkdə olan gənc nəslə davamlı qayğı diqqəti müstəqil Azərbaycanın sabahını doğma vətənini canından artıq sevən, yüksək biliyə, müasir intellektual səviyyəyə malik gənclərə etibar etmək  kimi şərəfli bir məqsəddən qaynaqlanır.

İcra başçısı məktəblilərə uğurlu səfər, zəngin təəssürat arzulayır.

Baxışlarından fərəh süzülən uşaqların sevincini bölüşürük. Tərtər şəhəri 2 saylı liseyin IX sinif şagirdi Murad Həsənzadə fikirlərini həvəslə söyləyir:

- Neçə vaxtdır ki, bu günü səbirsizliklə gözləyirəm. Şanlı tarixə malik vətənimizi qarış-qarış gəzmək, özündə əsrlərin sirrini qoruyub saxlayan tarixi abidələrimizi görmək, ayrı-ayrı bölgələrin adət-ənənələrini öyrənmək arzusundayam. Prezident İlham Əliyevin  "Ölkəmizi tanıyaq" layihəsində mənim yer almağım sanki arzu istəklərim qarşısında yaşıl işıq yandırdı...

Umudlu kənd orta məktəbinin XI sinif şagirdi Nigar Zeynalzadənin dedikləri:

- Ailəmiz Tərtərdə məcburi köçkün kimi məskunlaşıb. Doğma Ağdərə rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Mənim üçün torpaq sevgisi, vətən anlayışı çox müqəddəsdir. Gənclərin himayədarı olan Prezident İlham Əliyevin bizlərə ən böyük tövsiyəsi vətəni sevmək, onun şərəfini qorumaqdır. Mən əminliklə deyirəm ki, qanımıza, canımıza hopmuş vətən sevgisi bu səfərdən sonra daha da artacaq.

Səfərdə məktəbliləri müşayiət edəcək nəzarətçi müəllim Məmməd Məmmədli deyir ki, qarşıda uşaqları maraqlı görüşlər gözləyir. Məktəblilərin dünyagörüşündə bu səfərin mühüm rol oynayacağı şübhəsizdir.  Şagirdlərin təhlükəsizliyi, rahatlığı, normal qidalanması, mənalı istirahəti üçün əvvəlcədən zəruri tədbirlər görülmüşdür.

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2014.- 24 avqust.- S. 5.