Müasir islam aləminin nüfuzlu liderlərindən biri

 

Uca Allahın Azərbaycan xalqına bəxş etdiyi dəyərli şəxsiyyətlərdən biri, geniş miqyasda tanınan, çağdaş dünyamızın ən nüfuzlu dövlət və din xadimləri tərəfindən ehtiramla qəbul olunan Allahşükür Paşazadəni xüsusi təqdim etməyə, zənnimcə, lüzum yoxdur. İslam tarixinin mahir bilicilərindən olan şeyxülislam görkəmli din xadimi olmaqla yanaşı, həm də tanınmış ictimai xadim kimi fəaliyyət göstərir.

Ulu öndər Heydər Əliyevin bu şəxsiyyət barədə aşağıdakı fikirləri onu bariz şəkildə səciyyələndirir: "Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. Paşazadənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayış etdirdi".

İnkarolunmaz həqiqətdir ki, müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olunması və onun təməllərinin möhkəmləndirilməsi işində Şeyxülislam Allahşükür Paşazadə daim ulu öndərin  ən yaxın silahdaşlarından olmuş, bütün dövrlərdə Heydər Əliyev şəxsiyyətinə olan dərin ehtiram və inamını birmənalı şəkildə açıqlamış, onu Azərbaycanın xilaskarı kimi qəbul etmişdir. Dahi şəxsiyyət Heydər Əliyevi özü üçün böyük örnək sayan şeyxülislam səmimi olaraq özünün uğurlarını da bu böyük şəxsiyyətin Azərbaycan naminə müdrik siyasəti ilə bağlayır və Azərbaycanın səadətini ulu öndərin yolunu davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərinə böyük önəm verən zati-aliləri İlham Əliyevin rəhbərliyində görür. A.Paşazadə dünya miqyasında dinlərarası dialoq prosesinin fəal müdafiəçisi, bu istiqamətdə fəal iş aparan, tolerantlıq, multikulturalizm idayalarının yorulmaz təbliğatçısı kimi çıxış edir.

* * *

Allahşükür Paşazadənin Azərbaycan xalqının ən ağır günlərində - qanlı Yanvar hadisələri zamanı göstərdiyi fədakarlıq hamımızın yaxşı yadındadır. Həmin vaxt bariz şəkildə aydın oldu ki, ali dini rəhbərimiz xalq naminə canından belə keçməyə hazırdır. İstər müharibənin ən ağır dövrlərində, istərsə də dövlətçiliyimizin daxildən sarsıldılmasına yönələn zərbələrin dəf olunması məqamlarında şeyxülislam heç nədən qorxmadan, çəkinmədən ön cəbhələrdə, ön sıralarda olmuşdur.

Şeyxülislam həzrətlərinin fəaliyyətinin ən məhsuldar dövrü Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrə təsadüf edir. 70 illik ateist rejiminin çökməsindən sonra Azərbaycanda islam dininin intibahında, dini həyatın düzgün məcraya yönəldilməsində Allahşükür Paşazadənin zəhməti olduqca böyükdür.

İlk növbədə qeyd etmək lazımdır ki, məhz Allahşükür Paşazadənin şəxsi iradəsi və təşkilatçılıq bacarığı sayəsində postsovet məkanında yalnız Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətini nəinki davam etdirməyə, hətta nüfuz dairəsini genişləndirməyə nail ola bildi. Belə ki, Azərbaycan Qafqazın dini mərkəzi olaraq qəbul olunur.

Azərbaycan dünyada tolerantlıq mücəssəməsi, başqa ölkələr üçün örnək ola biləcək nümunə kimi tanınır. Bunu, ən nüfuzlu dövlət və din xadimləri, o cümlədən Roma Papası II İohan Pavel, Moskva və bütün Rusiya patriarxları II Aleksi, Kiril, Ümumgürcüstan Patriarxı II İliya və başqaları dəfələrlə vurğulamışlar. Məhz şeyxülislamın təşəbbüsü ilə 2004-cü ildə Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dinlərarası Şurası təsis olunmuşdur ki, bu qurumun da həmsədrləri patriarx II Aleksi və şeyxülislam Allahşükür Paşazadə həzrətləri  seçilmişlər. 2009-cu ildən şeyximiz MDB Müsəlmanları Məşvərət Şurasının sədridir.

Dini-ictimai xadim kimi, beynəlxalq aləmdə malik olduğu böyük nüfuzdan istifadə  edərək Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan həqiqətlərini, Qarabağ probleminin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə ən yüksək xitabət kürsülərindən çatdırmış, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi üçün böyük işlər görmüşdür.

Din-dövlət münasibətlərinin düzgün məcraya yönəldilməsi, vətəndaş birliyinin təmin olunması, cəmiyyətdə dini-mənəvi sabitliyin qorunub saxlanılması işində Şeyxülislam Allahşükür Paşazadənin rolu əvəzolunmazdır. Azərbaycanın dövlət maraqlarının təmini işinə Şeyxin töhfələrindən biri də ölkəmizin dünyada müsəlman dövlətlərinin ən nüfuzlu qurumu olan İslam Konfransı Təşkilatına (hazırda - İslam Əməkdaşlıq Təşkilatı) üzv qəbul olunması ilə bağlı səy göstərməsi olmuşdur. Sovet dövləti dağılan ərəfədə keçmiş sovet müsəlman respublikaları arasında birinci olaraq Azərbaycanın İslam Konfransı Təşkilatına üzv qəbul olunmasında şeyxin şəxsi nüfuzu böyük rol oynadı. Hörmətli şeyximiz Ermənistanın Azərbaycana təcavüzünün nəticəsi olaraq işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı dünya dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayaraq Ermənistanın işğalçılıq siyasətinə hüquqi qiymət verməyə, dünyanın ən böyük əşrəfi olan insana və onun faciəsinə biganə qalmamağa çağırmış, bu problemin sülh yolu ilə həll olunmasına var qüvvəsi ilə çalışmış və çalışmaqdadır.

Şeyxülislam Allahşükür Paşazadə sülhpərvər missiya daşıyıcısı olaraq hər zaman dünyanın ən mötəbər kürsülərindən uca Allahın buyurduqlarını, sülh, ədalət, insanlar arasında xoş münasibətlərin carçısı olmuşdur. Onun xalqımızın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdən etibarən ərazi münaqişəsinin dinlərarası münaqişə müstəvisinə keçməsinə imkan verməmək üçün göstərdiyi səylər, bölgənin dini liderləri ilə keçirdiyi görüşlərin əhəmiyyəti, həqiqətən, misilsizdir.

Şeyx həzrətləri heç zaman respublikamızın, regionumuzun, beynəlxalq aləmin taleyüklü məsələlərinə biganə qalmamış, ümummilli problemlərimizlə bağlı seyrçi mövqe tutmamışdır. 1990-cı ilin 20 Yanvarında azğınlaşmış sovet ordusu silahsız xalqımıza divan tutanda bu qanlı faciə ilə əlaqədar ilk etiraz səsini qaldıranlardan biri məhz şeyx həzrətləri oldu. Hacı Allahşükür Paşazadənin əli xalqımızın günahsız qanına batmış Qorbaçova göndərdiyi məşhur müraciəti o zaman bir bomba kimi partlayıb bütün dünyada əks-səda verdi. Şeyximizin "Azərbaycan xalqı ilə silah gücünə danışmaq olmaz!" kəlamı az sonra özünü necə də doğrultdu...

Çeçenistana qarşı hərbi əməliyyatlar başlamamışdan əvvəl şeyx həzrətləri Rusiya rəhbərliyini bu fəlakətli addımdan çəkindirməyə çalışaraq ona "Rusiya Qafqazda hörməti silah gücünə deyil, ağlın gücü ilə qazana bilər! Və məhz indi, Çeçenistan Respublikası üzərində qara buludlar topalaşdığı, tammiqyaslı müharibə təhlükəsi yarandığı vaxtda Rusiya keçmişdə Qafqaz xalqlarına qarşı etdiyi tarixi ədalətsizlikləri aradan qaldırmaq niyyətində olduğunu sübut etməlidir", - deyə müraciət etdi. Tarix qısa bir zaman kəsiyi ərzində bu fikrin gerçəkliyə istinad edən bir həqiqət olduğunu sübuta yetirdi.    

1980-ci ildə Qafqaz müsəlmanlarının qurultayında  seçildiyi gündən bu vaxta qədər Şeyxülislam Allahşükür Paşazadə bölgənin bütün müsəlmanlarının mənafeyini yüksək səviyyədə təmsil etmiş, hamının inam və rəğbətini qazana bilmişdir. Bu sahədə xidmətlərini nəzərə alaraq Qafqaz müsəlmanları ona Qafqazın ömürlük şeyxülislamı olmaq etimadını göstərmişlər.

* * *

Mən Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini 1979-cu ildən tanıyıram. Həmin il Liviyada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Hər ikimiz  nümayəndə heyətinin tərkibində idik. Səfər əsnasında bu xoşsifət, gülərüz, mülayim təbiətli, hazırcavab gənclə yaxından tanış olub dostlaşdım. O zaman Hacı Allahşükürün otuz yaşı var idi və o, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini vəzifəsində çalışırdı. Bir o qədər çəkmədi ki, elə həmin il Hacı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri - şeyxülislam seçildi və beləliklə də onun çoxcəhətli fəaliyyəti üçün geniş meydan açıldı. O zamandan etibarən mən şeyx həzrətləri ilə birlikdə bir sıra xarici ölkələrdə olmuş, elmi-dini konfrans və simpoziumlarda iştirak etmişəm.

Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, hörmətli şeyximiz xaricdə, xüsusilə müsəlman ölkələrində yüksək nüfuza malik din xadimlərindən biridir. Xaricdəki görkəmli müsəlman alimlərindən birinin təbirincə desək, müasir islam aləminin parlaq ulduzlarından olan Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan din xadimlərini beynəlxalq aləmdə ləyaqətlə təmsil edən şəxsiyyətdir.

Hörmətli şeyximiz iti məntiqi, hadisələrin mahiyyətini gözəl dərk edib onların dərinliyinə nüfuz edə bilməsi, müxtəlif səbəblərin doğura biləcəyi nəticələri əvvəlcədən görməsi qabiliyyəti ilə həmişə müsahibini maqnit kimi özünə çəkir. Şeyx həzrətləri bu və ya digər sanballı yığıncaqda görünən kimi iştirakçıların çoxu onun başına toplaşıb fikir mübadiləsi edir, bir çox məsələ barəsində onun rəyini öyrənmək istəyir. Çünki Allahşükür Paşazadə müsahiblərinə həmişə qiymətli məsləhətlər verir, mürəkkəb vəziyyətlərdən çıxış yollarını göstərir.

Keçmiş Sovet İttifaqında, eləcə də indi müstəqil Azərbaycan cümhuriyyətində din dövlətdən ayrı olsa da, Hacı Allahşükür Paşazadə görkəmli din xadimi olmaqla yanaşı, həm də bacarıqlı ictimai xadim, respublikamızın elmi-ictimai həyatında fəal iştirak edən bir insandır. Bəzən xaricdə dövlət səviyyəsində çətin həll olunan, yaxud müşkülə düşən məsələlər şeyximizin o işə qatılması sayəsində asanlıqla öz həllini tapır.

İslam aləmində din tarixinə dair bir çox sanballı monoqrafiyaların müəllifi kimi tanınan Şeyxülislam Allahşükür Paşazadə tarix elmləri doktoru, İordaniya Kral Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin professorudur. Onun "Qafqazda islam", "İslamda ümmət və şüubilik", "Quranın təfsiri və tərcümə tarixi" kitabları Azərbaycan islamşünaslığına qiymətli töhfədir.

Şeyximiz həm də gözəl təşkilatçılıq qabiliyyətinə malik bir din xadimidir. Belə ki, 1991-ci ildə SSRİ dağılandan sonra onun tərkibindəki regionlarda, müttəfiq respublikalarda və muxtar qurumlarda fəaliyyət göstərən ruhani idarələrinin əksəriyyəti parçalanıb öz müstəqil varlığını itirdiyi, ciddi təbəddülata məruz qaldığı halda, Qafqaz Müsəlmanları İdarəsi şeyximizin səmərəli, çevik təşkilatçılıq fəaliyyəti nəticəsində nəinki öz varlığını qoruyub saxlamış, əksinə, müstəqil bir təşkilat kimi əməli iş və təsir dairəsini daha da genişləndirmiş və postsovet məkanında ən nüfuzlu dini idarəyə çevrilmişdir. Biz hələ möhtərəm şeyximizin dünyanın müxtəlif nüfuzlu islam təşkilatlarında tutduğu vəzifələr, üzvü seçildiyi yüksək elmi qurumlar (məsələn, İordaniya Kral Akademiyası kimi) barəsində danışsaq, çox böyük bir siyahı əmələ gələr. Şeyxülislam Allahşükür Paşazadə bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya İslam Xalq Rəhbərliyi, Avrasiya Şurası, "Vicdana çağırış" Beynəlxalq Fondunun və s. rəhbərliyində təmsil olunur.

Şeyx həzrətlərinin fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Qafqaz Xalqları Ali Dini Şurasının sədri kimi Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınması, "Qafqaz evi" çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir.

Hacı Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi təmsil olunduğu bütün qurum və təşkilatlarda xalqımızın marağını ən yüksək şəkildə qoruyur və onların haqq işini müdafiə edir. Mötəbər beynəlxalq konfransların ən yüksək xitabət kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını təlqin edir. Tolerantlıq ideyasını ardıcıl təblig edərək postsovet məkanında xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daima xoş məram nümayiş etdirib, əməli fəaliyyət göstərir.

Azərbaycanda dini mərasimlər içərisində xüsusi önəm daşıyan Aşura mərasimi ilə bağlı şeyximizin uğurlu təşəbbüsü müasir islam mənəviyyatı tarixində xüsusi yer tutur. Belə ki, Aşura günlərində irsi qan xəstəliklərindən əziyyət çəkən insanların, xüsusilə talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində təmənnasız qan verilməsi aksiyalarının təşkili və həyata keçirilməsi onun adıyla bağlıdır.

Hacının çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycanın ali dövlət mükafatları olan "Şöhrət", "İstiqlal", "Şərəf" ordenləri ilə təltif olunmuşdur.

Şeyxülislam Allahşükür Paşazadənin islamın təbliği ilə bağlı xidmətləri Azərbaycandan kənarda - dünyanın böyük dövlətləri və dini qurumları tərəfindən yüksək qiymətləndirilmişdir. O, Misirin I dərəcəli "Əl-elm və əməl", Çeçenistan Respublikasının "Millət qəhrəmanı", Rus Pravoslav Kilsəsinin I dərəcəli  "Müqəddəs Vladimir", RF Çeçenistan Respublikasının "Çeçen qəhrəmanı", Gürcüstan Respublikasının "Şərəf", Rus Pravoslav Kilsəsinin I dərəcəli "Sergi Radonejski",  Vatikanın "Müqəddəs Qreqori", Rusiya Federasiyasının "Dostluq", İordaniya Krallığının I dərəcəli  "Kral Hüseyn" ordenləri ilə təltif olunmuşdur.

Bu gün şeyximiz Azərbaycan xalqının taleyi ilə bağlı nəinki müsəlman aləmində, hətta dünyada gedən ictimai-siyasi proseslərin, qlobal məsələlərin həllində yaxından iştirak edir və bu yolda var qüvvəsini əsirgəmir. O, bir şeyxülislam kimi müsəlmanların önündə gedir və dindarları öz ardınca aparmağı bacarır.

* * *

Hacı Allahşükür Paşazadə elmi sevən, onu yüksək qiymətləndirən, həqiqi alimlərə xüsusi hörmət bəsləyən, onların biliyini və əməlini layiqincə dəyərləndirən, əməllərindən bəhrələnən, əlindən gələn köməyi əsirgəməyən din xadimidir.

İşinin çox olmasına, tez-tez xarici ölkələrə səfər etməsinə baxmayaraq, şeyx həzrətləri əlinə boş vaxt düşən kimi mütaliə ilə, mütəmadi olaraq öz elmi səviyyəsini yüksəltməklə məşğul olur. Burada onu da qeyd etmək istərdim ki, Hacı Allahşükürün Buxarada, Daşkənddə təhsil aldığı illərdə kəsb etdiyi güclü elmi potensial onun iştirakçısı olduğu yüksək səviyyəli məclislərdə həmişə özünü büruzə verir.

Dini-mənəvi dəyərlərin təbliğində şeyx həzrətlərinin xidməti böyükdür. Yeri gəlmişkən qeyd etmək istərdim ki, 1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın yaranması da məhz Hacı Allahşükür Paşazadənin adı ilə bağlıdır. 1989-cu ildən Qafqaz Müsəlmanları İdarəsi nəzdində böyük çətinliklə təsis etdirdiyi mədrəsə 1991-ci ildən İslam İnstitutu, sonradan isə Bakı İslam Universitetinə çevrildi. Şeyxülislamın hələ sovet dövləti çökməmişdən atdığı bu dəyərli addım hazırda Azərbaycan üçün ali savadlı din xadimlərinin hazırlanması işinə təkan, dini-mənəvi dəyərlərin təbliği işinə böyük töhfə oldu.

Şeyximiz həm də fəal xeyriyyəçi, comərd insandır. Onun bir əli, necə deyərlər, həmişə kasıb-kusubun, yeni ailə quranların, qaçqın və köçkünlərin, yurd-yuvasından didərgin düşmüş insanların üstündədir.

Hacı Allahşükür Paşazadə eyni zamanda etibarlı dost, mehriban ata, nəvazişli baba, qayğıkeş ailə başçısıdır. Onun çox gözəl, dəyərli bir müsəlman ailəsi vardır.

Hacı Allahşükür Paşazadə haqqında çox danışmaq, çox yazmaq olar. Onun həyat və fəaliyyəti barədə onlarla kitab işıq üzü görmüşdür. Əminəm ki, şeyxülislamın bundan sonra da görəcəyi işlər hələ çoxdur. Şeyx həzrətlərinin  ölkəmizdə, bölgədə ənənəvi dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişaf etdirilməsinə dair gözəl niyyətləri var. Möhtərəm şeyximizə Allah-taaladan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərində yeni-yeni uğurlar diləyirəm!

     

Vasim MƏMMƏDƏLİYEV,

Akademik

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 5.